18/06/2018 06:08
728 x 90

Azərbaycan Ordusunda Ermənistanı qorxuya salan yeni silahlar …

img

Azərbaycan ordusunun müasir hərbi texnika ilə təmin edilməsində son illər ərzində böyük nailiyyətlər əldə edə bilib və bu, beynəlxalq aləmdə də aydın sezilir. Qeyd edilənlərin nəticəsidir ki, beynəlxalq hərbi hesabatlarda Azərbaycan ordusu dünya üzrə ilk əlliliyə daxil ola bilib və bu göstəricilərə görə düşmən Ermənistanı çox qabaqlayır.

Son məlumatlara görə isə, Azərbaycan yenə Ermənistanda böyük qorxuya yol açacaq daha bir texnikanın alışına hazırlaşır. Söhbət “Terminator 2” adı ilə məşhur olan BMPT-72 zirehli hərbi maşınından gedir. Bu silah gücünə görə rəqiblərində həmişə ciddi qorxu yaradır.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya “Terminator 2” adı ilə məşhur olan BMPT-72 zirehli hərbi maşınını Suriyaya sınaqlara göndərib. ABŞ-ın “The National Interest” nəşri yazır ki, “Terminator 2” başqa tankların müdafiəsi və xüsusən şəhər şərtlərində döyüş əməliyyatlarının aparılması üçün nəzərdə tutulmuş tankdır. Hərbi maşın T-72 tankının şassisi üzərində hazırlanıb və dəyişilmiş korpusa malikdir. “Terminator 2” 125 millimetr kalibrli güclü top, iki 30 millimetr kalibrli top, “Ataka-T” ağır pulemyot və tank əleyhinə 4 raketlə təchiz edilib. “Terminator”un birinci versiyası 1990-cı illərin sonlarında hazırlanıb. Bu, T-90 tankı şassisi üzərində hazırlanan və beş ekipaj üzvündən ibarət maşın idi. Rusiya KİV-nin xəbərlərinə əsasən, 2013-cü ildə ilk dəfə nümayiş edilmiş “Terminator 2”dən qumbaraatanlar götürülüb və ekipaj üç nəfərə qədər azaldılıb.

Tankların dəstəyi üçün hərbi maşınının yaradılması ideyası Əfqanıstan və Çeçenistan Respublikasında döyüş əməliyyatlarının aparılması təcrübəsi əsasında yaranıb. Tank əlehinə idarə olunan reaktiv mərmi və tank əleyhinə idarə olunan raketlərlə silahlanan döyüşçülər Rusiya tanklarına böyük itki verirdi. Ən qalmaqallı hadisə Qroznıda 1994-cü ildə yeni il ərəfəsində baş verdi. Rusiya tankları və zirehli avtomobillərin böyük kolonları pusquya düşür və tank əleyhinə qumbaraatanlarla silahlanan çeçen döyüşçüləri tərəfindən sıxışdırılır. O dəhşətli gecədə Rusiya ordusu təxminən 400 zirehli maşın və mindən çox hərbçisini itirir. Ruslar cavab olaraq “Şilka” ZSU-32-4 özüyeriyən zenit sistemindən istifadə etməyə başladılar. Ancaq “Şilka”da zireh  çox yüngül idi və yerüstü hədəflərin nişan alınması üçün avadanlıqlara malik deyildi. Buna görə də tankların müdafiəsi üçün universal və mobil vasitə olaraq hərbi maşın (BMPT) yaradıldı. Amma yüksək qiyməti birinci “Terminator”un əsas çatışmazlığı idi. “Terminator 2” ilə bağlı vəziyyət fərqlidir və o, daha yüngül, ucuz, istismarı daha sadədir. “Terminator 2”nin Suriyada üsyançılara qarşı özünü yaxşı göstərməsi də bunun təsdiqidir. “Rostex” korporasiyasının sənaye üzrə direktoru Sergey Abramov da  bildirib ki, texnika özünü real döyüş şəraitində çox əla göstərib və aprel ayından başlayaraq Rusiya ordusunun silahlanmasına daxil edilir.

Qeyd olunduğu kimi, Azərbaycan Rusiyadan BMPT-72 “Terminator-2” almağa maraq göstərir. “Sputnik” agentliyi Rusiyanın hərbi-sənaye kompleksindəki mənbələrə istinadən yazır ki, “Terminator-2” döyüş maşınları hazırda Rusiyadan başqa təkcə Qazaxıstan ordusunun silahlanmasında yer alır. Əlcəzair bu il Rusiyadan həmin döyüş maşınlarının iri partiyasını alacaq. Azərbaycan, Peru və Suriya isə döyüş maşınlarını almağa maraq göstərir. Sergey Abramovun sözlərinə görə, “Uralvaqonzavod” Suriya təcrübəsini nəzərə alaraq döyüş maşınlarının yeni versiyasını, yəni “Terminator-3”ü işləyib hazırlamağa başlayıb. “Terminator-3” pilotsuz uçan aparatları, mərmiləri və ən başlıcası iri çaplı top mərmilərini havada vura biləcək. Azərbaycanın “Terminator”ların müxtəlif versiyalarını alacağı isə şübhə doğurmur. Bu vəziyyətin, həmişəki kimi, Ermənistanda böyük qorxu və narahatlığa yol açması da tamamilə gözləniləndir.

Belə bir vaxtda Azərbaycan İsrail istehsalı olan LORA (Long Range Attack) operativ-taktiki raket kompleksini də silahlanmaya qəbul edib.  LORA operativ-taktiki raket kompleksi Müdafiə Nazirliyinin Raket-Artilleriya Qoşunlarının yeni hərbi hissəsinin açılışında Prezident İlham Əliyevə nümayiş etdirilib. Bununla da Azərbaycan rəsmən atış uzaqlığı 400 kilometrin üzərində olan operativ-taktiki raket komplekslərinə sahib olduğunu göstərib. Maksimal atış uzaqlığı 430 kilometr olan LORA raketinin uzunluğu 5 metr, çəkisi 1600 kiloqram, döyüş başlığı 570 kiloqramdır.  Avtomatik idarəetmə sistemi ilə təchiz edilmiş LORA kompleksi 430 kilometrə qədər uzaqlıqda yerləşən idarəetmə məntəqələrini, raket buraxma qurğularını, radiolokasiya stansiyalarını, vacib hərbi sənaye və infrastruktur obyektlərini məhv edə bilir.

Müdafiə Nazirliyinin Raket-Artilleriya Qoşunlarının yeni hərbi hissəsində dövlət başçısı “Polonez” uzaq mənzilli yaylım atəşli reaktiv sistemi ilə də tanış olub.

Qeyd edək ki, Azərbaycan və Belarus arasında “Polonez” yaylım atəşli reaktiv sistemlərinin alğı-satqısına dair görüşmələr 2016-cı ildə başlanıb. Azərbaycan Belarusdan sonra “Polonez”in ikinci istifadəçisi, eyni zamanda ilk xarici istifadəçisidir. “Polonez” hazırda Rusiyanın “İsgəndər” kompleksinin əsas rəqibi və alternativi hesab olunur. Bütün bunlar Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyünü əhəmiyyətli dərəcədə artırır.

Nahid SALAYEV

Son xəbərlər