28/05/2018 05:29
728 x 90

Azərbaycan bu il neftdən əlavə olaraq bir neçə milyard qazanacaq

img

Dünya geosiyasətində baş verənlər neftin qiymətinə indi daha dinamik formada təsir göstərəmyə başlayıb.  Xüsusən də İrana qarşı ABŞ-ın gedişləri neft bazarında qiymətləri gözlənildyindən də böyük sürətlə yüksəldir. Hələ ilin əvvəlində neftin qiymət artımının 75 dollarlıq həddə noyabr, dekabr aylarında çatması proqnozlaşdırılırdısa, artıq il yarı olmamış qiymtər göstərilən səviyyəni də keçib.

Məsələn, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,81 dollar bahalaşaraq 78,61 dollar olub. “Brent” markalı neftin bir barrelinin qiyməti 78,17 dollar, “Light” markalı neftin bir barrelinin qiyməti isə 70,88 dollar təşkil edir. Artıq yaxın günlərdə qiymətlərin 80 dolları keçməsi də tamamilə gözlənilən sayılır. ABŞ prezidenti Donald Trampın İrandan alınan neft və neft məhsullarının həcmini əhəmiyyətli dərəcədə azaltmaq barədə əmr verməsi də qiymətləri artıran başlıca faktorlardandır.

Tramp məsələ ilə bağlı ABŞ Dövlət Katibliyi, Maliyyə və Energetika Nazirliyinə yazılı əmr göndərib. Burada deyilir: "İrandan birbaşa və ya beynəlxalq maliyyə qurumları vasitəsilə neft və neft məhsulları alışını əhəmiyyətli dərəcədə azaltmaq üçün digər ölkədən yetərli miqdarda alış gücünə malik olduğumuzu müəyyən etdim". Bu xəbərin özü artıq neft qiymətlərini yüksəldən başlıca faktorlardan birinə çevrilib. ABŞ-ın “Bank of America Merrill Lynch” investisiya bankı bəyan edir ki, bu gedişlə tezliklə dünya bazarında xam neftin 1 barrelinin qiyməti 100 dollara çata bilər.  “Bank of America Merrill Lynch”ın əmtəə araşdırmaları müdiri Fransisko Blanç bildirir ki, Venesuelanın xam neft hasilatında, İranın isə xam neft ixracında azalma ehtimalı qiymətləri qaçılmaz edir.

 Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban da baş verənlərin qiymətləri xeyli yüksəltməsini qaçılmaz sayır: “İrana qarşı sanksiyaların genişləndirilməsinin dünya neft bazarına təsirləri nə olacaq. Bundan öncəki sanksiyalar tətbiq edilən zaman dünya bazarına təsirləri olmuşdu. Beynəlxalq enerji mərkəzləri, agentliklər, o cümlədən maliyyə institutları artıq yeni sanksiyalarla bağlı müəyyən araşdırmalarını ortaya qoyur. Hazırda neftin qiymətinin 75-80 dollar dəhlizinə çatması da məhz sanksiyalarla bağlı ortaya gələn münasibətlərdən doğur. Baxmayaraq ki, ABŞ administrasiyasının İrana qarşı sanksiyası imzalanıb, amma hazırda qüvvədə deyil. Sanksiyanın qüvvəyə minməsi bu ilin noyabrında gündəmə gələcək. O zaman İranın dünya bazarına çıxardığı neft təqribən 1 milyon barrel azala bilər. Bəziləri gözləyir ki, azalma 500 min barrel də ola bilər. Çünki sanksiyaların hansı müddəalarla, hansı şərtlərlə tətbiqi hələ dəqiqliklə bilinmir. Ancaq istənilən halda, ABŞ-ın sanksiyaları İranda neft hasilatının azalmasına, o cümlədən də onların dünya bazarına çıxardığı neftin həcminin azalmasına gətirib çıxaracaq”.  Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov da vurğulayır ki, qiymət yüksəlişi qaçılmazdır: “Bildiyiniz kimi, İran dünya bazarına neft ixrac edir və sanksiyalar ucbatından bu neftin ixracında problem yarana bilər. Bir sözlə, İrana qarşı sanksiyalar dünya iqtisadiyyatına öz təsirini göstərməkdə davam edəcək”.

İqtisadçı  Vüqar Bayramov da bildirib ki, ABŞ prezidentinin son qərarı neft bazarına həm psixoloji, həm də iqtisadi təsirlər göstərir: “Belə ki, ötən il 2.13 milyon barrel gündəlik neft ixracatına malik olan İranın 2018-ci ilin növbəti aylarında “qara qızıl” nəqlini gündəlik 500 min barrel azaltması təhlükəsi var. Bu, iqtisadi baxımdan neftin hər barrelində 6 dollar artım deməkdir. Sanksiyalar fonunda gələn il cənub qonşumuz dünya bazarına gündəlik daha 150 min barrel az neft çıxara bilər. Bu isə neft bazarında təklifin hiss ediləcək səviyyədə azalması demək olacaq”. İqtisadçının sözlərinə görə, Səudiyyə Ərəbistanı ilə bir il öncə 110 milyard dollarlıq silah alveri imzalayan ABŞ administrasiyası neftin dünya bazar qiymətinin yüksəlməsini əvvəlki kimi həssaslıqla qarşılamır: “Yüksək qiymətlər Ağ Evin Yaxın Şərqdəki silah alıcıları olan müttəfiqlərinin də gəlirlərini artırır. Səudiyyə üçün neftin bir barrelinin qiymətinin 85 dollar olmasının məqbul hədd sayıldığını nəzərə aldıqda hazırkı qiymət Ər-Riyadın maraqlarına tam uyğun gəlir”. V.Bayramov İrana tətbiq edilən sanksiyaların Azərbaycana birbaşa və dolayı təsirlərindən də danışıb: “Neftin dünya bazar qiymətinin yüksəlməsi Azərbaycana daxil olan valyutanın həcminin artmasına gətirib çıxarır. İqtisadi və Sosial İnkişaf Mərkəzinin hesablamarına görə, neftin 2018-ci ildə bir barrelinin orta qiyməti 70 dollar olarsa, o zaman Azərbaycan əlavə olaraq 4,282 milyard manat, 75 dollar olarsa, 5,139 milyard manat gəlir əldə edəcək. Bu isə ölkənin daxilolmalarının artması baxımından vacibdir”.

Beynəlxalq Valyuta Fondu (BVF) isə bildirir ki, neftin yüksək qiymət artımı fonunda Azərbaycanda balanslı və dayanıqlı iqtisadiyyat bərpa olunub və yaxın gələcəkdə mühüm iqtisadi artımların olacağı istisna edilmir. BVF-nin proqnozlarına görə, gələn il iqtisadiyyatda artım 2 bənd çox olacaq. Bundan başqa, beynəlxalq maliyyə qurumunun hesabatında qeyd olunub ki, Qafqaz və Mərkəzi Asiyada iqtisadi artım 2017-ci ildəki gözləntiləri üstələyib. Belə ki, 2017-ci ildə neftin qiymətinin kəskin yüksəlməsi nəticəsində Qafqazın və Mərkəzi Asiyanın neft ixracatçısı ölkələrindən Azərbaycan və Qazaxıstanda iqtisadi artım 4 faiz təşkil edib. Azərbaycanda yüksək dövlət investisiyaları digər sektorlarda olan zəifliyi kompensasiya edərək artıma töhfə verib. Hesabat müəllifləri qeyd ediblər ki, neft ixrac edən ölkələrin, o cümələdən,  fiskal mövqeyi də yaxşılaşıb: ”Kapital xərcləri ilə bağlı əsaslı artım planları Azərbaycanda iqtisadiyyatın absorbasiya qabiliyyətini yüksəldə bilər”.

Nahid SALAYEV

Son xəbərlər