17/08/2018 13:45
728 x 90

Günnüt kəndindən İrəvan-Yexeqndzor-Laçın-Xankəndi yolunu nəzarətdə saxlamaq hərbi-taktiki cəhətdən nə deməkdir...

“Günnüt əməliyyatı vacib hərbi-taktiki əhəmiyyətə malikdir”

img

Mehdi Mehdiyev: “Düşmən tərəfinin həmin yolla hərbi texnikanı Dağlıq Qarabağa aparmasına mane olmaq mümkün olacaq”

 

Xəbər verildiyi kimi, 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra Azərbaycan Ordusunun nəzarəti altına keçib.

Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklərin Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilməsi ordumuzun bu istiqamətdə daha əlverişli mövqelərə sahib olmasına gətirib çıxarıb. Belə ki, Xunut dağının, Ağbulaq yüksəkliyinin, Qızılqaya dağının və Mehridağın işğaldan azad edilməsi Dərələyəz mahalının Arpa kəndinin (ermənilər adını dəyişdirərək “Areni” qoyublar) Əlahiddə Ümumqoşun Ordusunun nəzarətində olması ilə nəticələnib. Bu böyük hərbi nailiyyətdir. Çünki dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti həm də ondan ibarətdir ki, ordumuz İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət edir. Bununla həm də strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulmuş oldu. Bu da çox önəmlidir.

Ordumuzun böyük hərbi üstünlük əldə etməsi düşməni ciddi narahat edir, onlarda təşviş yaradır. Nəzərə almaq lazımdır ki, qısa vaxt ərzində, ümumilikdə, 11 min hektara yaxın ərazi nəzarət altına alınıb. Azərbaycan cəmiyyətində bu qələbə xəbərini böyük sevinclə qarşılayıblar. Çünki Silahlı Qüvvələrin növbəti uğurlu əks-həmlə əməliyyatı Azərbaycan Ordusunun qüdrətinin göstəricisi kimi qiymətləndirilir.

Bütün bunların fonunda, uğurlü Günnüt əməliyyatının Azərbaycan üçün nə kimi hərbi-taktiki əhəmiyyəti var? Hərbi ekspertlər bunu necə dəyərləndirirlər?

Məsələyə münasibət bildirən hərbi ekspert Mehdi Mehdiyevin sözlərinə görə, sözügedən əməliyyatın bir sıra hərbi-taktiki üstünlükləri var: “Günnüt kəndində bizim qoşunların irəliləməsi, dövlət sərhədinə çıxması, bu qədər boş qalmış ərazilərin öz ixtiyarımıza qaytarılması ilk növbədə böyük uğurdur. Bu orada olan yaşayış məntəqələrimizdə əhalinin sakit yaşamasına, məzarları rahat şəkildə ziyarət etməsinə şərait yaratdı. Sözügedən əməliyyat sayəsində həm də bizim düşmən ərazisinə nəzarətimiz bərpa olunub. O regionda nəzarət Azərbaycan Ordusu tərəfindədir. O cümlədən, işğal altında olan Dağlıq Qarabağa gələn İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yolu nəzarət daxilindədir. Torpaqların sülh yolu ilə azad edilməsi mümkün olmasa, o zaman torpaqlar hərb yolu ilə azad olunacaq və bu sahədə hərbi-taktiki üstünlük bizim xeyrimizə olacaq. Düşmən tərəfinin həmin yolla hərbi texnikanı Dağlıq Qarabağa aparmasına mane olmaq mümkün olacaq. Yəni bu amil hərbi nöqteyi-nəzərdən Azərbaycana üstünlük yaradır. Çünki Azərbaycan bununla həmin əraziləri tam nəzarətə götürmüş olacaq. Sözügedən kənd və ətraf yüksəkliklər yetərincə əhəmiyyətə malikdir. Bunun sayəsində həm Günnüt kəndi də atəş altından çıxarılıb, həm də digər yaşayış məntəqələrinin, o cümlədən mülki obyektlərin daha etibarlı şəkildə mühafizə olunması üçün yaxşı şərait yaranıb. Ona görə də Günnüt əməliyyatı vacib hərbi-taktiki əhəmiyyətə malikdir”.

Vidadi ORDAHALLI 

Son xəbərlər