16/10/2018 19:11
728 x 90

Azərbaycan erməni lobbisinin Qarabağ oyunlarına uymuş fransız şəhərlərinin yanlış qərarlarının ləğvinə başladı...

“Təbii ki, bu, Azərbaycan diplomatiyasının uğurudur”

img

Bəhruz Quliyev: “Bu kimi qondarma “xartiya”ların imzalanmasından asılı olmayaraq, Qarabağ Azərbaycan torpağıdır”

 

Tarixən erməni lobbisi Fransada güclü olub. Zaman-zaman ermənilər bu imkanlarından istifadə edərək Azərbaycan barəsində mənfi rəy yaratmağa çalışıblar. Bu məqsədlə müxtəlif vasitələrdən istifadə ediblər. O cümlədən, işğal etdikləri əraziləri hüquqi baxımdan özününküləşdirməyə cəhd edirlər.

Fransada fəaliyyət göstərən erməni lobbi dairələri 2013-cü ildən etibarən Azərbaycanın işğal altında olan şəhərləri ilə Fransanın şəhər və qəsəbələri arasında “qardaşlıq” adı altında qanunsuz sənədlər imzalamağa və bu kimi addımları qondarma rejimin təbliği üçün istifadə etməyə çalışır. Ancaq artıq onların bu yöndə fəaliyyəti də fiaskoya uğrayır.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev mətbuata açıqlamasında bildirib ki, XİN və Azərbaycanın Fransadakı Səfirliyinin Fransanın müvafiq qurumları ilə apardığı birgə işin nəticəsində İl-dö-Frans regionunun Alfortvil şəhəri tərəfindən ölkəmizin işğal olunmuş Laçın şəhəri ilə 2017-ci ildə imzalanmış qanunsuz “xartiya” ləğv edilib: “2018-ci ilin mart ayının 8-də məsələ ilə əlaqədar məhkəmənin ilk iclası keçirilib və dövlət ittihamçısı Fransa yerli özünüidarəetmə orqanları üzrə Ümumi Məcəlləsinin L1115-1 bəndinin (sözügedən qurumlar tərəfindən imzalanmış sazişlərin Fransanın beynəlxalq öhdəlikləri ilə uyğun olmasına dair) pozulması ilə əlaqədar məhkəmə tərəfindən sözügedən “xartiya”nın ləğv edilməsini tələb edib. Nəticədə 2018-ci ilin aprel ayının 12-də Alfortvil şəhərinin Bələdiyyə Şurası məhkəmənin qərarını gözləmədən, 41 səs lehinə, 1 səs bitərəf olmaqla qanunsuz “xartiya”nın imzalanmasına dair 30 iyun 2017-ci il tarixli qərarını ləğv etmək məcburiyyətində qalıb”.

Göründüyü kimi, ermənilər dahə əvvəlki kimi öz yalanları ilə aldada bilmirlər. Azərbaycan diplomatiyasının aktiv fəaliyyəti onların bununla bağlı planlarını pozur. Bu baxımdan Fransanın sözügedən məsələ ilə bağlı məlum qərarı Azərbaycan diplomatiyasının növbəti qələbəsidir.

Maraqlıdır, bəs ekspertlər bunu necə dəyərləndirirlər?

Məsələyə münasibət bildirən politoloq, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevin sözlərinə görə, artıq erməni lobbisi öz yalançı təbliğatı ilə dünyanı aldada bilmir: “O cümlədən, onların Faransada bu yöndə fəaliyyəti fiaskoya uğrayır. Dağlıq Qarabağ məsələsində Prezident İlham Əliyevin tutduğu mövqe aydındır və şəffafdır. Onun bu məsələdə bir mövqeyi var. O da ondan ibarətdir ki, torpaqlarımız qeyd-şərtsiz azad olunmalıdır. Bu istiqamətdə bütün addımlar atılır. Ancaq təəssüflər olsun ki, Ermənistan status-kvonu saxlamaq məqsədilə müxtəlif pozucu vasitələrə əl atır. Bununla yanaşı, Azərbaycanın işğal altında olan şəhərləri ilə Fransanın şəhər və qəsəbələri arasında “qardaşlıq” adı altında qanunsuz sənədlər imzalamağa səy göstərirlər. Düzdür, bir müddət əvvəl bununla bağlı nəyəsə nail oldular. Ancaq Azərbaycan diplomatiyasının fəal işi sayəsində artıq bu məsələdə uğursuzluqla üzləşirlər. Bunun bariz nəticəsi də ortadadır. Fransanın müvafiq qurumları Alfortvil şəhəri tərəfindən ölkəmizin işğal olunmuş Laçın şəhəri ilə imzalanmış qanunsuz “xartiya”nı ləğv edib. Təbii ki, bu, Azərbaycan diplomatiyasının uğurudur. Digər tərəfdən, bu kimi qondarma “xartiya”ların imzalanmasından asılı olmayaraq, Qarabağ Azərbaycan torpağıdır. Azərbaycan da qeyd-şərtsiz həmin əraziləri geri qaytaracaq. Ermənilər bunu indidən dərk etmək əvəzinə, görürsən ki, qanunsuz fəaliyyətlə məşğuldurlar. Hesab edirəm ki, beynəlxalq münasibətlər sistemində hüquq normaları çərçivəsində davranmağa ehtiyac var. Eyni zamanda, münasibətlər sağlam əsaslar üzərində qurulmalıdır. Azərbaycan bütün dünyada, o cümlədən Fransada tərəfdaş ölkə olaraq arzuediləndir. Eyni zamanda regionda tərəfdaş ölkə olaraq arzuediləndir. Çünki Azərbaycanın yanaşmasında sağlam fikir, təxəyyül var. Yoxsa, digər ölkənin ərazisini işğal etməklə nəyəsə nail olmaq olmaz. Hansı ki, Ermənistan bu yolu tutub”.

Vidadi ORDAHALLI 

Son xəbərlər