16/10/2018 19:09
728 x 90

Ermənistanın yeni müdafiə naziri Qarabağda güc tətbiqindən danışdı...

“Yeni müdafiə nazirinin güc tətbiqi ilə bağlı verdiyi anons çox gülüncdür”

img

Daşdəmir Əliyev: “Onlar bir dəfə 2016-cı ildə belə cəhd etdilər və nəticəsini gördülər”

 

Ermənistanın baş naziri Nikol Paşinyan FHN-in rəhbəri vəzifəsini icra edən David Tonoyanı ölkənin müdafiə naziri təyin edib. Erməni mətbuatının verdiyi məlumata görə, Paşinyan yeni müdafiə nazirini şəxsən kollektivə təqdim edib. Həmin təqdimat zamanı Paşinyan keçmiş müdafiə nazirinə də minnətdarlığını bildirib.

Yeni müdafiə naziri ona göstərilən yüksək etimada görə Paşinyana minnətdarlığını ifadə edib və deyib ki, onun üçün əvvəl çalışdığı atmosferə qayıtmaq xoşdur: “Əmin edirəm ki, silahlı qüvvələrin döyüş hazırlığı ən yüksək səviyyədə olacaq ki, danışıqlar prosesini lazımi şəraitdə aparmağa münbit şərait yaransın. Hətta lazım gələcəksə, biz bu vəziyyətin yaranmasını güc tətbiqi ilə də təmin edəcəyik”.

Göründüyü kimi, yeni müdafiə naziri danışıqlar prosesində Ermənistanın üstünlüyü təmin etmək üçün güc tətbiqinin olacağını belə istisna etmir. Yeni nazirin bu cür radikal mövqeyi nəyin göstəricisi sayıla bilər?

Ekspert Daşdəmir Əliyevin sözlərinə görə, bu cür ritorikadan hiss edilir ki, Paşinyanın formalaşdırdığı komanda daha sərt siyasət aparmaq niyyətindədir: “Paşinyan baş nazir seçilən kimi qondarma qurumun ərazisinə səfər etdi. Oradakı davranışları, səsləndirdiyi fikirlərdən sonra aydın oldu ki, bu adam normal siyasət yürütmək niyyətində deyil. Bütün dünya birliyi və onun özü də gözəl bilir ki, onun devirdiyi Sarkisyan bu cür siyasi kursla uçuruma yuvarlandı. Onlar dərk etməlidirlər ki, bu vəziyyətdən Ermənistanı çıxarmaq üçün konstruktiv yol tutmalıdırlar. Onun təyin etdiyi müdafiə nazirinin ilk bəyanatı sübut edir ki, yaxın zamanlarda onlardan heç bir irəliləyiş gözləməyə dəyməz. Görün vəziyyət nə həddə çatıb ki, Ermənistanın sabiq müdafiə naziri Viqen Sarkisyan yeni baş nazir N.Paşinyanın Dağlıq Qarabağ münaqişəsi məsələsilə bağlı fikirlərini təhlükəli adlandırıb. Məlumdur ki, Paşinyanın davranışlarına Azərbaycandan sərt reaksiya verildi. Qeyd edilir ki, bu cür bəyanatlar vasitəçilərin də narahatlığına səbəb olub. “Qarabağ klanı” Ermənistanda hakimiyyətdən getsə də, Sarkisyan-Köçəryan tərəfdarlarının işğal altındakı Dağlıq Qarabağda mövqeyi kifayət qədər güclüdür. Separatçı rejimin başçısı, qarabağlı Bako Saakyan da daha çox qarabağlı Sarkisyana, Köçəryana yaxındır, nəinki Paşinyana. Qarabağ məsələsi isə Ermənistanın istənilən liderinin siyasi taleyində həlledici rol oynayır. Bu səbəbdən də onlar bu mövzu ilə spekulyasiya edirlər. Yeni müdafiə nazirinin güc tətbiqi ilə bağlı verdiyi anons çox gülüncdür. Onlar bir dəfə 2016-cı ildə belə cəhd etdilər və nəticəsini gördülər. Azərbaycan Ordusu çox qüdrətlidir. Biz dəfələrlə bəyan etmişik ki, danışıqlar yolu ilə münaqişənin həllində irəliləyiş tapılmasa, hərbi yol istisna deyil. Bu baxımdan da yəqin ki, Ermənistanın yeni müdafiə naziri bir qədər həyəcanlı danışıb. Bizim deməli olduğumuzu öz adından səsləndirib. Belə hədələrlə onlar öz mahiyyətlərini açmış olurlar və bütün dünyaya  sülhə sadiq olmadıqlarını sübut edirlər”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər