20/08/2018 06:32
728 x 90

“Əl-Qaidə” və “Hizbullah” İsrailə qarşı eyni cəbhədə yer alır

Qüds olayları İran-İsrail savaşını tətikləyir

img

Qüdslə bağlı ABŞ-ın son addımı Yaxın Şərqdə onsuz da gərgin vəziyyəti daha dramatik məcraya yönəldib. Xatırladaq ki, Qüdsün cənub bölgəsində yerləşən Arnona rayonunda  rəsmi olaraq ABŞ-ın İsraildəki səfirliyinin açılış mərasimi keçirilib. Bu isə bölgədə tamam fərqli vəziyyətə səbəb olub.

Qeyd edək ki, Qüdsün statusu 1974-cü ilin noyabrında BMT Baş Assambleyasının 181 saylı qətnaməsi ilə müəyyənləşib. Qətnaməyə əsasən, Qüds iki hissəyə ayrılmalı idi – yəhudi və ərəb dövlətinə. Lakin nə İsrailə, nə də Fələstinə məxsus olmamalı, beynəlxalq nəzarətə verilməli idi. Buna səbəb müsəlmanların, xristianların və yəhudilərin müqəddəs məkanlarının bu şəhərdə yerləşməsidir. Müsəlmanlar üçün ən müqəddəs yerlərdən biri Həram əs-Şərif məscidinin yerləşdiyi müqəddəs məbədgah kompleksidir. Bura İslam dünyası üçün əhəmiyyətinə görə 3-cü ibadət yeri sayılan əl-Aqsa məsçidi də daxildir. Burada yəhudilərin ən müqəddəs saydığı Ağlama Divarı və xristianların Müqəddəs Məzar Məbədi də yerləşir. Amma ABŞ-ın səfirlyini Qüdsə köçürməsi vəziyyəti dəyişib və yeni qarşıdurmalara rəvac verib. Məsələ burasındadır ki, İsrailə qarşı olan qruplaşmalar artıq aktiv hərəkətə keçməyə başlayıb. “Əl-Qaidə” terror təşkilatının lideri Ayman əz-Zəvahiri uzun illərdən bəri ilk dəfə videomüraciətlə çıxış edərək, Birləşmiş Ştatların Qüdsdə səfirlik açmasına görə bu ölkəyə qarşı qlobal cihada çağırıb. Hətta “Hizbullah” hərəkatı artıq İsrail mövqelərinə zərbələr endirir. Belə vəziyyət isə ilk növbədə İsrailin livan və Suriya ərazisində “Hizbullah”a, onun arxasında dayanan İrana qarşı aktiv hərbi əməliyyatlara başlması deməkdir. Elə ABŞ-ın “Foreign Policy” nəşri də bölgədə qanlı savaşa start verildyini yazır. Hesab edilir ki, bu savaş İsrail və İran arasında özünü daha qabarıq surətdə büruzə verəcək: “İran-İsrail ziddiyyəti gərginləşib. Hətta ABŞ müdafiə naziri Ceyms Mattis ilk dəfə  iki tərəf arasında birbaşa qarşıdurma ehtimalı haqqında danışıb. Səhv anlama və qarşıdurma risqinin artdığı həssas bir anda Vaşinqtondakı siyasətçilər İranın Suriyadakı məqsədlərini daha aydın şəkildə başa düşməlidir. Bu məqsəd İsraili və Suriyadakı digər böyük xarici aktorları çəkindirməyə yönəlib.

İranın strateji niyyətlərinin yanlış anlaşılması, xüsusilə də ABŞ prezidenti Donald Trampın İranla nüvə razılaşmasından çıxmağı qərara alması və ölkəsinin səfirlyini Qüdsə köçürməsi nəticəsində  hərbi qarşıdurma və eskalasiya ilə nəticələnə bilər. Belə vəziyyətdə Təl-Əviv “qırmızı xətlər”inə əsaslanıb Suriyada İranla qarşılaşmaq istəsə, bu, İsrail üçün baha başa gələcək taktikadır. İsraillilər üçün İranın hərbi inkişafı dözülməzdir. O, Suriyada daimi İran hərbi bazaları ilə “qırmızı xətlər”in keçildiyini düşünür. İndilikdə yaşanan qarşıdurma vəziyyətlərində İran qəti cavab verməyən, passiv tərəf kimi təsvir olunur. Bu təsəvvürlərin hər ikisi potensial təhlükəlidir, xüsusilə də guya İranın mümkün hərbi hücumlara reaksiya verməyəcəyi qənaəti…

İran və tərəfdaşları daim İsrail əleyhdarı kimi görünsə də, bu, İranın prioriteti deyil. Suriya İranı mühüm strateji dərinliklə təmin edir, Livan vasitəsilə gücünün layihələndirilməsinə imkan verir, “Hizbullah”a qapı açır və o, İsraili çəkindirir. Əsəd rejiminin süqutu və Suriya dövlətinin parçalanması ərəb dünyasındakı ittifaq itkisidir; bu, İrana ciddi zərbə vurardı. Buna görə də, İran baxımından Suriyada şahmat partiyası təhdid altındadır. Həqiqətən, İran hökuməti Əsədə qarşı qiyamı İranı zəiflətmək üçün nəzərdə tutulan xarici sui-qəsd hesab edir, birbaşa təhdid kimi görür, “hətta Suriyanı itirdiyimiz təqdirdə Tehranı qorumaq mümkün deyil”, – deyə iddia edir. Tehranın perspektivlərindən İsrailin İran və Suriyadakı müttəfiqlərinin mövqelərinə hücumları, ABŞ və Səudiyyə ritorikası ilə yanaşı, İranın çəkindirmə qabiliyyətini pozmağa yönəlib.

İran bu qərara gəlib ki, Suriyanın “müqavimət oxu”nda qalmasının ən yaxşı yolu Suriya dövlətinin öz ərazisinə tam nəzarət etməsinə əmin olmaq, İŞİD-dən sonra ölkəni silahlı birləşmələrdən təmizləməkdir. Doğrudur, İran və onun militanlarının, Suriya hökuməti və Rusiya ilə müqayisədə, bu sahədə üstünlüyü var, ancaq Türkiyə və Birləşmiş Ştatların hərbi iştirakı nəzərə alınmaqla, Əsədin tam qələbəsinə və ölkəni birləşdirə biləcəyinə heç bir zəmanət yoxdur. Üstəlik, Tehranın rəyincə, vəziyyət daha təhlükəlidir, çünki Birləşmiş Ştatlar Suriyanı bölmək niyyətindədir.

Suriya münaqişəsindəki xarici aktorların iştirakı ilə ən güclü üç qrup: Türkiyə və onun müttəfiqləri; Suriya Demokratik Qüvvələri və onun əsas dəstəkçisi olan ABŞ; Əsəd hökuməti və onun müttəfiqləri, o cümlədən İran güclü rəqabət aparır. Bununla belə, İranın “Qüds” qüvvələrinin komandanı Qasim Süleymani hələ yanvar ayında vurğulayıb ki, 300 nüvə başlığı ilə İsrail təcavüzkar gücdür və preventiv zərbələr həyata keçirməyə meyllidir. Yəni İran Suriyadakı geniş hədəflərini pozan İsrailin “qırmızı xətlər”inə riayət etməyəcək. Tehran öz cəzalandırma doktrinasına uyğun şəkildə İsrailin hücumlarına cavab verməyə məcbur olacaq. Bu da, öz növbəsində, eskalasiya risqlərini artırır və Suriyada həm İsrail, həm də İran olduqca ehtiyatlı olmalıdır”.

Tahir TAĞIYEV

Son xəbərlər