16/10/2018 19:27
728 x 90

Paşinyan Qarabağda hərbi təlimlərlə Azərbaycana və dünyaya nə demək istəyir?

Əli Orucov: “Bu onu göstərir ki, etiraz dalğası üzərində hakimiyyətə gələn yeni baş nazir ölkənin sosial-iqtisadi problemlərini həll etmək bacarığına malik deyil”

img

 

Mayın 14-dən etibarən Ermənistan Silahlı Qüvvələrinin hərbi birləşmələri Dağlıq Qarabağdakı işğalçı erməni qüvvələri ilə birlikdə Azərbaycanın işğal altındakı ərazilərində operativ-taktiki təlimlərə başlayıb. Maraqlıdır ki, sözügedən təlimlər Ermənistanda Nikol Paşinyanın rəhbərliyi ilə formalaşdırılan yeni hökumətin işə başlamasından bir neçə gün sonraya təsadüf edir.

Təlimləri izləmək üçün Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Movses Akopyan işğal altındakı ərazilərə gəlib. Təlimlərin ssenarisinə əsasən, düşmən qüvvələri rəqibin güclü atəş təsiri altında müdafiə döyüşləri aparır, bununla da “köməyə gələn qüvvələrə əks hücuma keçib ön xətti bərpa etmək üçün” vaxt və imkan qazandırır. Bildirilir ki, təlimlərdə bir sıra yeni silahlar da tətbiq edilib.

Bundan əvvəl Azərbaycanın müdafiə naziri ordunun yüksək vəzifəli şəxsləri ilə müşavirə keçirmişdi və təmas xəttində düşmənin hər hansı mümkün təxribatlarının qarşısının alınması üçün tapşırıqlar verib. Müdafiə naziri Zakir Həsənov Ermənistanın yeni hakimiyyətinin Qarabağa dair populist bəyanatlarına cavab olaraq xəbərdarlıq etmişdi ki, Azərbaycan Ordusu irimiqyaslı döyüş əməliyyatlarına başlamağa tam hazırdır. Görünür, Paşinyan və onun komandası Azərbaycan Ordusunun bugünkü hərbi qüdrətindən çox narahatdır. Ancaq o da var ki, Ermənistanda yeni baş nazirin ilk vaxtlar verdiyi bəzi isterik xarakterli açıqlamalar fonunda həm də işğal olunmuş ərazilərdə hərbi təlimlərə start verilməsi heç də yaxşı hal deyil. Bu, yeni hakimiyyətin əvvəlkindən fərqlənmədiyi təəssüratını formalaşdırır.

Maraqlıdır, bəs ekspertlər ermənilərin məlum hərbi təlimlərini necə şərh edirlər?
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, hərbi təlimlər provokasiya məqsədi daşıyır: “N.Paşinyan baş nazir seçiləndən sonra bir sıra radikal xarakterli açıqlamalarla çıxış etdi. Bildirdi ki, separatçı qurum danışıqlarda tərəf olmalıdır və s. O, faktiki olaraq, keçən müddət ərzində Dağlıq Qarabağ danışıqlarında yeni, müsbət əhəmiyyət kəsb edən həll variantı ilə çıxış etmir. Heç bunun hansısa formada elementləri belə özünü göstərmir. Bununla o bir tərəfdən növbəti parlament seçkilərində seçiciləri əlində saxlamaq, digər tərəfdən isə hakimiyyətdə möhkəmlənmək istəyir. Nəzərə almaq lazımdır ki, Paşinyanın hakimiyyətdə möhkəmlənməsi yeni parlament seçkilərindən sonra özünü göstərəcək. Yəni o, parlamentdə seçki yolu ilə çoxluq əldə edə bilsə, yalnız ondan sonra baş nazirlik postunu etibarlı şəkildə qoruya bilər. İşğal olunmuş ərazilərdə keçirilən hərbi təlimlər də bütün bunların tərkib hissəsidir. Paşinyan Ermənistanda illərlə yığılıb qalan sosial-iqtisadi problemləri həll etmək əvəzinə, diqqəti Dağlıq Qarabağa yönəldir. Bu onu göstərir ki, etiraz dalğası üzərində Ermənistanda hakimiyyətə gələn Paşinyan ölkənin sosial-iqtisadi problemlərini həll etmək bacarığına malik deyil. Siyasi bioqrafiyasına baxsaq görərik ki, onun dövlət idarəçiliyi ilə bağlı təcrübəsi yoxdur. Qurduğu yeni hökumət komandasının da nə dərəcədə uğurlu fəaliyyət göstərəcəyi sual altındadır. Belə olan halda, ən asan yol Dağlıq Qarabağda hərbi ritorikanı qızışdırmaqdır. Ancaq Paşinyan nəzərə almalıdır ki, erməni cəmiyyəti nə qədər xəstə təxəyyülə malik olsa da, hazırda onları daha çox düşündürən ölkədəki ağır sosial-iqtisadi vəziyyətdir. Paşinyan isə bunların fərqinə varmaq əvəzinə, Qarabağda hərbi təlimlər keçirməklə Azərbaycanı provokasiyaya çəkir. Bu isə Ermənistan üçün yaxşı nəticələnməyəcək”.

Vidadi ORDAHALLI

Son xəbərlər