28/05/2018 05:25
728 x 90

ABŞ-ın Yerusəlimdə səfirlik aksiyası dünya dövlətlərini çətin seçimdə qoyur - Azərbaycandan reaksiyalar...

“Sözügedən məsələdə Azərbaycan İslam Konfransı Təşkilatının qərarına sadiqdir”

img

Fikrət Sadıqov: “İsrail hökuməti çoxdandır bir sıra nazirlikləri Qüdsə köçürüb”

 

1995-ci ildə ABŞ Konqresində belə bir qərar verildi ki, Birləşmiş Ştatların İsraildəki səfirliyi Təl-Əvivdə deyil, Qüdsdə yerləşdirilməlidir. Uzun illər bu qərar həyata keçirilmədi. Ancaq Donald Tramp prezident seçiləndən sonra bunu reallaşdırmaq barədə qərar verdi.

Belə ki, ötən ilin dekabrında ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra artıq Amerikanın Təl-Əvivdəki səfirliyi Qüdsə köçürülür. İlkin mərhələdə ABŞ-ın Qüdsdəki səfirliyinin 50 əməkdaşı olacaq. Daha sonra onların sayı artırılacaq.

Ancaq o da bir faktdır ki, ABŞ-ın məlum qərarı istər regionda, istərsə də digər dövlətlər tərəfindən birmənalı qarşılanmır. Xüsusən də müsəlman ölkələri buna qarşıdır. Tramp hələ seçki kampaniyası dönəmində belə bir addım atacağına söz vermişdi. Heç şübhəsiz ki, bu müəyyən gərginliyə də səbəb olacaq. BMT-də Fələstinlə bağlı son səsvermə də bunu göstərdi. Qüds məsələsində bir sıra müsəlman ölkələrinin sərt reaksiya verəcəyi gözlənir. Səfirliyin açılması aydın məsələdir ki, Fələstinlə İsrail arasında onsuz da gərgin olan münasibətləri daha da gərginləşdirəcək. Onlar bununla bağlı müxtəlif etiraz aksiyaları keçirəcəklər. Zatən, son illər Ərəb dünyasında vəziyyət heç də yaxşı deyil. Suriyada və İraqda baş verənlər, Yəməndə yaşanan hadisələr vəziyyətin kifayət qədər mürəkkəb olmasından xəbər verir.

O da məlumdur ki, müsəlman ölkəsi olan Azərbaycan İsraillə çox yaxşı münasibətlərə malikdir. Tərəflər arasında istər siyasi, istərsə də iqtisadi müstəvidə əlaqələr inkişaf edir. O baxımdan maraqlıdır, Azərbaycanın ABŞ-ın Təl-Əvivdəki səfirliyini Qüdsə köçürməsinə münasibəti necə olacaq?

Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, Azərbaycan bu məsələdə İslam Konfransı Təşkilatının qərarına uyğun hərəkət edir: “Əvvəla burada bir neçə nüansı nəzərə almaq lazımdır. Məsələ ondadır ki, İsrail hökuməti çoxdandır bir sıra nazirlikləri Qüdsə köçürüb. Onlar onsuz da Qüdsü İsrailin paytaxtı kimi təqdim edirlər. Yəni bu məsələ əslində yeni deyil. Digər tərəfdən, Azərbaycan əlbəttə ki, müsəlman dövləti olaraq buna biganə deyil. Çünki Azərbaycan bununla bağlı İstanbulda keçirilən İKT toplantısında iştirak edib. Həmin tədbirdə biz mövqeyimizi bildirmişik. Yəni digər islam dövlətləri kimi, Azərbaycan da buna qarşıdır. Bu o deməkdir ki, biz bununla razılaşmırıq. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, Müsəlman dünyasının yanındadır. Sözügedən məsələdə Azərbaycan İKT-nin qərarına sadiqdir. Digər bir məqam ondan ibarətdir ki, yaranan hazırkı vəziyyət çoxillik qarşıdurmanın nəticəsidir. Belə olan halda, əlbəttə ki, İsrailin məlum qərarı birmənalı qəbul olunmayacaq. Bu bir tərəfdən ərəblərin İsrailə qarşı münasibətlərini sərtləşdirəcək, başqa bir tərəfdən isə Birləşmiş Ştatlara qarşı daha sərt mövqenin şahidi olacağıq. Bütün bunlardan sonra Yaxın Şərqdə ABŞ-ın rolu, nüfuzu düşünmürəm yüksəlsin. Mənə elə gəlir ki, bu bir fakt kimi artıq qəbul olunmalıdır. ABŞ böyük bir dövlətdir, amma hər halda onlar bir sıra problemlərlə üzləşəcəklər”.

Vidadi ORDAHALLI  

Son xəbərlər