17/10/2018 01:33
728 x 90

İşğaldan azad edilmiş Günnüt və Cocuq Mərcanlı kəndlərimizin dünyaya mesajları…

img

Qabil Hüseynli: “Bununla Azərbaycan dünyaya sübut edir ki, biz öz tarixi torpaqlarımızı mütləq geri qaytaracağıq”
Şair Ramaldanov: “Bu bizim torpaqlarımızın azadlığı üçün atdığımız addımlardır və bundan sonra da bu addımlarımız davam edəcək”

 

Naxçıvanda 11 min hektardan artıq ərazi və Şərurun Günnüt kəndinin düşməndən azad edilməsi ilə bağlı xəbərlər öz təsdiqini rəsmən tapmış oldu. Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun Mətbuat xidmətindən məlumat verilib ki, artıq 26 illik yurd həsrəti sona çatan kənd camaatı doğma yurdlarına qayıdıb, yaxınlarının məzarlarını ziyarət ediblər. Günnüt məzarlığında 26 il sonra Quran oxunub.

Ötən əsrin 90-cı illərində Şərur rayonunun Sədərək, Günnüt, Havuş və Şahbulaq kəndləri aramsız düşmən hücumlarına məruz qalırdı. Həmin vaxt işğal edilən Şərur rayonunun Günnüt kəndində yaşayış binaları, o cümlədən bir çox sosial obyektlər dağıdılıb, qaynar həyatın hökm sürdüyü qədim yaşayış yerimiz erməni vandalları tərəfindən xarabalığa çevrilib. Kəndin yaşayış evləri ilə birlikdə məktəbi, tibb məntəqəsi, kitabxanası, eləcə də qəbiristanlığı və məscidi dağıdılıb, kənd camaatı rayonun digər yaşayış məntəqələrinə, əksəriyyəti isə Mahmudkəndə köçməyə məcbur qalıb.

Bildirilir ki, həmin istiqamətdə ordumuz daha əlverişli mövqelərə sahiblənib, “Xunut” dağı və “Ağbulaq” yüksəkliyi, daha sonra isə “Qızılqaya” dağı və “Mehridağ” işğaldan azad edilərək nəzarət altına keçib. Ümumilikdə, 11 min hektara yaxın ərazi nəzarət altına alınıb. Bu ərazinin isə 8 min hektardan artığı əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir. Qeyd edək ki, son illər ərzində bu, Azərbaycan Ordusunun işğaldan azad etdiyi ikinci kənddir. Cocuq Mərcanlıdan sonra günnütlülərin öz tarixi torpaqlarına qayıtması bizə qabaqdakı qələbənin müşdəsini verir. Bu iki kəndi dalbadal olaraq işğaldan azad etməklə Azərbaycan dünyaya hansı mesajları vermiş oldu?

Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Azərbaycan Ordusu düşmənin xain hərəkətlərinin qisasını bir gün alacaqdı: “Aparılan ciddi hazırlıqlardan sonra növbəti əməliyyat da uğurla nəticələndi. Əməliyyat təkcə Günnüt deyil, daha iki kəndin tutduğu əraziləri əhatə edib. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun hərbi birləşmələrinin döyüşçüləri çox böyük qəhrəmanlıqla üç gün davam edən əməliyyatlar nəticəsində 11 min hektar ərazini ermənilərdən azad etdilər. Ermənilər həmin ərazidə çox az sayda hərbi postlar qurmuşdular, ona görə də buranı neytral bölgə adlandırırdılar. Bütün bunlara baxmayaraq, döyüş əməliyyatları başlayan zaman əraziyə Ermənistan ordusunun yeni dəstələri də cəlb edilmişdi. Ancaq Naxçıvan Əlahiddə Qoşunu müasir döyüş üsulları və texnikası hesabına qısa müddətdə erməniləri geri oturtdu. Nəticədə Ermənistanın nəzarət etdiyi, əslində isə Naxçıvana məxsus olan və Günnüt kəndi də daxil olmaqla sonradan neytral zona kimi tanınan ərazilər azad olundu.

Strateji əhəmiyyət kəsb edən yüksəkliklər silsiləsinin geri qaytarılması Azərbaycan üçün çox böyük önəm daşıyır.

“Naxçıvanın itirilmiş ərazilərinin geri qaytarılması həm də Azərbaycan Ordusunun yeni döyüş yüksəkliklərinə sahiblənməsi prosesini təmin edir. Bəli, bu, Cocuq Mərcanlıdan sonra azad edilən kəndimizdir. Bununla Azərbaycan dünyaya sübut edir ki, biz öz tarixi torpaqlarımızı mütləq geri qaytaracağıq. O gün uzaqda deyil. Konkret faktla sübut olunur ki, Azərbaycan Ordusu qarşıya qoyulan istənilən tapşırığın öhdəsindən gəlməyə qadirdir”.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov isə hesab edir ki, Günnüt kəndinin işğaldan azad edilməsi torpaqlarımızın işğaldan azad edilməsi üçün atdığımız növbəti addımdır və bunu bütün dünya ictimaiyyəti görür: “Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi ilə bağlı öz fikirlərini bildirib. Naxçıvanın Günnüt kəndinin işğaldan azad edilməsi üçün operativ texniki kəşfiyyat  tədbirləri görərək, ordumuz erməniləri o postlardan geri çəkilməyə məcbur etdi. Günnüt kəndi azad edildikdən sonra strateji yüksəkliklər də ordumuzun nəzarəti altına keçdi. Həmin yüksəkliklər imkan verir ki, ordumuz erməni ordusunu nəzarətdə saxlasın. Hətta İrəvana gedən yol da oradan müşahidə olunur. Hesab edirəm ki, bunun əhəmiyyəti çox böyükdür. Mənəvi cəhətdən bu cür əhəmiyyətlidir ki, azad olunan hər bir qarış torpağımız bizim üçün çox böyük bir sevincə çevrilib. Digər tərəfdən isə orada yaşamış insanların yenidən kəndlərinə qayıtması üçün tədbirlər görülür. Günnüt kəndi də Cocuq Mərcanlı kəndi kimi inkişaf edəcək. Hazırda kəndə təhlükəsizlik tədbirləri görülməkdədir və bu tədbirlər yekunlaşıb. Bundan sonra Günnüt kəndində yenidənqurma işləri aparılacaq və kənd sakinləri öz yerlərinə qayıdacaqlar. Düşünürəm ki, bu bizim torpaqlarımızın azadlığı üçün atdığımız addımlardır və bundan sonra da bu addımlarımız davam edəcək”. 

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər