16/10/2018 19:14
728 x 90

Putinin Paşinyana sətirlərarası mesajları...

Qabil Hüseynli: “Ermənistan-Rusiya münasibətləri ciddi sınağa çəkilməkdədir”

img

“Ermənistanda hamı Paşinyanın bu siyasəti qoruyub saxlamaq iqtidarında ola bilməyəcəyi qənaətindədir”

Məlum olduğu kimi, Ermənistanın yeni seçilən baş naziri Nikol Paşinyan ilk xarici təmasını Rusiya prezidenti Vladimir Putinlə etdi. Onun Soçi şəhərində Rusiya prezidenti Vladimir Putinlə  ilk görüşü keçirilib. Görüşdə Rusiya prezidenti Ermənistanın yeni hökumətinin dövründə də Moskva və İrəvan arasında münasibətlərin inkişaf edəcəyinə ümid etdiyini söyləyib: "Sizə hökumət başçısı vəzifəsində uğurlar arzulamaq istəyirəm. Ümid edirəm ki, münasibətlərimiz indiyə qədər olduğu kimi, sürətlə inkişaf edəcək. Rusiya Ermənistana regionda yaxın tərədaşı və müttəfiqi kimi baxır. Bura iqtisadi əməkdaşlıq və təhlükəsizlik məsələləri aiddir. Ümid edirəm ki, indiyə qədər Rusiya və Ermənistanın iqtisadi əməkdaşlıq sahəsində əldə etdiyi nəticələri qoruyub saxlamağa nail olacağıq".

V. Putin qeyd edib ki, Moskva beynəlxalq miqyasda, o cümlədən Rusiya ilə Ermənistanın bir-birini dəstəklədiyi BMT-də Ermənistanla fəal işləməkdə davam edəcək.

Göründüyü kimi, Putin yeni baş nazirin qarşısına sanki tələb qoyur. Qeyd edir ki, Ermənistanla münasibətləri əvvəlki tempdə inkişaf etdirməkdə maraqlıdır. Bu xüsusda xüsusi olaraq iqtisadi və təhlükəsizlik sahələrindəki əməkdaşlığın vacibliyinə işarə edir. Bununla Putin Paşinyana mədəni şəkildə izah edib ki, Rusiyanın prioritet hesab etdiyi sahələr üzrə əməkdaşlıq olduğu kimi qalmalıdır. Bəli, işarənin tonundan anlaşılır ki, Putin bunu xahiş kimi deyil, tələb olaraq ortaya qoyub. Putinin məhz iqtisadi və təhlükəsizlik sahəsində Ermənistanla əməkdaşlığa önəm verməsini necə qiymətləndirmək olar?

Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Putinin Paşinyanla ilk görüşü həm də kəşfiyyat xarakteri daşıyırdı: “Putin Paşinyanla yaxından tanış olmaq, onun dünyagörüşünə və bütövlükdə yürüdəcəyi daxili və xarici siyasətə dair bilgilərini almaq niyyətində olub. Putinin əsas marağı ondan ibarətdir ki, Paşinyan Qərbə nə dərəcədə maraq göstərir? O, Avrasiya İqtisadi İttifaqı ideyasına, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tələblərinə sadiqdir, ya yox? Sözsüz ki, Paşinyan bu görüşə bir neçə gün ərzində ciddi surətdə hazırlaşmışdı. Hiss edildi ki, Paşinyan Putinin bir çox sualına “hə” cavabı verməklə onun rəğbətini qazanmağa çalışırdı. Putin öz mövqeyini sərt şəkildə ona bildirdi. Hesab edirəm ki, Putin özünü təmin edəcək cavabları ala bildi. Bir sözlə, Ermənistan-Rusiya münasibətləri ciddi sınağa çəkilməkdədir. Paşinyan başda olmaqla hakimiyyətə yeni gələnlərin bu sınaqdan çıxa bilib-bilməyəcəyini gələcək göstərəcək. Ancaq daim Avrasiya İttifaqını tənqid edən Paşinyanın Soçiyə məhz həmin təşkilatın tədbirinə yollanması çox mətləblərə aydınlıq gətirmiş olur. Hazırda Ermənistanda ən çox narahatlıq doğuran problem Ermənistan-Rusiya münasibətlərinin normal qaydada saxlanmasıdır. Ona görə də Ermənistanda hamı Paşinyanın bu siyasəti qoruyub saxlamaq iqtidarında ola bilməyəcəyi qənaətindədir. Xüsusilə əvvəlki Qarabağ klanı bununla bağlı bir sıra özünəməxsus siyasi paradiqmalar irəli sürür. Serj Sarkisyan açıq-aşkar bildirmişdi ki, Paşinyanın tamamilə iflasa uğraması üçün uzağı iki-üç ay lazım gələcək. Bu zaman o, Paşinyanın Rusiya ilə münasibət qura bilməyəcəyini nəzərdə tuturdu. Tələm-tələsik Qərbə meyllənəcək ki, bu da Paşinyanın süqutuna gətirib çıxaracaq. Görüş zamanı Putin Ermənistanla iqtisadi əməkdaşlı davam edəcəklərini, hətta bu əməkdaşlığın güclənməsinə çalışacaqlarını deyib. Putin bildirib ki, Moskva Ermənistanı regionda yaxın tərəfdaşı və müttəfiqi kimi görür. Bu tərəfdaşlığa iqtisadi əlaqələr və təhlükəsizlik məsələləri də daxildir. Putin bununla Paşinyana bir çərçivə cızmış oldu. İndi görək, Paşinyan həmin çərçivə daxilində hərəkət edə biləcəkmi?

Hər şey onu göstərir ki, Ermənistanla Rusiya arasında münasibətlər əvvəlki kimi olmayacaq. Onu da qeyd edim ki, Paşinyan Rusiyanı Ermənistanla münasibətlərini dəyişməyə məcbur etməyə can atacaq. Vəziyyətin bu gedişatına Azərbaycan indidən hazır olmalıdır. Diplomatiyamız işə salınmalıdır, Rusiya ilə Ermənistanın arasının dəyməsinə öz töhfəsini verməlidir. Rusiyanın Ermənistandan daha çox Azərbaycana yaxın ola biləcəyini sübut edə bilsək, bu halda torpaqlarımızı azad etmək üçün yaxşı fürsətlər əldə edəcəyik”.

Məhəmmədəli QƏRİBLİ

 

Son xəbərlər