16/08/2018 13:51
728 x 90

AŞ PA-nın “Səməd Seyidov sanksiyaları” əslində Azərbaycana qərəzli yanaşmanın davamı kimi qəbul olunur

Yeganə Hacıyeva: “Tək Səməd Seyidova qarşı deyil, ümumilikdə, ölkəmizə qarşı qərəzli və hörmətsiz davranışdır”

img

“Avropa Şurası rəsmiləri öz qurumlarının bu qərəzinə aydınlıq gətirməlidirlər”

Avropa Şurasının Azərbaycana qarşı yürütdüyü qərəzli siyasət davam edir. Bir müddət əvvəl  Avropa Şurası Parlament Assambleyası (AŞ PA) korrupsiya ittihamları üzrə müstəqil istintaq qrupunun 219 səhifəlik hesabatı AŞ PA-nın plenar iclasında qızğın müzakirələrdən sonra qəbul edilib. Azərbaycan nümayəndə heyəti üzvlərinin cəhdlərinə baxmayaraq, 123 deputat sənədin “lehinə” səs verib. Azərbaycan tərəfi, xüsusilə də nümayəndə heyətinin rəhbəri Səməd Seyidov həmin müzakirələrdə aktiv iştirak edib. S.Seyidov hesabatın qərəzli olduğunu bəyan edib. Yəqin bu səbəbdəndir ki, o, AŞ PA-nın yeni “qəzəbinə” tuş gəlib.

Belə ki, yayılan məlumatlarda bildirilir ki, AŞ PA korrupsiyada “şübhəli” bilinən deputatlar barәdә sanksiya qәrarı verib. Bu barədə ilk məlumatı AŞ PA-nın Almaniyadan olan deputatı Frank Şveyb öz “Facebook” səhifəsindən yayıb. Məlumatda bildirilir ki, AŞ PA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinə bəzi deputatların “korrupsiyaya bulaşmasına” dair cox ciddi siqnallar daxil olub. Buna görə də AŞ PA-da Azərbaycanla bağlı korrupsiyanı araşdıran müstəqil komitə S.Seyidov başda olmaqla 4 deputatın – Aqramunt, Preda və Xuclanın mandatının 2 ildən 10 ilədək dondurulması barədə sanksiya qərarı verib. Bundan əlavə, onların başqa Avropa strukturlarında təmsilçiliyinə də qadağa qoyulduğu bildirilir. Hələlik bununla bağlı AŞ PA rəsmi mövqe yaymasa da, S.Seyidov yerli KİV-lərə açıqlamasında məlumatı təkzib etməyib və bu barədə  geniş açıqlama verəcəyini bildirib.

S.Seyidova tətbiq edilən sanksiyanı onun ölkəmizin mövqeyini prinsipialcasına müdafiə etdiyi səbəbindən nümayəndə heyətinin rəhbərinə yönəlik qərəzli addım kimi qiymətləndirmək üçün xeyli əsaslar var. Ekspertlərimiz də bizim ehtimalları bölüşürlər. 

Beynəlxalq məsələlər üzrə ekspert Yeganə Hacıyeva qəzetimizə açıqlamasında bildirdi ki, nümayəndə heyətinin rəhbərinə tətbiq edilən sanksiya heç də ölkəmizin digər deputatlarının AŞ PA-dakı fəaliyyətini məhdudlaşdırmır: “Avropa Şurası Parlament Assambleyası tək ölkəmizlə bağlı deyil, zaman-zaman müxtəlif ölkələrlə də bağlı tutduğu qərəzli mövqeyi ilə üzvlər  arasında ciddi narazılıq yaradıb və öz tarixində dəfələrlə müxtəlif milli nümayəndəliklərin fəaliyyətinin dondurulmasına və ya  üzvlərə sanksiyaların tətbiq edilməsinə gedib. Sırf  bizimlə bağlı Avropa Şurası Parlament Assambleyası Azərbaycana təzyiq göstərmək cəhdi ilə daim qərəzli mövqe ortaya qoymağa çalışıb. Bu isə haqlı olaraq AŞ PA ilə Azərbaycan arasında ciddi narazılıq yaradıb. Azərbaycan hakimiyyəti dəfələrlə haqlı olaraq buna sərt reaksiya verib. Bütün bu neqativliklərə AŞ PA nümayəndə heyətinin rəhbəri kimi S.Seyidov ciddi təpkilər göstərib və ölkəmizin AŞ PA-dan çıxa biləcəyinə də dair fikirlər səsləndirib. Görünür, bu haqlı mövqe AŞ PA-dakıları daha da qəzəbləndirib.

AŞ PA-nın son fərdi sanksiyaları və ümumiyyətlə, bu istiqamətdə baş verən proseslərlə bağlı bir neçə xüsusi məqamı qeyd etmək istərdim. AŞ PA da ard-arda ölkələrin nümayəndə heyətlərinə sanksiyalar tətbiq olunması təcrübəsi Rusiya, Türkiyə kimi dövlətlərin Avropa Şurası ilə əlaqələrinin gərginləşməsinə, dövlətlərin bu quruma ödədikləri üzvlük haqqını azaltmasına,  AİHM-in qərəzsizliyi şübhə doğuran qərarlarına əməl etməməsinə gətirib çıxardı. Bu addımların uzunmüddətli hesabda digər üzvlərdə domino effekti yarada biləcəyindən narahat olan AŞ PA fərdi sanksiyaların tətbiqi siyasətini yürütməyə başladı.

İlkin olaraq fərdi sanksiyalar məqsədilə AŞ PA-nın keçən il yay sessiyasında qəbul olunan  “Üzvlərin məsuliyyət prinsiplərinin tanınması və həyata keçirilməsi” hesabatı ilə daxili prosedur və reqlament qaydaları dəyişdirildi. Sanksiyalar tətbiqi məhz bu əsaslarla nəzərdə tutulmağa başlandı.

Ardınca isə Müstəqil İstintaq Qurumu formalaşdı. Bu qurumun fəaliyyəti nəticəsində heç bir dəlil və sübuta, real faktlara söykənməyən korrupsiya hesabatı qəbul olundu. AŞ PA-nın korrupsiyada və etika qaydalarını pozmaqda ittiham olunan indiki və keçmiş üzvlərinə sanksiyalar tətbiq olunması həyata keçirildi.

Son sanksiyalar tətbiq olunmuş şəxsləri və onların qurumdaxili nüfuzlarını nəzərə alsaq, onda ortaya başqa məqam çıxmış olur. Belə ki, Avropa Şurasında bu il Avropa İnsan Haqları Məhkəməsi hakimləri seçkiləri, gələn il isə yeni baş katib seçkiləri keçiriləcək. Sanksiyaların  tətbiqində qurumdaxili qrupların rəqabət elementləri də aydın sezilməkdədir.

Fikirimcə, obyektivliyi şübhə doğuran, dəlil və faktlara söykənməyən, erməni lobbisi ilə əməkdaşlığı şübhə doğurmayan avropalı siyasətçilərin şər-böhtanı əsasında qəbul olunan “korrupsiya hesabatı” əsasında Azərbaycan nümayəndə heyətinin rəhbərinə sanksiyaların tətbiq olunması tək S.Seyidova qarşı deyil, ümumilikdə, ölkəmizə qarşı qərəzli və hörmətsiz davranışdır. Avropa Şurası rəsmiləri öz qurumlarının bu qərəzinə aydınlıq gətirməlidirlər. Azərbaycan nümayəndə heyətinin qurumda qalıb-qalmaması ilə bağlı qərar isə ölkə rəhbərliyi səviyyəsində verilməlidir”.

Məhəmmədəli QƏRİBLİ

 

Son xəbərlər