16/08/2018 13:51
728 x 90

Ermənistanda indi də “antiməxməri inqilab” prosesləri başlanır…

img

Ermənistanda məlum hakimiyyət dəyişikliyindən sonra idarəçilikdə yaranan problemlər, oliqarxiya sisteminin yeni baş nazirə qarşı fəaliyyəti bu ölkədə yeni xaosun əsasını qoymaqdadır. Düzdür, “məxməri inqilab”ın lideri Nikol Paşinyan artıq yeni höküməti formalaşdırıb. Onun təqdimatı əsasında Ermənistan prezidenti Armen Sarkisyan yeni hökümətin bütün nazirlərini təyin edib.

Ölkə prezidentinin fərmanlarına əsasən, Mqer Qriqoryan baş nazirin müavini, Mane Tandilyan əmək və sosial məsələlər üzrə nazir, Atom Cancuqazyan maliyyə naziri, Artak Zeynalyan ədliyyə naziri, Arsen Torosyan səhiyyə naziri təyin edilib. Bundan əlavə, Artur Xaçataryan kənd təsərrüfatı naziri, Atsvik Minasyan iqtisadi inkişaf və investisiya naziri, Levon Vaqdaryan idman və gənclər məsələləri üzrə nazir, Qraçya Rostomyan fövqəladə hallar naziri, Artur Qriqoryan enerji infrastrukturları və təbii sərvətlər naziri, Lilit Makunts mədəniyyət naziri, Erik Qriqoryan təbiətin mühafizəsi naziri, Aşot Akopyan nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri təyin edilib. Qeyd edək ki, daha əvvəl Zöhrab Mnatsakanyan Ermənistanın xarici işlər naziri təyin edilib. Amma bütün bunlar Ermənistanı qarşıdakı dövr ərzində heç də sakit günlərin gözlədiysi anlamına gəlmir.

Məsələ burasındadır ki, Ermənistanda hakimiyyət sistemini iflic vəziyyətinə salan “məxməri inqilab”ın fəsadları özünü getdikcə daha qabarıq şəkildə büruzə verməyə başlayır. Düzdür, Nikol Paşinyan ölkəni böhrandan çıxaracaq islahatlar vəd edib. Hətta o, ölkə parlamentini yenidən formalaşdırajcğını da bildirib. Amma baş nazir olandan sonra, deyəsən, bu vədi yaddan çıxmaqdadır. “Məxməri inqilab”ın lideri bir neçə seçki ssenarisinin mövcud olduğunu iddia etsə də, reallıqda vəziyyət fərqlidir. Məsələ ilə bağlı Bi-Bi-Si radiosu bildirir ki,  Paşinyanı hakimiyyət başına gətirən kütləvi etiraz dalğası səngiyəndən sonra qısa bır zamanda növbəti seçki ehtimalı getdikcə daha qeyri-real görünür. Təhlilçilərə görə, Nikol Paşinyan, dediyi kimi, seçkilərdən əvvəl yeni seçki kodeksini parlamentdə təsdiqləmək və öz partiyasını yaratmaq istəyir ki, səsvermədən sonra onun dəstəyinə arxalana bilsin. Ehtimallara görə, belə bir prosesə ən azı bir il vaxt tələb oluna bilər. Erməni politoloq Aleksandr İsgəndəryan bu vəziyyətdə, ümumiyyətlə, növbədənkənar parlament seçkilərinin keçirilməsinin böyük sual altına düşdüyünü vurğulayır: “Ən böyük təhlükə odur ki, seçkilərə kimi etiraz eyforiyası keçə və Nikol Paşinyanın populyarlığı azala bilər. Bu səbəbdən də o, çətin ki, yeni parlament seçkilərinə getsin”. Başqa bir məsələ odur ki, Nikol Paşinyan parlament çoxluğunu əlində saxlayan sabiq baş nazir Serj Sarkisyanın Respublika Partiyasına qarşı sərt addımlar atmayıb. Bu vəziyyətdə Paşinyan tərəfdarları bildirir ki, “məxməri inqilab”ın hədəflərinə çatmaq üçün çevik və qərarlı addımlar atılmalıdır, hakimiyyət və parlament tamamilə Respublika Partiyasından alınmalıdır. Əks təqdirdə “antiməxməri inqilab” təhlükəsi baş qaldıra bilər. Paşinyan isə bu vəziyyətdə tərəfdarlarının dediklərinə getmir ki, bu da onun özünün kreslosunu laxladır. Baş nazir bildirir ki,  Serj Sarkisyan aparatında çalışan orta səviyyəli məmur təbəqəsilə işləməyə hazırdır. Bu isə o deməkdir ki, yüksək təbəqə məmurlarına gələcək hakimiyyətdə yer tapılmayacaq. Elə bu da yüksək təbəqəli məmur oliqarxların Sarksiyana qarşı ittifaq yaratmasını şərtləndirib. İrəvanda mənzillənən “Demokratiya naminə əməkdaşlıq” təhlil mərkəzinin rəhbəri Stepan Danielyan bu situasiyanın Paşinyanı çox ağır vəziyyətə saldığını qeyd edir: “Oliqarxiya onun işini çətinləşdirə, hətta onu devirə bilər. Ola bilsin ki, oliqarxiya kimi, Nikol Paşinyanın özü də baş nazir olacağını gözləmirdi. Buna görə də onun addımlarında, hələ ki, konkretlik nəzərə çarpmır. O, bir çox şeyləri spontan şəkildə edir”. Burada nəzərə almaq lazımdır ki, aprel ayında Paşinyanın liderliyi ilə başlayan “Məxməri inqilab”ın əsas hədəflərindən biri də oliqarx sistemi və korrupsiya ilə mübarizə olub. Ermənistanda isə korrupsiyaya əsas yaradan amillərdən biri hakimiyyətə yaxın inhisarçı-oliqarxlardır və Paşinyanın vəd etdiyi islahatlara müqavimət də elə hakimiyyətə yaxın sahibkarlar dairəsindən gələ bilər. Ermənistan mətbuatına əsasən, inhisarlara sabiq prezidentə yaxın iş adamlarının nəzarət etdiyi heç kim üçün sirr deyil. Moskvada mənzillənən “MDB ölkələri institutu”nun Ermənistan üzrə rəhbəri Aleksandr Markarova görə, hazırkı sistemdə islahatlar qeyri-realdır. Aleksandr Markarovun sözlərinə görə, Nikol Paşinyanın baş nazir vəzifəsində təsdiqlənməsi ölkənin ən zəngin siyasətçilərindən biri, “Çiçəklənən Ermənistan” partiyasının lideri Haqik Sarukyanın dəstəyi sayəsində mümkün olub: “Eləcə də, “məxməri inqilab”dan ən çox fayda görən də elə 105 yerlik parlamentdə 31 səsə nəzarət edən Sarukyandır. Paşinyan üçün onun dəstəyi kritik əhəmiyyət kəsb edir, bu isə o deməkdir ki, Sarukyan ən azı vitse-premyer postuna iddia edə bilər. Amma Sarukyana, onun da yer aldığı oliqarxiyaya qarşı çıxmaq Paşinyan üçün ağır nəticələr verəcək”.“Armenianreport” saytı da qeyd edir ki, Paşinyanın oliqarxiya ilə bağlı mövqeyi  “məxməri inqilab”ın altına mina qoymuş olacaq.

NAHİD

Son xəbərlər