16/10/2018 19:09
728 x 90

Nalbandyanın Qarabağ diplomatiyasında “bir neçə böyük qələbə” eyforiyası…

Arzuxan Əlizadə: “Nalbandyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər əsassızdır və reallığı əks etdirmir”

img

“O hansı uğurlu siyasətdən danışır ki, ötən on il ərzində Ermənistanın təcrid vəziyyətində qalması davam edib?!”

Ermənistanın sabiq xarici işlər naziri Edvard Nalbandyan 6 səhifəlik vida məktubu ilə çıxış edib. Belə ki, 10 illik nazir olduğu dövrü rəsmi İrəvanın böyük uğuru kimi qələmə verən Nalbandyan regional və qlobal əhəmiyyətli məsələlərdə ciddi nailiyyətlər qazandıqlarını iddia edib.

Bununla yanaşı, Nalbandyan iddia edib ki, guya Qarabağ danışıqlarında onlar daha əlverişli vəziyyət yaradıblar. Onun fikrincə, əvvəllər Azərbaycan yalnız ərazi bütövlüyü prinsipi əsasında problemin həllinə israr edirdi. Nalbandyanın sözlərinə görə, erməni diplomatiyasının səyləri sayəsində bu gün “Artsax” və Azərbaycan arasında münaqişənin həlli üzrə üç prinsip beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunur. Bunlar güc tətbiq etməmək, millətlərin öz müqəddəratını təyin etməsi və ərazi bütövlüyüdür. Nalbandyanın fikrincə, ərazi bütövlüyü millətlərin öz müqəddəratını təyinetmə prinsipindən üstün sayıla bilməz: “Ermənistan dəfələrlə vurğulayıb ki, “Artsax”ın iştirakı olmadan problemin nizamlanması üçün hərtərəfli və uzunmüddətli bir həllə nail olmaq mümkün olmayacaq. Bu gün ATƏT-in Minsk Qrupunun həmsədrləri bu yanaşmanı bölüşürlər və bu, danışıqlar prosesinin iş sənədlərində təsbit edilir. Bundan başqa, əvvəlki illərdən fərqli olaraq, son illər həmsədrlər Azərbaycana münasibətdə ünvanlı proqramları həyata keçirməyə başlayıblar”.

Göründüyü kimi, Ermənistanın sabiq xarici işlər naziri özünə sərf edən tərzdə Dağlıq Qarabağ danışıqlarını interpretasiya edib. Sanki ötən 10 il ərzində həmsədrlər yalnız millətlərin öz müqəddəratını təyinetmə prinsipinə xüsusi önəm veriblər. Əslində isə məsələ heç də onun iddia  etdiyi kimi deyil. Ən azından, millətlərin öz müqəddəratını təyinetmə prinsipi Helsinki Yekun Aktına görə, ərazi bütövlüyü çərçivəsində olmalıdır. Yənu bu, müstəqillik demək deyil. Digər tərəfdən, Nalbandyan ötən 10 il ərzində aparılan danışıqlarda həmsədrlərin səsləndirdiyi bəzi məqamlara toxunmayıb. ATƏT-in Minsk Qrupu, həmsədr dövlətlər və digər beynəlxalq qurumlar dəfələrlə bəyan ediblər ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvo dəyişməlidir. Bununla yanaşı, işğal olunan ətraf  7 rayonun qaytarılması qeyd olunub. Ermənistanın Qarabağ danışıqlarında yürütdüyü aqressiv siyasət üzündən ötən 10 ildə də regionda həyata keçirilən layihələrdən kənarda qalıb. Necə ki, ondan əvvəl də kənarda qalmışdı. Ancaq, nədənsə, Nalbandyan bütün bunların heç birinə toxunmayıb. Belə olan halda, onun səsləndirdiyi fikirlər nə dərəcədə əsaslıdır?

Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, Nalbandyan 10 illik nazir olduğu dövrdə bu yöndə göstərdiyi fəaliyyəti təhrif edib: “Məsələ ondadır ki, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq təşkilatlarla yanaşı, ATƏT-in Minsk Qrupunun həmsədrləri də tanıyırlar. Məlum məsələdir ki, Ermənistan Rusiyanın forpostudur. Rusiyanın yardımı olmasaydı, Ermənistan Azərbaycanın ərazilərini işğal edə bilməzdi. Ancaq Rusiya da Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş sərhədlər çərçivəsində ərazisini tanıyır. Halbuki, bu ölkə Gürcüstandakı separatçı bölgələri tanıyıb. Başqa bir tərəfdən, bir neçə il əvvəl ABŞ-dan olan həmsədr ətraf  7 rayonun qaytarılmasının vacib olduğunu bəyan etdi. Bu istər Ermənistanda, istərsə də separatçı qurumda böyük narahatlığa səbəb oldu. Nalbandyan hansı uğurlu siyasətdən danışır ki, ötən on il ərzində Ermənistanın təcrid vəziyyətində qalması davam edib?! Bunun da başlıca səbəbi məhz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlarda rəsmi İrəvanın sərgilədiyi destruktiv siyasətdir. Hansı ki, yeni hakimiyyət də bunu davam etdirərsə, bu, Ermənistan üçün yaxşı perspektiv vəd etmir. Ən nəhayət, Azərbaycan müxtəlif səviyyələrdə dəfələrlə bəyan edib ki, ölkənin ərazi bütövlüyü müzakirə predmeti ola bilməz. Münaqişənin həlli məhz ərazi bütövlüyü çərçivəsində olmalıdır. Bu baxımdan onun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər əsassızdır və reallığı əks etdirmir”.

Vidadi ORDAHALLI

Son xəbərlər