16/08/2018 13:52
728 x 90

Paşinyan Azərbaycana silah satışı məsələsində Lukaşenkonun “saqqızını oğurladığını” düşünür, əslində isə...

Qabil Hüseynli: “Mən həmin davranışlardan bu nəticəni çıxardım ki, Putinin yanında Lukaşenko Paşinyanı cavan, təcrübəsi olmayan bir adam kimi ələ salıb”

img

“Azərbaycanla Belarus arasında elə razılaşma varsa, bunu Paşinyanın bir narazılıq ifadə etməsinə görə pozarlarmı?”

Məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyan Soçi səfəri çərçivəsində Belarusun prezidenti Lukaşenkio ilə də görüşüb. Ermənistan KİV-lərinin verdiyi məlumata görə, Paşinyan Lukaşenko ilə görüşü zamanı Azərbaycana silah satılması məsələsini də qaldırıb. Baş nazir bildirib ki, Belarus prezidentinin bu məsələyə reaksiyası “normal” olub. Rusiya prezidenti Vladimir Putinlə görüşə gəlincə, Paşinyan əslində bu formatda danışıqlar aparmaq istəmədiyini etiraf edib: “Mən əslində belə formatda – ayaqüstü danışıqlardan sonra hansısa nəticələr barədə fikir bildirmək istəməzdim. Ancaq bu görüşün ümumilikdə çox effektiv olacağını düşünürəm. Ümumi müzakirələr aparıldı”.

Qeyd edək ki, Paşinyanın Lukaşenko ilə də görüşü ayaqüstü olub. Onda niyə onun Azərbaycana silah satışı ilə bağlı erməni tərəfinin narahatlığına müsbət reaksiya verdiyi qeyd olunur? Belə ciddi məsələyə Azərbaycanla yaxın münasibətlərdə olan Belarus kimi bir ölkənin başçısının ayaqüstü müsbət reaksiya verməsi nə dərəcədə inandırıcı görünə bilər? 

Politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, bu çox gülünc bir məntiqdir: “Görünür, erməni təbliğat maşını yeni qüvvələrin hakimiyyətə gəlməsindən sonra lap biabırçı işləməyə başlayıb. Mən həmin görüşdən təqdim olunan görüntüləri izlədim. Lukaşenko Putinin yanında onunla görüşdü. Onların arasında geniş tərkibli, nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirilməyib. Həmin kadrlardan açıq-aydın görünürdü ki, Lukaşenko Paşinyanı ələ salır. Putinə işarə edərək onun çiyninə vururdu. Mən həmin davranışlardan bu nəticəni çıxardım ki, Putinin yanında Lukaşenko Paşinyanı cavan, təcrübəsi olmayan bir adam kimi ələ salıb. Birincisi, belə ciddi məsələlər o cür formatda müzakirə edilmir. Hətta Paşinyan Lukaşenkoya belə bir iradı bildiribsə də, bu onun naşılığından xəbər verir. Lap götürək ki, Paşinyan Belarus rəhbərinə bu iradı lazım olan format çərçivəsində edir. Nə olacaqdı? Bəyəm bir sözə görə təcrübəli Lukaşenko milyonlarla qazancından keçəcəkdi? Bu dəqiqə Belarusa pul hava ilə su kimi lazımdır. Azərbaycan da real alıcıdır. Silah alveri elə sahədir ki, əvvəlcədən bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycanla Belarus arasında elə razılaşma varsa, bunu Paşinyanın bir narazılıq ifadə etməsinə görə pozarlarmı? Çox gülünc və bəsit yalandır. Bir faktı da qeyd edim ki, dünya silah bazarında satıcı yox, alıcı tapmaq çətindir. Yəni Azərbaycan alıcı kimi istənilən silah ixrac edən ölkə ilə analoji məzmunda razılaşma əldə edə bilər”.

Məhəmmədəli QƏRİBLİ

 

 

Son xəbərlər