16/08/2018 13:51
728 x 90

Erməni xalqının “heç vaxt indiki qədər olmayan hörməti” – Paşinyanın Soçi lovğalığı…

Təcavüzkara susan xalq necə hörmətli ola bilər…

img

“Bu başlanğıcla Ermənistan nəinki irəliyə gedəcək, əksinə, onun vəziyyəti daha da korlanacaq”

Rauf  Zeyni: “İndiki məqamda xalq onun tutduğu yola, yürütdüyü siyasətə etiraz etmirsə, demək, hörmətə, ehtirama layiq deyil”

 

Ermənistanın yeni baş naziri Nikol Paşinyan Avrasiya İttifaqının toplantısında iştirak etmək üçün Rusiyanın Soçi şəhərinə yollanıb. Həmin səfəri çərçivəsində Paşinyan Adler şəhərindəki  “Müqəddəs Sarkis” erməni kilsəsini ziyarət edib. Baş nazir orada yepiskop Movses Movsipyanla və erməni diasporunun yerli fəalları ilə görüşüb.

Paşinyan onun hakimiyyətə gəlməyi üçün göstərdikləri dəstəyə görə həmin diaspor fəallarına təşəkkürünü bildirib. Qeyd edib ki, artıq yeni Ermənistan qurulub: “Mən hamınızı salamlayıram. Qardaş Rusiya dövlətinə sizə yaratdığı şəraitə görə minnətdarlıq edirəm. Son proseslərdə mən sizin hər birinizin dəstəyini hiss etdim. Mən sizin aranızdakı bütün iş adamlarını Ermənistana sərmayə qoymağa çağırıram. Gəlin, iş qurun, yeni iş yerləri açın. Əmin edirəm ki, sizin investisiyanızın hər bir qəpiyi zəmanət altında olub qorunacaq. Ermənistan dövlətinin və millətinin reputasiyası heç vaxt belə yüksək səviyyədə olmayıb. Bu vəziyyətdən istifadə edib, hamılıqla öz vətənimizin çiçəklənməsinə çalışmalıyıq”.

Çox maraqlıdır ki, Paşinyan özünün hakimiyyətə gəlməsindən sonra Ermənistan və erməni xalqı barədə boğazdan yuxarı danışmağa başlayıb. Hətta qeyd edir ki, onun xalqı və dövləti indiyə qədər belə müsbət reputasiyada olmayıb. Ermənistanda hansı kardinal dəyişiklik baş verib ki, yeni baş nazir özlərinə layiq olmayan epitetləri yapışdırmaq isəyir? Bütün dünya Ermənistanı təcavüzkar, işğalçı ölkə kimi tanıyır. Hətta bu amil BMT kimi nüfuzlu təşkilatın qətnamələrində də öz əksini tapıb. Paşinyan bu cür yüksək epiteti özünün hakimiyyətə gəlməsilə əlaqələndirirsə, yanılır. Çünki o, hakimiyyətə gələn kimi özündən əvvəlki sələflərinin yürütdüyü işğalçı siyasəti tənqid etmədi. Əksinə, əvvəlkilərdən bir qədər də sərt mövqe tutdu. Erməni xalqı isə yürüdülən işğalçı, təcavüzkar siyasətə zərrə qədər də etiraz etmədi. Hətta ən radikal mövqeli insanı dəstəkləyib hakimiyyətə gətirdi. Serj Sarkisyanın vaxtında biz xalqın onların yürütdüyü siyasətə etiraz etməsinə rast gəlirdiksə, hazırda xalq Paşinyana verdiyi dəstəklə bunun əksini edir. Təcavüzə, işğala etiraz etməyən xalq yüksək ehtiram və hörmətə layiqdirmi?

Milli Qeyri-Hökumət Forumunun prezidenti Rauf Zeyni qəzetimizə açıqlamasında bildirdi ki, Paşinyanın Soçidə diaspor fəallarına verdiyi vədlər populizmdən irəli gəlir: “Paşinyanın heç bir dövlətçilik təcrübəsi yoxdur. Bu adam xalqa şirin vədlər verərək hakimiyyətə gəldi. Yəni xalq ona inandığı üçün bu yeni personanı çiyninə alaraq, küçələrdən saraya gətirdi. Paşinyanın ən böyük üstünlüyü onda oldu ki, o, xalqın bezdiyi Sarkisyan rejimindən qurtulmağın çıxış yollarını təklif etdi. S.Sarkisyanı xalqın gözündən salan əsas amillərdən biri də onun yürütdüyü işğalçılıq siyasəti idi. Məhz həmin siyasətin acı nəticələri xalqı küçələrə çıxardı. İndi nə baş verir? Paşinyan Dağlıq Qarabağ məsələsində Sarkisyandan da sərt danışır. Demək ki, işğalı, zorakılığı öz siyasətində prioritet etmək istəyir. Bu siyasət heç vaxt onun imicini qaldıra bilməz. Xalq hələ tam ayılmayıb. Onlar Paşinyandan ancaq vəd eşidib. İndi isə həmin vədlərin yerinə yetirilməsini gözləyir. Bu başlanğıcla Ermənistan nəinki irəliyə gedəcək, əksinə, onun vəziyyəti daha da korlanacaq. İndiki məqamda xalq onun tutduğu yola, yürütdüyü siyasətə etiraz etmirsə, demək, hörmətə, ehtirama layiq deyil. Təbii ki, burda xalqı tək qeyd etmək olmaz. Paşinyan dövlətə və xalqa bu tərifi, alqışı aid edirsə, orda da yanılır. Bu tandemi bir-birindən ayırmaq olmaz. Xalq hörmətə layiq deyilsə, demək, onun seçdiyi hakimiyyətə də bundan pay düşür. Bu baxımdan da Paşinyanın səsləndirdiyi fikirləri onun növbəti populist fikri kimi xarakterizə edə bilərik”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər