17/10/2018 01:31
728 x 90

Paşinyan Ermənistanda mümkünsüz “Baqramyan 26” islahatına başladı

img

Məlum “məxməri inqilab”dan sonra Ermənistanda hadisələrin inkişafının daha xaotik istiqamətə yönələcəyinə dair verilən proqnozlar özünü doğruldur. Xüsusən də nöbədənkənar parlament seçkilərinə gedən hazırlıq burada vəziyyəti daha da gərginləşdirir.

Məsələ ilə bağlı “lragir.am” portalı yazır ki, ölkəni həqiqətən də ağır bir dövr gözləyir: “Son parlament iclasında hökumətin proqramı qəbul edildi, lakin onun müzakirəsi qızğın keçsə də, mahiyyəti bir qədər kölgədə qaldı. Nikol Paşinyan qısa və aydın şəkildə izah etdi: proqram hansısa göstəriciləri təmin etməyə deyil, korrupsiyaya və qanunsuz sövdələşmələrə qərq olmuş iqtisadiyyatı təmizləməyə hədəflənib. Hökumət artıq bir aydır ki, gizli sövdələşmələrin ləğv edilməsi və oliqarxların çirkli pullarından imtina edilməsi haqqında bəyanat verir. Nikol Paşinyan deyir ki, pulu büdcəyə ödəyin. O öz hökumətinin missiyasını bizneslə hakimiyyət arasındakı “böyük sövdələşmə”nin ləğv edilməsində görür.

Belə bir proqramın müzakirəsində qeyri-adi bir şey gözlənilmirdi, aydın idi ki, bir ay ərzində hökumət velosiped düzəltməyi düşünməyəcək, xüsusən də ona görə ki, il ərzində növbədənkənar seçkilər keçirilməlidir. Serj Sarkisyanı nəzarət etdiyi Respublika Partiyası proqramı tənbəlcəsinə tənqid edirdi, ancaq bəyan edirdi ki, onun qəbul edilməsinə mane olmayacaq. Belə mövqe Nikol Paşinyanla Respublika Partiyası arasında əldə edilən susma haqqında razılaşmadan irəli gəlirdi: Respublika Partiyası dinc şəkildə öz mövqeyini, digərlərini hakimiyyətə buraxmadan, yalnız Nikol Paşinyana təhvil verir.

Ona görə də, Tsarukyan blokundan olan deputatların Respublika Partiyasına ünvanlanan aqressiv bəyanatları siyasi təxribat kimi görünürdü. Faktiki olaraq, məhz bu bəyanatlardan sonra Respublika Partiyasından olan deputatlar “partladılar” və yeni hökumətin ünvanına yönəlik bəyanatlar verməyə başladılar, ardınca da Nikol Paşinyan, faktiki olaraq, açıq formada Respublika Partiyasını cinayətkar siyasət aparmaqda ittiham etdi.

Həm Respublika Partiyası sədrinin müavini Armen Aşotyan, həm də baş nazir Nikol Paşinyan təcrübəsiz stajçılar kimi təxribata getdilər. Tsarukyan bloku isə sevincək əllərini ovxalamağa başladı, ona görə ki, hətta dəhşətli yuxuda belə bu blokdan olan deputatlar Nikol Paşinyanla Respublika Partiyasının öz prinsiplərinə sadiq qalan hissəsi arasında əməkdaşlığı təsəvvür edə bilmir. Tsarukyan bloku hər şeyi edir ki, Nikol Paşinyanın “müttəfiqi” yalnız onlar özləri olsunlar. İyunun 7-də müddəalarından biri il ərzində növbədənkənar seçkilərin keçirilməsi olan hökumət proqramının qəbul edilməsilə, faktiki olaraq, seçkiqabağı mübarizəyə start verildi. Bu mübarizədə hamı – həm köhnə, həm də yeni müttəfiqlər ölümünə rəqabət aparacaq. Və qarşıdakı il ərzində belə bənzər təxribatlar hələ çox görə biləcəyik”. Məsələ ilə bağlı “eadaily.com” poratlı isə vəziyyətin daha ağır olduğunu, ölkə daxilində vətəndaş müharibəsinə yol açacaq yeni bir dönəmin yaşanacağının istisnalıq təşkil etmədyini yazır: “Xalqın baş naziri” Nikol Paşinyanın sədrliyi ilə iyunun 7-də parlamentdə Ermənistan “inqilabi hökuməti”nin proqramınn qızğın müzaklirələri fonunda baş nazirin əvvəlki hökumətin dönəmində biznesmenlərin “Baqramyan 26”-ya (Ermənistanın dövlət başçısının iqamətgahının ünvanı) çemodanlarda pul gətirdikləri haqda qalmaqallı bəyanatı praktik olaraq diqqətdən yayınıb. Paşinyan öz hökumətinin proqramı bəyəniləndən sonra parlamentdə jurnalistlərlə görüşdə bu cür bəyanatla çıxış edib. O, “Biznes ölkə rəhbərinin iqamətgahına artıq çemodan-çemodan pul daşımamalıdır” deyərək əlavə edib ki, iş adamları ilə görüşüb və onlara bildirib ki, biznes bundan belə hökumətlə işdə “korrupsiya sxemi”ndən azad olunur. Paşinyan “Mən iş adamlarından keçmişdə “Baqramyan 26”ya çemodanla pul gətirib-gətirmədiklərini soruşdum. Onlar “bəli” cavabı verdilər. Mən biznesmenlərə bildirdim: bundan sonra bu xəracdan azadsınız. İndi daha bunu etməyiniz lazım deyil. Buna görə də bu pulların hamısı büdcəyə gedəcək” deyərək ayrı-ayrı böyük biznesmenlərin müəssisələrində başlanan vergi yoxlamalarını və hökumətin biznesə münasibətdə “siyasi repressiyalara” başladığı haqda bəyanatları şərh edib. Ermənistan Milli Təhlükəsizlik Xitmətinin (MTX) məlumatına əsasən, söhbət, xüsusən də sahibkarlara milyardlarla vergini gizlətmək imkanı verən böyük supermarket şəbəkələrində üzə çıxarılan korrupsiya sxemlərindən gedir.

Göstərilən ifşalar geniş ictimai əks-səda qazanıb. Ekspert və siyasilərin bir qismi hesab edir ki, hökumət bütün ölkədə antikorrupsiya kampaniyasını güzəştsiz şəkildə davam etdirməlidir, başqa qismi ehtiyatlı olmağa çağırır, çünki iqtisadiyyatın ayrı-ayrı sektorlarında “kölgə sxemlər”in üzə çıxarılması üzrə kəskin hərəkətlər ölkədə qiymət artımına səbəb ola bilər.

Lakin iqtisadiyyatda mənfi tendensiyaları çox gözləmək lazım gəlməyib.Ölkənin keçmiş rəhbərliyi ilə bağlı korrupsiya sxeminin aşkarlandığı 10-dan çox pərakəndə satış şəbəkəsində ərzaq malları qiymətlərinin kəskin sıçrayışı baş verib.  Paşinyan bu addımı şantaj cəhdi kimi qəbul edib və “qanunsuzluğun qanundan yaxşı olduğunu” sübut etmək üçün ərzağın qiymətini süni şəkildə qaldıran böyük supermarket və mağaza şəbəkələrini boykot etməyə çağırıb. Paşinyan eyham vurub ki, əsasən, respublikaçı biznesmenlərə məxsus olan bu şəbəkələr qanun üzrə işləmək istəmir və hökumətin fəaliyyətinin bahalaşmağa apardığını əhaliyə göstərmək üçün qiymətləri qəsdən qaldırıblar. Paşinyan kəskin mesaj verərək deyib: “Bu şəbəkələr qanunun gücünü çox tezliklə hiss edəcək. Oğruları və rüşvətxorları boykot edin”.

Biznes bu bəyanatdan bir müddət sonra hər halda geri çəkilib və yeni oyun qaydaları ilə, “inflyasiya şantajı” olmadan oynamağa hazır oduğunu bildirib. Ən böyük SAS və “İrəvan siti” supermarket şəbəkələrinin sahibləri, eyni zamanda qanunsuz deputatlar Artak Sarkisyan və Samvel Aleksanyan Respublika Partiyası parlament fraksiyasından çıxmaq haqda bəyan edib. Bu bəyanatlar Respublika Partiyası təmsilçilərinin Paşinyan hökumətini bu partiyanın üzvü olan biznesmenlərə münasibətdə repressiyalarda ittiham etməyə başlamaqda bəhanə rolunu oynayıb.

Paşinyanın və rəhbərlik etdiyi hökumətin əvvəlki hökumətin “qüsurlu idarəçilik əxlaqı”ndan qurtulmaq səylərini yalnız alqışlamaq olar. Lakin qəribəsi budur ki, baş nazir və komandasının təmsilçiləri əvvəlki siyasi rəhbərliyin biznesə münasibətdə qanunsuz oyun qaydalarından faktiki xəbər verən mötəbər məlumata malik olmaqla hüquq-mühafizə qurumlarına müraciət etmirlər. Axı Paşinyanın sözləri faktiki olaraq cinayət tərkibi haqda bəyanatdır – “rüşvət vermək və onu almaq”. İstənilən normal ölkədə hüquq mühafizəçiləri – xüsusən də Baş Prokurorluq və MTX dərhal bununla məşğul olmalıdır.

Bu arada Ermənistan Baş Prokurorluğundan  bildiriblər ki, baş nazirin bəyanatı “siyasi xarakter daşıyır” və hüquqi prosesin başladılması üçün əsas olmayıb. İdarənin mətbuat xidmətindən deyiblər: “Baş Prokurorluq göstərilən bəyanatı siyasi sayır, bununla bağlı o, hər hansı hüquqi prosesin törədilməsi üçün əsas olmayıb”. Bütün bunlar Ermənistanda siyasi mübariəzədə əsl xaotik bir dövrün yaşanmaqda olduğunu göstərir.

Nahid SALAYEV

Son xəbərlər