17/08/2018 13:46
728 x 90

Paşinyanın “DQR”i Qarabağ danışıqlarına gətirmək siyasətini ermənilər özləri də “burunlamağa” başladı...

“Ermənistanın bundan əvvəlki iki prezidenti - Köçəryan və Sarkisyan Rusiyapərəst olublar və danışıqları da indiki format çərçivəsində aparıblar”

img

Nəzakət Məmmədova: “Paşinyanın təklifini ilk növbədə danışıqlarda Rusiyanın təsirini azaltmaq...”

 

Ermənistanın baş naziri Nikol Paşinyan ötən həftə növbəti dəfə Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakı məsələsini qaldırıb. Hökumətin proqramının parlamentdə müzakirəsi zamanı Paşinyan deyib ki, əslində, onun Dağlıq Qarabağın adından danışıqlar aparmağa mandatı və səlahiyyəti yoxdur. Çünki qarabağlı deyil.

Robert Köçəryan və Serj Sarkisyan isə qarabağlı olduqları üçün Dağlıq Qarabağın adından danışıqlar aparmaq mandatına malik idilər. Nikol Paşinyanın bu bəyanatı növbəti dəfə Ermənistanda danışıqlar prosesi və Dağlıq Qarabağın orada iştirakı mövzusu ətrafında polemikalara səbəb olub.

Politoloq Manvel Sarkisyan deyir ki, Paşinyanın Dağlıq Qarabağın danışıqlarda iştirakının dayandırılmasına görə keçmiş prezidentləri günahlandırması onların şəxsi hesablaşmalarıdır və məsuliyyətdən yayınmaq cəhdidir. Sabiq prezident Robert Köçəryanın ofisi də dərhal Paşinyana cavab verib. Keçmiş prezidentin ofisinin rəhbəri Viktor Soqomonyan bildirib ki, Dağlıq Qarabağ danışıqlarda iştirakını 1998-ci ildə deyil, Köçəryanın prezidentliyindən əvvəl - 1996-cı ildə, yəni Levon Ter-Petrosyanın dövründə dayandırıb. “Məhz onda Ermənistan hakimiyyəti hansısa səbəbə görə buna razılaşıb və müvafiq sənədlər açıq istifadədə qalmaqdadır”.

Köçəryanın nümayəndəsi Paşinyanın Dağlıq Qarabağın danışıqlarda iştirakını bərpa etmək səylərini danışıqlardan imtina kimi qiymətləndirir: “Başqa məsələdir ki, Ermənistanın yeni hakimiyyətinin danışıqlardan faktiki imtinası hansı nəticələrə gətirib çıxaracaq…”. Köçəryanın sözçüsü əlavə edib ki, Qarabağın danışıqlara cəlb edilməsi bu gün həlli mümkün olmayan məsələdir. Göründüyü kimi, Paşinyanın separatçı qurumu tərəf kimi danışıqlar prosesinə soxmaq cəhdi hətta Ermənistanın öz daxilində belə birmənalı qarşılanmır. Onun bu mövqeyinə müxtəlif səviyyələrdə etiraz edilib. Ermənistanın öz daxili rəyində Paşinyanın bu təklifə görə tənqid atəşinə tutulması nə ilə izah edilə bilər?

Politoloq Nəzakət Məmmədova “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, buna cavab vermək üçün əvvəla bu suala aydınlıq gətirməyə çalışaq ki, Paşinyan niyə bunu istəyir və onun bu təklifi nə üçün bir çox şəxs tərəfindən  müqavimətlə qarşılanır? Bunun bir neçə səbəbi var. Birincisi, ondan ibarətdir ki, Paşinyan bu addımı ilə vaxt qazanmaq istəyir. Çünki o bilir ki, hazırda Qarabağ məsələsinə diqqət yönəltməkdən daha çox öz hakimiyyətinin möhkəmləndirilməsi qayğısına qalmalıdır. Qarabağ bir "Qordi düyünü"dür və heç bir Ermənistan rəhbəri indiyədək onu çözə bilməyib. Ermənistanın daha təcrübəli prezidentləri bunu edə bilmədilərsə, nisbətən zəif Paşinyan da bunu edə bilməyəcək və xalq arasında nüfuzunu itirəcək. Axı o da, digərləri kimi, Qarabağ məsələsini tez bir zamanda Ermənistanın xeyrinə həll edə biləcəyinə söz verib. İndi isə real iş görmək mərhələsi gələndə o, öz zəif mövqeyini başa düşür və vaxt qazanmaq üçün heç kəs tərəfindən qəbul olunmayacaq bu təklifi verməklə əvvəlcə öz hakimiyyətini möhkəmləndirmək, sonra danışıqlar prosesinə başlamaq istəyir.

Digər tərəfdən, Paşinyan ATƏT-in Minsk Qrupuna etimadsızlıq nümayiş etdirir. Çünki danışıqların hazırkı formatı 24 il əvvəl bu dövlətlər tərəfindən qəbul edilib. O bununla xüsusən də Rusiyaya mesaj verərək onun Qarabağ məsələsində manipulyasiya etməsinə imkan verməyəcəklərini göstərmək istəyir. Paşinyanın bir çox addımları kimi bu da ilk növbədə Rusiyanın əleyhinə yönəlib.

Paşinyan başa düşür ki, qəbul olunması mümkün olmayan bu təklifə baxılması bir neçə ay, bəlkə də il çəkəcək, Azərbaycan buna etiraz edəcək və s. Belə bir şəraitdə o da həmin müddətdə vaxt qazanıb daxili məsələlərlə, hakimiyyətinin dayaqlarının möhkəmləndirilməsilə məşğul ola bilər.

Hələ proseslərin başlaması ərəfəsində Paşinyan Sarkisyanın partiyası ilə görüşdə vəd etmişdi ki, "məxməri inqilab" Qarabağ münaqişəsinin Ermənistanın xeyrinə həllinə də kömək edəcək. Lakin indi bu vədi yerinə yetirə bilmir və bu cür mümkün olmayan təkliflərlə vaxtı uzadır. Onlar ümid edirdilər ki, ABŞ onları hakimiyyətə gətiribsə, Qarabağ məsələsini də onların xeyrinə həll edəcək. Lakin elə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri Amerika özüdür, o bunu etsəydi, indiyədək edərdi. Qərbpərəst qüvvələri hakimiyyətə gətirməkdə məqsəd heç də Qarabağ münaqişəsini ermənilərin xeyrinə həll etmək yox, Ermənistanı Rusiyanın təsirindən qurtarıb onu İran, Rusiya və eləcə də Türkiyə əleyhinə poliqona çevirməkdir. Ermənistanda bəzi qüvvələr buna etiraz edirlər. Bunlar ya keçmiş prezidentlər Köçəryan və Sarkisyanın tərəfdarları, Rusiyaya meylli qüvvələr, eləcə də Paşinyanın təklifinin Ermənistanın qeyri-konstruktiv ölkə olduğu, onun danışıqları pozan ölkə imici formalaşmasından narahat olan şəxslərdir. Bu, ilk növbədə, Rusiyanın danışıqlarda mövqeyini zəiflədə bilər. Çünki Qarabağ məsələsi və danışıqlarla manipulyasiya olunması Rusiyanın Cənubi Qafqaz siyasətinin əsas istiqamətlərindən biridir. Rusiya XİN nümayəndəsinin mətbuat konfransındakı reaksiyası da bunun sübutudur. Bu, Rusiya siyasi elitasının Paşinyanın danışıqları yeni formata keçirmək istəməklə Rusiyanın Minsk Qrupundakı mövqeyini zəiflətmək cəhdinə münasibətinin təzahürü idi. Təbii ki, Rusiya Ermənistanda çox güclü mövqelərə sahibdir. Siyasi və hərbi elitada, eləcə də ictimaiyyət arasında onun çoxlu nüfuzlu tərəfdarı var. Məhz Rusiyanın bu yeni danışıqlar formatı məsələsinə münasibətini bildikləri üçün onlar da Paşinyana etiraz edirlər. Ermənistanın bundan əvvəlki iki prezidenti – Köçəryan və Sarkisyan Rusiyapərəst olublar və danışıqları da indiki format çərçivəsində aparıblar. Demək, Rusiya bunu belə məqbul hesab edir. Digər tərəfdən, Paşinyanın təklifini ölkənin digər keçmiş prezidenti - Qərbpərəst Ter-Petrosyan dəstəkləyib. Bu da onu göstərir ki, Paşinyanın təklifini ilk növbədə danışıqlarda Rusiyanın təsirini azaltmaq, onun məqbul hesab etdiyi indiki formatdan uzaqlaşmaq, bununla da mübahisəli situasiya yaradıb vaxt qazanmaq cəhdi kimi qiymətləndirmək olar”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər