16/10/2018 19:09
728 x 90

Paşinyan-Sarkisyan-Petrosyan üçlüyü Qarabağ münaqişəsində Ermənistanın tərəf statusunun müzakirəsini bir-birinə qatdı…

Mübariz Əhmədoğlu: “…o da məsələni öz xeyirləri üçün təhrif edir”

img

“Bu münaqişədə iki əsas, iki maraqlı tərəf var”

Dağlıq Qarabağ probleminin nizama salınması ilə bağlı məsələdə Ermənistan siyasətçiləri arasında ciddi fikir ayrılığı yaşanır. Sabiq müdafiə naziri Vigen Sarkisyan baş nazir Paşinyanın söylədiyi fikirləri tənqid edir. Eks prezident Levon Ter-Petrosyan isə Vigen Sarkisyanın fikirləri ilə razılaşmır. Qeyd edək ki, Ermənistanın keçmiş müdafiə naziri V.Sarkisyan yeni baş nazir Nikol Paşinyanın Qarabağ münaqişəsi ilə bağlı çıxışlarına münasibət bildirib. Sabiq nazir hesab edir ki, Paşinyanın Qarabağ bəyanatları təhlükəlidir.V.Sarkisyan Paşinyanın münaqişəyə dair mövqeyinin anlaşılmaz olduğunu deyib: “Baş nazirin söylədiyi fikirlər təhlükəlidir. Əminəm ki, Paşinyan bu fikirləri ilə Ermənistanda vəziyyəti çətinləşdirməyə çalışmayıb. Onun səsləndirdiyi bəyanatlar nəinki Azərbaycanın aqressiv reaksiyasına, hətta beynəlxalq tərəfdaşlarımızın, ATƏT-in Minsk Qrupu həmsədrlərinin narahatlığına səbəb olub”.

V.Sarkisyan Paşinyanın Ermənistanı münaqişə tərəfi kimi təqdim etməsinin yalnış olduğunu bildirib: “Belə iddia ilə hər zaman Azərbaycan tərəfi çıxış edib. Həmçinin, beynəlxalq ictimaiyyət Ermənistanı Dağlıq Qarabağda təhlükəsizliyin "qarantı" kimi tanıyır, münaqişə tərəfi kimi deyil. Bu pis nəticələnə bilər. Azərbaycan da məhz bunu istəyir ki, konflikti xalqların öz müqəddəratını təyinetmə müstəvisindən ərazi bütövlüyü mübahisəsi istiqamətinə yönləndirsin”.

Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan isə müəllif məqaləsində yazıb ki, bu məsələdə Paşinyan düz mövqedədir: “V.Sarkisyan Paşinyanı danışıqların detallarını bilməməkdə ittiham etməklə öz yanaşmasını ortaya qoyur, lakin savadsız olduğunu və problemin mahiyyətini yaxşı dərk etmədiyini etiraf edir. Münaqişədə üç tərəf var: “Artsax”, Azərbaycan və Ermənistan. “Artsax” bu statusu 6 dekabr 1994-cü ildə imzalanan Budapeşt Sammitinin yekun qərarına əsasən alıb”.

V.Sarkisyan isə öz sosial şəbəkə hesabından eks-prezidentə cavab verib: “Levon Ter-Petrosyanın konfliktin həlli ilə bağlı yanaşması bizə məlumdur. Məhz bu yanaşmaya görə o, ölkə başçısı kimi mühüm postu itirməli oldu. Onun rəhbəri olduğu Erməni Milli Konqresi də məhz bu səbəbə görə  iflasa uğradı. Bu özünun ən bariz nümunəsini 2017-ci il parlament seçkilərində göstərdi. Səmimiyyətlə əmin olmaq istərdim ki, Paşinyan bu məsələdə onunla həmfikir deyil”.

Sarkisyan yazır ki, hazırkı vəziyyətdə Ermənistanın daxilində xarici siyasətin konturlarını cıza bilən bir komandanın formalaşmasına ciddi ehtiyac var: “Çünki yeni baş nazirin belə danışıqların aparılması ilə bağlı heç bir təcrübəsi olmayıb. Azərbaycan var gücü ilə çalışır ki, bu konflikti Ermənistanla Azərbaycan arasında olan ərazi mübahisəsi kimi təqdim etsin. Məhz buna görə də rəsmi Bakı daim münaqişəni “Ermənistanla Azərbaycan arasında olan Dağlıq Qarabağ münaqişəsi” adı ilə təqdim edir. Bilməliyik ki, bu konfliktdə Ermənistan Atsax” xalqının qarantı kimi çıxış edir. Ermənistan hər zaman deyib ki, Qarabağ problemi xalqların öz müqəddəratını təyinetmə istəyindən yaranıb. Biz bu mövqeyimizdə də qalmalıyıq”.

Göründüyü kimi, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı erməni siyasətçiləri arasında 3 tam fərqli fikir söylənir. Bu fikir ayrılıqlarının meydana çıxması nə ilə izah oluna bilər?

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu qəzetimizə açıqlamasında bildirdi ki, bu məsələdə heç bir erməni siyasətçisi həqiqəti danışmır: “Həqiqətə yaxın olan mövqeyi yalnız Levon Ter-Petrosyan ortaya qoyur. Ancaq o da məsələni öz xeyirləri üçün təhrif edir. Dediyiniz məsələ ətrafında mübahisəyə cəlb edilənlərdən biri V.Sarkisyandır ki, onun da dediklərinə qəti şəkildə inanmaq olmaz. Sabiq müdafiə naziri Sarkisyan və sabiq xarici işlər naziri Nalbandyanla həqiqətin arasındakı məsafə çox uzaqdır. Bu adamlar işğala rəhbərlik etmiş Serj Sarkisyanın komandasında təmsil olunublarsa, onlardan hansı obyektivliyi gözləməyə dəyər? Levon Ter-Petrosyana gəldikdə isə, bir qədər həqiqətə yaxın danışır. Hiss olunur ki, onunla Paşinyanın bu məsələdə mövqeyində yaxınlıq var. 1994-cü ilin dekabr ayında o vaxtkı ATƏM-in Budapeşt Sammitinin qərarı var. Orada göstərilir ki, Dağlıq Qarabağ münaqişəsinin iki tərəfi var. Bunlar Azərbaycan və Ermənistandır. Sənəddə, həmçinin, qeyd edilir ki, Dağlıq Qarabağ münaqişəsinin iki maraqlı tərəfi var. Bunlar da həmin yerin azərbaycanlı və erməni əhalisidir. Sonradan bunların adına icma deyildi. Qısası, qeyd edim ki, bu münaqişədə dörd tərəf var. Bunların ikisi əsas tərəfdir - Azərbaycan və Ermənistan. Digər ikisi isə maraqlı tərəfdir ki, onlar da lazım olanda prosesə paritet əsaslarla qoşula bilərlər. Bunlar da Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarıdır”.

Məhəmmədəli QƏRİBLİ

 

 

 

Son xəbərlər