28/05/2018 04:57
728 x 90

Rusiyadan “7 rayonu + Qarabağı Azərbaycana qaytarın” çağırışı...

“Paşinyan qırmızı xətti keçsə, Rusiya Ermənistandan əl götürəcək”

img

Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həlli Azərbaycan üçün priortet olsa da, Ermənistanda formalaşan yeni hakimiyyətin addım və açıqlamaları  hələlik məsələnin bu səpkidə çözümü üçün nikbin fikirlər səsləndirməyə əsas vermir. Qarşıdakı günlər ərzində düşmən ölkədə qeyd olunan məsələ bağlı ciddi dəyişikliklər olmayacağı təqdirdə Qarabağ konfliktinin güc yolu ilə çözümü qaçılmaz sayılır.

Azərbaycan bu xüsusda növbəti dəfə Ermənistana sərt xəbərdarlığını edib. Belə ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra bu ölkənin müxtəlif səviyyəli rəsmi şəxsləri, o cümlədən yeni baş nazirin münaqişə ilə bağlı məsuliyyətsiz çıxışlarına sərt münasibət bildirib.
Ermənistanın hərbi-siyasi rəhbərliyini xəbərdar edən müdafiə naziri bildirib ki, düşmənin bu cür hərəkətləri qəbuledilməzdir və Azərbaycan ordusu genişmiqyaslı döyüş əməliyyatlarına tam hazırdır. Nazir cəbhədəki mövcud vəziyyəti geniş təhlil edərək düşmənin ön xətdə və müdafiəsinin dərinliyindəki fəaliyyətlərini daim nəzarətdə saxlamaq, ehtimal olunan addımlarına hər an hazır olmaq, eləcə də onun mümkün təxribatlarının qarşısını dərhal almaq məqsədilə qətiyyətli tədbirlər görülməsi barədə əmr verib. Bütün bunlar isə Ermənistan üçün kifayət qədər sərt xəbərdarlıqdır. Zakir Həsənovun açıqlamasını şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli  də vurğulayır ki, Azərbaycan ordusu istənilən vaxt təmas xəttini keçərək ermənilər üçün ciddi gözdağı olacaq hərbi əməliyyatlar keçirməyə hazırdır və Ali Baş Komandanın əmrini gözləyir. Politoloq bildirib ki, Azərbaycan ordusu müntəzəm surətdə təmas xətti boyunca lokal təlimlər keçirir və daim hərəkətdədir: “Müdafiə nazirinin Azərbaycanın hər an genişmiqyaslı müharibəyə hazır olmasını bildirməsi mühüm mesajdır. Azərbaycan ordusu düşmənin hərbi istehkamlarını, mina xəttini dağıtmağa, ölkəmizin ərazi bütövlüyü uğrunda çox güclü hərbi əməliyyatlara başlamağa və bütün qoşun növlərini də bu prosesə cəlb etməyə tam hazırdır. Yəni ordumuz belə bir tapşırıq alıb və bu istiqamətdə təlimlər keçirir”.

Digər tərəfdən məsələnin geosiyasi tərəfləri də var. Məsələn, erməni mediası yazır ki, Rusiya Ermənistandakı nüfuzunu saxlamaq üçün alternativ variantlarını işə salmağa hazırlaşır. Qeyd olunur ki, Kremlin o qədər də etibar etmədiyi yeni hökumətə qarşı oynaya biləcəyi və əvvəldən hazırlanmış “kartlar” arasında Qarabağ məsələsi də var. Erməni mənbələrin iddialarına görə, baş nazir seçildikdən sonra Rusiyaya qarşı ritorikasını sərtləşdirən Nikol Paşinyanın Qərbə meyllənmiş siyasəti Kremli narahat etməyə başlayıb. Digər tərəfdən, yeni baş nazirin Azərbaycana yönəlik sərt bəyanatlar verməsinin də Kremlin dəsti-xətti olmadığı müzakirə edilən məsələlər sırasındadır. Bu fonda bildirilir ki, yeni baş nazir “qırmızı xətti” keçərsə, Rusiya müharibəyə “yaşıl işıq” yandıra, Ermənistanı tək qoya. Azərbaycanı dəstəkləyəcə bilər. Bu isə Ermənistan üçün sonu fəlakətlə bitəcək Qarabağ savaşının başalanması anlamına gəlir.

Rusiyalı politoloq Aleksey Malaşenko da yaranmış vəziyyətdə Nikol Paşinyanın yanlış siyasəti üzündən Qarabağ savaşının alovlanmasını və Kremlin də buna imkan verməsini istisna etmir. Onun sözlərinə görə, Paşinyanın Qarabağ məsələsində indidən yanlış mövqe sərgiləyir və bu da savaşı tətikləyən amillər sırasında yer alır.  Maraqlıdır ki, bu fikirlə Ermənistanın özündə də razılaşanların sayı kifayət qədərdir.

Ermənistanda keçmiş müdafiə naziri Vigen Sarkisyan da Paşinyanın ötən həftə Qarabağda verdiyi bəyanatları tənqid edərək deyilənlərin Ermənistanın mövqeyinə zərər vuracağını bildirib: “Bir neçə gün bundan əvvəl baş nazir mətbuat konfransında təhlükəli ola biləcək bir neçə yanaşma ortaya qoyub. Əminəm ki, onun məqsədi Ermənistanın bu məsələdəki vəziyyətini mürəkkəbləşdirmək deyildi, lakin aydındır ki, dedikləri nəinki Azərbaycanın kifayət qədər sərt, aqressiv reaksiyasına, eyni zamanda əminəm ki, bizim beynəlxalq tərəfdaşlarımzın, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin narahatlığına səbəb oldu”. Keçmiş müdafiə naziri “Aravot” qəzetinə müsahibəsində bildirib ki,  əvvəla, Paşinyanın Ermənistanı münaqişə tərəfi kimi təqdim etməsi yanlış idi. Onun fikrincə, Paşinyanın bu fikirləri “uzağa gedən nəticələr” doğura bilər: “O da aydın deyil ki, baş nazir Ermənistanın danışıqlarda öz adından, Dağlıq Qarabağın öz adından çıxış etməli olduğunu deyərkən nəyi nəzərdə tuturdu. Belə çıxır ki, Ermənistan danışıqlarda Dağlıq Qarabağdan ayrı gündəliklə çıxış edir? Ən azından indiyə qədər belə deyildi”. Keçmiş müdafiə nazirinin sözlərinə görə, növbəti yanlış məqam Dağlıq Qarabağın danışıqlarda tərəf kimi istifadə edilməsi barədə idi: “Bu ön şərt kimi səslənir. Ola bilsin, baş nazir nəzərdə tutub ki, Dağlıq Qarabağın iştirakı olmadan münaqişənin yekun həlli mümkün deyil. Lakin indiki halda aydın deyil ki, onun yanaşmasında yeni olan nədir. Bu yanaşmanı dəfələrlə Serj Sarkisyan irəli sürüb”.  Sarkisyan Paşinyanın Dağlıq Qarabağın beynəlxalq səviyyədə tanınmasına dair dediklərini “anlaşılmaz” adlandırıb: “Biz həmişə Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi hüququna dair bəyanatları, qətnamələri alqışlamışıq, amma özümüz heç vaxt tanınmanın təşəbbüskarı olmamışıq. Bu cür yanaşma danışıqlara mane ola bilər”.

Eyni mövqe erməni ekspert Qevorq Mirzəyan tərəfindən də sərgilənir.

Ekspertin sözlərinə görə, Erməni-Azərbaycan münaqişəsinin nizama salınması mövzusunda müsbət addımların atılacağı ehtimalı  istisnadır:"Müsbət hərəkətlər gözləməyə dəyməz. Amma mənfi variantlar ola bilər. Məsələn, Paşinyan reytinqini qaldırmaq xatirinə populist addımlara, tutaq ki, “DQR”in “müstəqilliyinin” birtərəfli qaydada tanınmasına gedərsə, burada artıq Bakının hərbi yolla cavab verməkdan başqa heç bir variantı qalmayacaq".

Digər erməni politoloq Ara Papyan da  iddia edir ki, Ermənistan yeni hökumətin yanlış siyasəti ilə Qarabağ məsələsində mövqeyini kəskinləşdirir. Bu isə ölkəyə yaxşı heç nə vəd etmir: “Nikol Paşinyanın Qarabağda səsləndirdiyi bəyanat İrəvanın öz mövqeyini kəskinləşdirdiyini göstərir. Lakin bu bəyanatların praktiki nəticəsi olmayacaq, çünki tərəflər danışıqlar masasına qayıda bilmir. Paşinyanın Qarabağın tanınması ilə bağlı şərti ilə nə Bakı razılaşacaq, nə də Minsk Qrupunun həmsədrləri. Bu məsələ danışıqlar masasında olmayıb, bu sadəcə özünü aldatmaqdır. Dağlıq Qarabağın beynəlxalq səviyyədə müstəqilliyinin tanınması xəyalı da ciddi deyil. Çünki Qarabağ Ermənistandan asılıdır, şəxsiyyət vəsiqələrindən başlayaraq, dövlət büdcəsinə qədər. Fikrimcə, danışıqlar masasına qayıtmaq lazımdır”.

Bütün bunlar aydın göstərir ki, Paşinyanın addımları Qarabağ savaşını yenidən alovlandıra bilər və qeyd olunan məqamlar İrəvanın özündə də aydın sezilir. Məsələnin bu tərəfinə nəzər salan politoloq Qabil Hüseynli  qeyd edir: “Fikir verin, Ermənistan prezidenti də Paşinyanın addımını yanlış hesab edir və onun söylədiklərini siyasi naşılıq nümunəsi sayır. Paşinyanın ermənilərin özü tərəfindən də ciddi tənqid olunması onun siyasətinin hər an müharibəyə gətirib çıxara biləcəyindən xəbər verir. Ancaq İrəvan buna hazır deyil. Üstəlik, bu hazırlıqsızlığa əsas səbəb kimi Rusiya göstərilir. Erməni siyasi elitası Rusiya olmadan Azərbaycanla müharibəni çox risqli hesab edir. Paşinyan isə faktiki olaraq Rusiya ilə münasibətlərdə taktika nümayiş etdirə bilmir. Üstəlik, Rusiya mətbuatında Ermənistanı ciddi tənqid edən yazılar meydana gəlməkdədir. Bu fonda Paşinyanın Rusiya ilə münasibətlərdə qeyri-səmimiliyi artıq üzə çıxır. Onun Qərbin adamı olması və xüsusilə də Qərb dünyasında yerləşən erməni diasporunun itaətində olması Kremli ciddi narahat edir”.

Q.Hüseynli qeyd edib ki, məhz buna görə də Rusiya tərəfindən yeddi rayon məsələsi yenidən gündəmə gətirilib: “Moskva bu məsələdə Bakıya dəstək verməyə hazır olduğunu bəyan edib. Buna qədər müəyyən şərtlərlə 5 rayon ətrafında polemikalar gedirdisə, indi Dağlıq Qarabağın hüdudlarından kənarda işğal edilmiş 7 rayonun qeyd-şərtsiz Azərbaycana qaytarılmasından danışırlar. Bəzi erməni analitikləri də açıq bildirirlər ki, indiki şəraitdə Rusiya prosesə biganə qalsa, Azərbaycan ordusu çox qısa müddətdə öz ərazi bütövlüyünü təmin edəcək. Bu isə Ermənistanı yaman vəlvələyə salıb. Hesab edirəm ki, Paşinyanın savadsız siyasi bəyanatları irəlidə Ermənistan üçün ciddi problemlər yaradacaq. Ümumiyyətlə, Paşinyanın son günlərdəki siyasi fəaliyyəti Moskvanın heç xoşuna gəlmir. Bu vəziyyət isə Ermənistanda qarışıqlıq yaradıb. Hətta hakimiyyətdən məhrum edilmiş Qarabağ mafiyası da Paşinyanın nüfuzunu çox qısa müddətdə itirəcəyi günü səbrsizliklə gözləyir”.

Xatırladaq ki, bu günlərdə rusiyali deputat Dmitri Savelyev belə bir açıqlama ilə çıxış edib ki, yeddi rayonun və Qarabağın özünün qansız və qeyd-şərtsiz Azərbaycana qaytarılması istiqamətində bütün səylər göstərilməlidir. O vurğulayıb ki, Qarabağ məsələsi keçmiş Sovet İttifaqının bədənindəki qanlı yaradır və artıq neçə onilliklərdir əziyyət verir. Rusiyalı deputat Nikol Paşinyanın Dağlıq Qarabağ probleminin nizamlanmasına dair danışıqlarda qondarma rejimin tamhüquqlu tərəf kimi iştirakı barədə dediklərinə də ironiya ilə yanaşıb. O bu yerdə "Qarabağ hansısa subyektdirmi" sualını ünvanlamaqla kifayətlənib. Rusiyalı deputat bir daha bildirib ki, 7 rayon və Dağlıq Qarabağın özünün qansız və qeyd-şərtsiz Azərbaycana qaytarılması istiqamətində bütün səylər göstərilməlidir. Beləliklə, proseslərin gedişi bir daha göstərir ki, İrəvanın mövqeyində real dəyişikliklər olmasa və yeni hökumət sərsəmləməyə davam etsə, Qarabağ savaşı da qaçılmaz olacaq.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

Son xəbərlər