20/08/2018 06:33
728 x 90

Azərbaycanlılar sosial şəbəkələrdə Qüds məsələsi ilə bağlı çox maraqlı müzakirə tezisləri atır

Zaur Əliyev: “Bu qədər ərəb özününkünün qədrini bilmirsə, biz niyə ortaya düşmüşük?”

img

Aqşin Əliyev: “Həmin ölkə ilə bizim aramızda çox mehriban dostluq münasibətləri mövcuddur”

Amerika Birləşmiş Ştatlarının öz səfirliyini Qüds şəhərinə köçürməsi Yaxın Şərq regionunu qana boyayıb. Həmin prosesə etiraz edən 100-lərlə fələstinli öldürüldü, minlərə adam odlu silah yarası ilə xəstəxanalara yerləşdirilib. Çox maraqlıdır ki, yaşanan proseslərə ən sərt reaksiyanı həmin bölgədə yaşayan ərəb ölkələri deyil, Türkiyə və İran verir. Vəziyyət o həddə çatıb ki, Türkiyə Qüdsdə yaşananlara etiraz əlaməti olaraq İsrailin ölkəsindəki diplomatik missiyasının fəaliyyətini dayandırıb. Qüdsdə baş verənlər Azərbaycanda da maraqla izlənir. Hazırda ictimai rəyin formalaşmasında böyük rola malik olan sosial medianın bizim ölkəyə aid olan seqmentində qızğın Qüds müzakirələri aparılır. Rəylər birmənalı deyil. Nisbətən dindar kəsim İsraili “asıb-kəsir”. Mövzuya sekulyar yanaşma ortaya qoyanlar isə fərqli aspektdən şərhlər verirlər. İkinci qəbildən olan vətəndaşlarımız iddia edirlər ki, İsrailin hərəkətlərinə ilk olaraq həmin bölgədə olan ərəb dövlətləri imkan verirlərsə, etiraz bildirmirlərsə, biz niyə Təl-Əvivlə pis olmalıyıq?

Gənc alim Zaur Əliyev bu mövzu ilə bağlı sosial mediada maraqlı yanaşma ortaya qoyub: “Dünyada ərəb ölkələrinin sayı kifayət qədər var. Ən varlı 20 nəfərin 11-i ərəbdir. Ən modern silahlar da onlarda var. İstəsələr Fələstini deyil, İsraili də pul ilə alarlar. Ərəb milyarderlərin çoxu qızıl unitaz və qızıl tualet kağızından başqa heç nə düşünmür. Şəhərimizdə kifayət qədər ərəb turist var. Onlara yaxınlaşıb Fələstinlə bağlı fikirlərini soruşaq. Görün hansı qayğılanır Fələstinlə? Sinay döyüşü zamanı “Altıgünlük müharibə” göstərdi ki, ərəblər üçün islam dəyərləri, milli birlik deyilən anlayış yoxdur. Onlara pul və əyləncə lazımdır. Bu qədər ərəb özününkünün qədrini bilmirsə, biz niyə ortaya düşmüşük? Bilirsiniz bu nəyə oxşayır? İki nəfər dalaşır, ayırmağa çalışırsan, çönüb sonda ikisi də səni vurur”.

Sosial şəbəkələrdə buna bənzər fikirlərə çox rast gəlmək olar. Azərbaycan əhalisi arasında Qüds məsələsilə bağlı fərqli fikirlərin olması və bu yöndə qızğın müzakirələrin aparılması nə ilə bağlıdır?

Ekspert Aqşin Əliyevin sözlərinə görə, bunun bir çox obyektiv səbəbləri var: “Birincisi, onunla bağlıdır ki, Azərbaycan dünyəvi ölkədir. Bizdə məsələyə yalnız müsəlman təəssübkeşliyi nöqteyindən yanaşmırlar. Bizim ölkədə hətta ateist kəsim də öz fikirlərini sosial şəbəkələrdə, mediada açıq bəyan edə bilir. Qüdsdə yaşananlar və onun ətrafında gedən polemikaları mən də yaxından izləyirəm. Dünyanın istənilən yerində “qaynar ocağın” olması, insanlara atəş açılması və bunun nəticəsində sadə adamların öldürülməsi heç kimə xoş təsir bağışlamır. Bu gün Qüdsdə yaşananlar bizi də dərindən sarsıdır. Mən inanmıram ki, hansısa savadlı bir azərbaycanlı orada insanların öldürülməsini alqışlasın. Ancaq bizim bu münaqişədə hansı mövqeyi tutacağımızla bağlı rəylər fərqlidir və mən bunu təbii sayıram. Bizim özümüz də müharibədən, işğaldan əziyyət çəkirik. Elə müsəlman ölkələri var ki, bu haqq işində bizi müdafiə etmir, hətta ermənilərə dəstək olurlar. Ancaq bizi təmənnasız dəstəkləyən müsəlman ölkələri də az deyil. İsrailə gəldikdə, həmin ölkə ilə bizim aramızda çox mehriban dostluq münasibətləri mövcuddur. Azərbaycanda çoxsaylı yəhudi icması var. Həmçinin, bizim ölkədən İsrailə çoxlu sayda yəhudi köçüb. Bir çox strateji sahələr üzrə də ölkələrimiz yaxından əməkdaşlıq edirlər. Bu səbəbdən də biz bu münaqişədə İsrailə qarşı sərt tələblər irəli sürən ölkə olmamalıyıq. Ancaq oradakı vəziyyətin nizama salınmasını da tələb etməliyik. Azərbaycan vətəndaşları arasında İsraili ciddi tənqid edənlər də az deyil. Mən bunu demokratiyanın nümunəsi kimi sayıram. Fələstində öldürülənlər ərəblərdir. Həmin ətrafda 20-yə yaxın ərəb ölkəsi varsa, birinci etiraz onlardan gəlməlidir. Nədənsə, biz bunu görmürük. Bu baxımdan bildirilən iradları haqlı hesab edirəm”.

Məhəmmədəli QƏRİBLİ

 

Son xəbərlər