17/10/2018 01:33
728 x 90

ABŞ və Səudiyyə tarixin ən ziddiyyətli neft sevdasının içində... Azərbaycanın edəcəkləri var...

“Azərbaycanın bu məsələdə atdığı addımlar ancaq hasilatın stabilləşməsi yönündə ola bilər”

img

İlham Şaban: “Hazırda proseslər mürəkkəb bir məcrada davam edir”

 

Yayılan məlumata görə, Səudiyyə Ərəbistanı təxminən iki il davam edən azalmadan sonra neft hasilatını artırmağa başlaıb. Bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Nəşrin məlumatına əsasən, may ayı ərzində krallıqda neft hasilatının həcmi gündə 100 min barreldən çox artırılıb. Bu rəqəm gündə təxminən 10 milyon barrelə çatdı. Bu ay ərzində məmurlar həcmi gündə daha 100 min barrel artırmağı planlaşdırırlar.

Qəzetin məlumatına əsasən, artan xam neft hasilatının həcmi Səudiyyə Ərəbistanının standartlarına görə o qədər çox deyil. Lakin krallığın gördüyü tədbirlər Ər-Riyadın siyasət vektorunun dəyişməsi anlamına gəlir. Məhz Səudiyyə Krallığı iki il öncə xam neft hasilatının azaldılması məqsədilə yaradılan ölkələr koalisiyasına başçılıq edirdi.

Nəşrdə “Kpler” konsaltinq şirkətinin təqdim etdiyi məlumatlara əsasən, krallıqdan neft ixracının həcmi gündə 300 min barrel artıb. Qeyd olunur ki, neft hasilatı və ixracının göstəriciləri heç də həmişə “tandem” şəklində hərəkət etmir.

Onu da qeyd edək ki, bu günlərdə ABŞ administrasiyasının rəsmi nümayəndəsi Səudiyyə şahzadəsi Məhəmməd bin Salman Al Sauda zəng vuraraq ondan neft hasilatının həcmini artırmağı xahiş edib. Buna səbəb kimi ABŞ-ın İrana qarşı tətbiq etdiyi yeni sanksiyalar nəticəsində İran neftinin ixracının azalması və dünya bazarlarında neftin qiymətinin kəskin bahalaşması göstərilir.

O da məlumdur ki, Azərbaycan OPEC ölkələri ilə neft hasilatının həcmi ilə bağlı 2 il əvvəl razılığa gəlib. Razılaşmada Azərbaycanla yanaşı, bir sıra digər qeyri-OPEC ölkələri də iştirak edirlər. Şübhəsiz ki, Səudiyyə Ərəbistanının məlum birtərəfli qərarı əldə olunan razılaşmaya ziddir. Belə olan halda, Azərbaycan bu məsələ ilə bağlı nə kimi mövqe tutmalıdır?

Məsələyə münasibət bildirən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, Azərbaycan öz maraqlarına uyğun mövqe tutmalıdır: “Bir məqamı nəzərə almaq lazımdır ki, Azərbaycanda neft hasilatının həcmi Səudiyyə Ərəbistanı, Rusiya və ABŞ-dakı səviyyədə deyil. Sözügedən ölkələrdə Azərbaycanla müqayisədə neft hasilatının həcmi daha böyükdür. Bu səbəbdən sözügedən ölkələr onilliklər boyu bazarı tənzimləmək iqtidarındadırlar. Yəni neft hasilatını artıra da bilirlər, azalda da. Azərbaycan belə imkana malik deyil. Azərbaycan hasilatı özünün təbii imkanları hesabına artırır. Yəni rezervlər buna imkan verirsə, hasilat artır. Yox, əgər ona imkan vermirsə, o zaman hasilatı azaltmağa doğru meylli olur. Ona görə də biz ancaq öz imkanlarımız daxilində bununla barışmalıyıq. Azərbaycanın bu məsələdə atdığı addımlar ancaq hasilatın stabilləşməsi yönündə ola bilər. Digər tərəfdən, ABŞ bundan əvvəl Səudiyyə Ərəbistanının bu problemi təkbaşına həll edəcəyinə inanırdı. Ancaq OPEC ölkələri içərisində məsələ ilə bağlı yekdil qərara gəlinmədi. Çünki digər ölkələrdə qısqanclıq yarandı. Onlar da bu həcmdə öz payının olmasını istəyir. Problemin OPEC-in konfransında həllini tapacağına gəlincə isə deyə bilərəm ki, bu da hələ sual altındadır. Çünki İran inadından dönmür. Əvvəlki illərdən fərqli olaraq, bu dəfə İran dünya bazarına neft ixracı məsələsində israrlı olacağını bildirir. Amma təcrübədə bunun necə olacağı və İranın bu istəyinin qarşısının necə alınacağı hələlik sual altındadır. Burada bütün məsələ alıcıların üzərinə düşür. Əgər neft alınmasa, hasilatçıların əlində qalacaq. Onlar hasil edilən nefti satmaq istəsələr, qaçaqmalçılığa baş vurmalı olacaqlar. Belə olan təqdirdə isə neft məcburən bazarda olan qiymətlərdən 2-3 dəfə ucuz qiymətə satılacaq. Hazırda proseslər mürəkkəb bir məcrada davam edir”.

Vidadi ORDAHALLI

Son xəbərlər