16/08/2018 13:52
728 x 90

Ermənistanda qeyri-müəyyənlik Qarabağ münaqişəsinin müharibə fazasına keçməsini tətikləyir

img

Bu gün Cənubi Qafqazda proseslərə mənfi rakursdan təsir göstərən başlıca məqamlardan biri, heç şübhəsiz, Dağlıq Qarabağ münaqişəsidir. Məhz bu münaqişənin mövcudluğu bölgədə sülhü daim təhdid altında saxlayır, regionun daha dinamik inkişafını əngəlləyir. Məsələnin narahatlıq yaradan daha bir tərəfi bundan ibarətdir ki, sözügedən konflikt istənilən an qaynar mərhələyə qədəm qoya bilər. Bunun ümdə səbəbi Ermənistanın münaqişə ilə bağlı tutduğu qeyri-konstruktiv mövqe, xüsusən də bu ölkədə hakimiyyət dəyişikliyindən sonra Qarabağ məsələsində yaranan qeyri-müəyyənlikdir.

Hesab edilir ki, bu qeyri-müəyyənlik davam edərsə, məsələnin güc yolu ilə çözümü qaçılmaz olacaq. Bununla bağlı Rusiyanın “rosbalt.ru” saytı yazır: “Ermənistandakı inqilab əvvəlkitək “düşmən” Azərbaycan və Türkiyə ilə həmsərhəd olan respublikanın “coğrafıya”sını deyil, hakimiyyətin rəhbərliyini dəyişib. Postsovet məkanında ən qədim və tənzimləmək üçün ən ağır Qarabağ münaqişəsi kütlənin köməyi ilə hakimiyyəti onun baş nazirliyinə razılaşmağa vadar edən müxalif lider Nikol Paşinyana miras qalıb. Ermənistanın əvvəlki rəhbərliyi dönəmində ümid vardı ki, bu qismən həll olunacaq, ilk növbədə Dağlıq Qarabağ ətrafıındakı işğal edilmiş, demək olar, bütün ərazilər Azərbaycana qaytarılmaqla məsələnin həllinə başlanacaq. Amma bu cür ssenari Ermənistan siyasətinin “qırğılar”ına, diasporanın bir bölümünə və müəyyən xarici-siyasi dairələrə  tamamilə yad idi. Və budur, nə dövlət idarəçiliyində, nə də diplomatiyada təcrübəsi olan inqilabçı Paşinyan Ermənistanın birinci şəxsi olub. Amma gözəl anlayır ki, Rusiya ilə bütün “keçmiş” antaqonizminə baxmayaraq, ondan Ermənistanı öz torpaqlarını qaytarmaq istəyən Azərbaycandan “qorumaq”da istifadənin hələlik başqa yolu yoxdur. Yəni İrəvan Moskvaya möhtacdır. Və budur, o, Soçidə Avrasiya İqtisadi Birliyi ali şurasının toplantı meydanlarında Rusiya prezidenti Vladimir Putinlə ilk dəfə görüşüb.

Və rəsmi informasiya hər necə olsa da, yenə də bu görüş inqilabçı baş nazir üçün əlverişli görünmür, çünki onların siyasi “çəki”si, keçilən yol və ideologiyadakı fərqlər son dərəcə böyükdür. Belə ki,Putin başlanğıc üçün Paşinyana eyham vurub ki, İrəvan əvvəlki münasibətləri saxlamalıdır. İrəvan Rusiyayönlü kursdan sapsa və Qarabağ üzrə danışıqlar prosesində “hoqqalar” çıxartsa, ona və Ermənistana heç bir şans verilməyəck. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov elan edib ki, tərəflərin  Soçidə ikitərəfli əməkdaşlıqla bağlı müzakirəsi başlanğıc üçün dərin olmayıb: “Bu ilk, özlüyündə iki dövlət başçısının bir-birilə tanışlığı baxımından önəmli təmasdır”. Bəli, Putinlə görüş sizin üçün küçələrdə  bel çantası ilə yüyürmək deyil, bu artıq böyük siyasət və bütün ölkəyə görə böyük məsuliyyətdir. Paşinyanın rəhbərlik etdiyi Ermənistanın Rusiyanın strateji tərəfdaşı Azərbaycanla savaş durumunda olduğu da nəzərə alınarsa, o bunu “dartacaqmı”?

Paşinyan Soçi səfəri və Putinlə görüşdən qabaq Rusiya qarşısında təzimlə salam verib – Ermənistan KİV-ləri onun müsahibəsini tirajlayıb. Deməli, o əminlik ifadə edib ki, Rusiya-Ermənistan münasibətləri dəyişiləcək, özü də yaxşılığa doğru. İnandırıb ki, nə Qərbyönlü, nə də Rusiyayönlü siyasətçidir: “Mən Ermənistanyönlü siyasi xadiməm”. Uyğun olaraq Ermənistanın həm AİB-ə, həm də KTMT-yə üzvlüyü onun üçün önəmlidir. Paşinyan hesab edir ki, birinci təşkilat öz iqtisadi potensialını gerçəkləşdirməyib və “bütün problemlər buradandır”. Amma “yeni adamın gəlişi bunların həlli üçün təkan olacaq”. Paşinyanın ideyaları yetərincədir və onun sözlərinə görə, bunları “təklif etmək” niyyətindədir.

KTMT-yə gəlincə, dəqiqləşdirmək gərəkdir ki, onun fəaliyyəti “əməl”də nəyi ifadə edir. Yəqin ki, Azərbaycan onun ölkəsinə hücum etmək, daha dəqiqi, işğal edilmiş əraziləri hərbi yolla qaytarmaq fikrinə düşərsə, Paşinyan birinci növbədə ölkəsinin təhlükəsizliyinə qəti zəmanət almaq istərdi. O əmin edib: “Ermənistan Kollektiv Təhükəsizlik haqda Müqavilənin üzvü idi və üzv kimi qalacaq”.

Ermənistan lideri deyib ki, ölkəsi o cümlədən silah tədarükü məsələsində Rusiya ilə çox sıx bağlıdır: “Bu, milli maraqlar və Ermənistanın təhlükəsizliyi məsələsidir. Biz bu hərbi müqavilələrin genişlənməsi və həcmi haqda düşünməliyik”.

Paşinyan iddia edir ki,  Türkiyə ilə ilkin şərtlərsiz dialoqa hazırdır. Amma bax, Azərbaycanla işlər daha pisdir. Və populizm səviyyəsində hoqqalara yer yoxdur.

Birincisi, Paşinyan bildirib ki, erməni xalqı Qarabağda qələbəni möhkəmləndirməyə heç vaxt bu qədər yaxın olmayıb. İkincisi, Paşinyan Qarabağ üzrə istənilən güzəşti istisna edərək Ermənistanın adından tamdəyərli danışıqlar aparmağa hazır olduğunu bildirir, amma qeyd edir ki, Dağlıq Qarabağın adından danışıqları  “DQR” rəhbərliyi aparmalıdır”. Onun sözlərinə görə, nə qədər ki “Azərbaycan təcavüzkar ritorikaya əl atır və Ermənistan ərazilərinin qəsbindən danışır”, güzəştləri müzakirə etmək mənasızdır. Yada salaq ki, tezliklə baş nazir olan inqilabçı İrəvanda mitinqlərin gedişində car çəkib: “Yaşasın Ermənistan Respublikasının ayrılmaz hissəsi olmalı olan Dağlıq Qarabağ Respublikası!”

Razılaşaq ki, bu bəyanatların hamısı bir-birinə ziddir. Və Paşinyan populist ritorikadan populist fəaliyyətə keçərsə, yəni İrəvan “DQR”in müstəqilliyini birtərəfli qaydada tanısa, ya da onun Ermənistana birləşdirilməsini bildirsə, Azərbaycan hökmən buna müharibə ilə cavab verəcək. Bakı hələlik heç bir kəskin hərəkət etmir – müxtəlif ölkələrdən qonaqlarla onun üçün mühüm bayramları qeyd etməyə hazırlaşır. Bəs şənliklərdən sonra nə olacaq? Ermənistanın yeni, sayca dördüncü prezidenti Armen Sarkisyan bildirib ki, Ermənistanda hakimiyyət dəyişikliyinin Bakı ilə dialoqa təsir edib-etməyəcəyi sualını cavablandıra bilməz: “Bunu heç cür şərh edə bilmərəm, çünki Prezident İlham Əliyevi şəxsən və yaxşı tanıyıram. Amma durum və siyasət elədir ki, məqam çox həssasdır, yəni Dağlıq Qarabağda gərginliyin artacağını heç bir halda istisna etmək olmaz”.

Lakin Paşinyan açıq ehyam vurub ki, danışıqlar formatının dəyişdirilməsində israr edir və “Qarabağ bizimdir”. Əlbəttə, Bakı onun birbaşa çıxışını cavabsız qoya bilməzdi. Prezident İlham Əliyev deyib: “Azərbaycan bayrağı işğal edilmiş bütün ərazilərdə, o cümlədən Şuşa və Xankəndidə qaldırılacaq”. Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü danışqıların predmeti deyil.“Azərbaycan xalqı və dövləti Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcək. Kimsə başqa cür düşünürsə, hədər illüziyadır… Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”.

Danışıqlar formatının dəyişdirilməsinə gəlincə, Azərbaycan XİN başçısının müavini Xələf Xələfov bildirib ki, bu format artıq çoxdan təsdiqlənib və “Dağlıq Qarabağın separatçı rejimi buna tərəf kimi qatıla bilməz”. O deyib ki,  müzakirələrin predmeti yalnız işğal olunmuş ərazilərin azad edilməsi və orada erməni azlığın və azərbaycanlıların birgə yaşaması ola bilər.

Bir sözlə, Paşinyan  hər halda, hələlik  güzəştə meylli deyil, lakin təzəcə vəzifə alan erməni lider dövləti fəaliyyət təcrübəsi gəlişdikcə güzəştlər elmini mənimsəməlidir. Əlbəttə, Azərbaycan ona bunun üçün vaxt verərsə. Paşinyan isə münaqişə zonasında status-kvonu saxlamaq üçün hələlik Rusiya ilə işləməli olacaq. Amma bu, Azərbaycanı qane etmir, hərçənd, ona da müharibə lazım deyil. Lakin Bakı da İrəvan kimi bir çox amillərə, başlıcası, Rusiyaya görə ehtiyatlı hərəkət etməli olur. Rusiya Ermənistanın “təhlükəsizliyinə zamin” olmasaydı, “qaytarma instinkti” Azərbaycana özününkünü qaytarmağa mane ola bilməzdi.

Yada salaq ki, münaqişə 2016-nın aprelində güc mərhələsinə keçib, amma Rusiyanın səylərilə tezliklə neytrallaşdırılıb. Lakin hansısa 3-4 gündə erməni tərəfdən xeyli adam həlak olub. Ciddi deyilsə, durum dalana girdiyi üçün hərbi eskalasiya başlanmışdı. İndi də belədir, buna görə də hərbi əməliyyatların – irimiqyaslı, ya da hədə üçün – təzələnməsini istisna etmək olmaz.  Belə ki, xalq etirazları dalğasında hakimiyyətə gəlmiş Paşinyanın, ehtimal ki, heç kimə heç nə vəd etməyərək güzəştlər və Qarabağ istiqamətində ermənilərin “qələbəsi”nə boş  əminliyin olmaması üstündə qurulan keyfiyyət dəyişiklikləri gətirən  Rusiya “örtüyü” ümidilə danışıqlar prosesində İrəvanın mövqeyi sərtləşdirməməyinə dəyər.

Müharibə başlasa, ermənilər bütün “vətənsevərlik”lərilə yanaşı əvvəlkini, Serj Sarkisyanı süpürdükləri kimi, yeni liderlərini də süpürəcəklər, lakin ədalət naminə qeyd etməyə dəyər ki, o, məsələni hərbi əməliyyatların tammiqyasda təzələnməməsinə çatdırmağa nail olmuşdu. Və Qarabağ kontekstində zaman-zaman Ermənistanın gah bu, gah da o biri prezidentinin başına qaxılan “məğlubçuluq əhvali-ruhiyyəsi” qəflətən tələbedilən həddə gələ bilər. Amma bu artıq xeyli qan töküləndən sonra olacaq. Deməli, buna çatdırmağına dəyərmi?

Çətin ki, Ermənistan indi Rusiyanın gözündə olsun – müxtəlif daxili və xarici “cəbhələr”də onun işləri onsuz da o qədər yaxşı deyil. Amma Ermənistan-Azərbaycan münasibətlərində “iks saatı”nı fövtə verməyə sadəcə haqqı yoxdur – bu onun xarici siyasətində, Rusiya sərhədlərinin təhlükəsizliyində, bütün təsir iddialarında, bütünlükdə Cənubi Qafqazın sabitliyində əks olunacaq. Moskanın sərəncamında Ermənistana basqının geniş spektri var və bundan faydalanmalıdır. Əlbəttə, Paşinyan siyasətdə anlaqlıdırsa, “yerliciyəz vətənsevərliyinə” qıcqıran qaynar inqilabi romantizm soyuq praqmatizmlə əvəzlənəcək. Buna görə də Ermənistanda hər şeyi dəyişə biləcək erkən seçkilər hökmən elan olunacaq. Axı indiki halda durum olduqca yöndəmsizdir – parlament çoxluğu müxalifətdədir, icra hakimiyyəti isə azlığın hökumətini təmsil edir. Bu, daxili siyasi sabitliyə güclü mane olur və keçmiş hakim partiyanın yeni hökumətin qanunvericilik təşəbbüslərini sabotaj etmək təhlükəsi var ki, bu da ölkənin təkcə daxili siyasi böhranda deyil, həm də başqa bir ölkə ilə savaş durumunda olduğu zaman xüsusən təhlükəlidir.

Belə bir ikihakimiyyətliliyin nə qədər çox çəkəcəyini söyləmək çətindir, çünki Paşinyan yalnız seçki məcəlləsi dəyişiləndən sonra erkən parlament seçkiləri keçirməyə hazırlaşır. Buna vaxt və ola bilsin, parlamentdə mandat çoxluğuna  malik  Respublika Partiyasından deputatların sərt müqaviməti sərf ediləcək. Paşinyan artıq bir dəfə onları öz namizədliyini baş nazirliyə təsdiqləməyə məcbur edib. O, seçki qanunvericiliyinin dəyişilməsilə bağlı öz niyyətini həyata keçirə biləcəkmi, yaxud inqilab onun resursunu tükədib? Və ümumiyyətlə, küçənin basqısı altında deputatları qərar almağa məcbur etmək düzgündürmü? Ermənistan permanent inqilablar yolundan çıxmasa, onu Azərbaycansız da məhv edəcəklər. Belə ki, Əliyevlə Ərdoğan sakitcə kofe içə bilərlər: “düşmənlər” özləri hər şeyi onlarsız da edəcək”.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

 

Son xəbərlər