16/08/2018 13:52
728 x 90

Qüdsdə ABŞ-ın səfirlik açması ilə Fələstində qan su yerinə axdı - YENİLƏNDİ / FOTO

img

Amerika Birləşmiş Ştatları Qüdsü İsrailin paytaxtı kimi tanıyıb bu gün səfirliyini müqəddəs şəhərə köçürməsi Yaxın Şərqi qarışdırdı. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın bu addımına qarşı çıxan minlərlə fələstinli Fələstin-İsrail sərhədinə toplaşıb.

İsrail əsgərlərinin onlara atəş açması nəticəsində çox sayda fələstinlinin öldüyü, yüzlər insanın yaraldığı bildirilir. Son məlumatlara görə, qarşıdurmalarda 55 fələstinli ölüb, yaralı sayısı isə 2200-ü keçib. Israil ordusu bildirib ki, “Həmas”ın hücum hazırlığında olan mövqeləri də bombalanıb.

Son həftələrin ən qanlı qarşıdurması hesab edilən bu hadisə ABŞ-ın Qüdsdə mübahisəli səfirlik açmasından öncə baş verir. Bu addım İsrail tərəfindən alqışlanır, lakin fələstinlilər tərəfindən pislənilir.

Qarşıdurmalar fonunda Qüdsdə ABŞ-ın İsraildəki səfirliyinin açılış mərasimi keçirilib. ABŞ dövlət başçısı Donald Tramp açılışda iştirak etməsə də, video görüntü ilə təbriklərini çatdırıb.

D.Tramp təbrikində qeyd edib ki, səfirliyin Qüdsə köçürülməsi ilə bağlı qərar şəhərin yeni sərhədlərini müəyyənləşdirmir. O, həmçinin bildirib ki, Qüdsün İsrailin paytaxtı elan edilməsi Vaşinqtonun ərəb-İsrail münaqişəsində yəhudi hökumətinin tərəfini saxladığını göstərir.

İsrailin baş naziri Benyamin Netanyahu isə qərarı düzgün sayıb və D.Trampa təşəkkür edib.

Mərasimə Trampın qızı İvanka Tramp və kürəkəni Cared Kuşner də qatılıb. Kuşnerin Trampın Qüds qərarında əsas rol oynadığı bildirilir.

“Haaretz” qəzetinin məlumatına görə, Avropa Birliyi təmsilçilərinin qatılmadığı tədbirə 32 ölkə nümayəndə göndərib.

ABŞ-ın kiçik müvəqqəti səfirliyi bazar ertəsi artıq burada fəaliyyət göstərən ABŞ konsulluğu binasında işə başlayacaq. Daha böyük sahə tapılandan sonra səfirliyin qalan hissəsi də Təl-Əviv şəhərindən Qüdsə köçürüləcək.

Açılış mərasiminin tarixi İsrailin yaranmasının 70 illiyilə eyni vaxta düşməsi üçün qabağa çəkilib.

Trampın ötən il qəbul etdiyi Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarı ABŞ-ın bu məsələdə neytrallığını pozmaqla yanaşı, beynəlxalq birliyin əksər hissəsinin mövqeyi ilə ziddiyyət təşkil edir.

Qüdsün statusu İsrail-Fələstin münaqişəsinin köklü problemlərindəndir.

Rəsmi səfərə getdiyi İngiltərənin paytaxtı Londonda “Chatham House” Beyin Mərkəzində iştirakçılara müraciət edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan beynəlxalq ictimaiyyəti İsrailə qarşı hərəkətə keçməyə çağırıb. “Bütün etirazlara baxmayaraq, Amerika Birləşmiş Ştatları Tel-Əviv Səfirliyini Qüdsə daşıdı. Beynəlxalq hüququ çeynəyən, Birləşmiş Millətlər Təşkilatı qərarına zidd olan bu qərarı bir daha rədd edirik. Son addımı ilə ABŞ, sülhün deyil, problemin bir parçası olduğunu üstün tutaraq Yaxın Şərq sülh prosesindəki vasitəçilik rolunu itirdi. Tamamilə itirdi. Beynəlxalq cəmiyyət üzərinə düşəni edərək İsrailin artan təcavüzkarlığı və Fələstin xalqına qarşı zülmkarlığına son qoymaq üçün təcili hərəkətə keçməlidir… Üç səmavi dinin müqəddəsi olan Qüdsün statusunu dəyişdirməyə yönəlik addımlar, bütün etirazlara baxmayaraq, İsrail tərəfindən həyata keçirilir. Biz buna etiraz edirik. İkinci Dünya Müharibəsi ərəfəsindəki qaranlıq günlərə düşməkdən çəkinməliyik. BMT ədalət üzərində təsis edilmişsə, bunun vacibliyini qorumalıyıq. Dünyanın mismarı çıxmışsa, bu gün o mismarı yerinə salacaq sərt çəkic zərbəsi deyil, ümid və dialoqdur" - deyə o, bildirib.

İran parlamentinin sədri Əli Laricani isə ABŞ rəhbərliyini tənqid edərək onların Fələstin əleyhinə atdığı addımların cavabsız qalmayacağınlı deyib: “Biz ABŞ prezidenti Donald Trampın Qüdsdə səfirlik açma qərarını qınayırıq. İran İslam Respublikası nə İsraili dövlət kimi tanıyır, nə də ki işğalçı rejimin diplomatik korpuslarının fəaliyyətinə dəyər verir”.

Məsələyə Rusiya da reaksiya verib. Kremlin mətbuat katibi Dmitri Peskov deyib ki, ABŞ-ın Təl-Əvivdəki səfirliyini Qüdsə köçürməsindən sonra regionda gərginliyin artmasından narahatlıq  duyuruq. Peskov jurnalistlərin ABŞ səfirliyini Qüdsə köçürməsinin bölgədə gərginliyi artıracağına dair Rusiyanın narahatlığı olub-olmadığına dair sualına "Bəli, narahatlıqlarımız var. Bu barədə daha əvvəl də açıqlama vermişdik", - cavabını verib.

Rusiya xarici işlər naziri Sergey Lavrov Mayın 12-də Birləşmiş Millətlər Təşkilatı Yaxın Şərq Sülh Prosesi üzrə xüsusi koordinatoru Nikolay Mladenov ilə keçirdiyi görüşdə Fələstin-İsrail məsələsindəki vəziyyətdən çox narahat olduqlarını vurğulamış və "Vəziyyət çıxılmazdır. Bu çıxılmaz vəziyyət, xüsusilə ABŞ-ın məlum olan Qüds qərarı fonunda daha da dərinləşir", - sözlərini işlətmişdi.

Dünyadan reaksiyalar...

Dünyanın bir çox yerində Qüdsdə (Yerusəlim) ABŞ səfirliyinin açılması sərt reaksiyalara səbəb olub. APA-nın məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ səfirliyinin Qüdsə köçürülməsi qərarını uğursuz adlandıraraq, bildirib ki, paytaxtı Şərqi Qüds olan müstəqil, hegemon bir Fələstin dövlətinin qurulmasının bölgədə sülh və barışığın bərpası üçün yeganə yoldur.

“Beynəlxalq hüququ çeynəyən, BMT qərarlarına zidd olan bu qərarı rədd edirik. ABŞ son addımı ilə problemin həllini yox, problemin bir parçası olmağı seçərək Yaxın Şərqdə vasitəçi rolunu itirib. Beynəlxalq ictimaiyyət tez bir zamanda Fələstin xalqına yönəlmiş bu addımları dayandırmaq üçün hərəkətə keçməlidir”, - deyə o vurğulayıb.

İran xarici işlər naziri Cavad Zərif isə “Twitter” səhifəsində ABŞ səfirliyinin Qüdsə qeyri-qanuni köçürüldüyünü qeyd edib və bildirib ki, bu gün biabırçı gündür. 

Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Yoşihide Suga da ABŞ səfirliyinin Qüdsə köçürülməsinin Yaxın Şərqdəki gərginliyi artıracağına dair narahatlığını ifadə edib. O bildirib ki, Yaponiya bu qərarın Yaxın Şərqdə sülh prosesini daha da çətinləşdirəcəyini düşünür”.

Fələstin Dövlətinin lideri Mahmud Abbasın köməkçisi Saeb Erekat da Donald Trampın bu qərarını kəskin tənqid edib və bildirib ki, ABŞ hökuməti yalanlar üzərində qurulub.

Tramp komandasının keyfiyyətsiz olduğunu deyən S. Erekat qeyd edib ki, Vaşinqton artıq bölgədəki sülh prosesinin təminatçı kimi çıxış edə bilməz: “Tramp administrasiyası problemin bir parçası oldu. Dünya gerçək liderlərə ehtiyac duyur”.

İran parlamentinin sədri Əli Laricani isə bəyan edib ki, ABŞ səfirliyinin Qüdsə köçürülməsi Yaxın Şərqdəki gərginliyi daha da alovlandıracaq. O qeyd edib ki, ABŞ-ın İranın nüvə proqramı ilə bağlı sazişdən çıxması və səfirliyin Qüdsə köçürülməsi kimi qərarlar regionda və dünyada təzyiqi artıracaq. Laricani müsəlman dövlətləri Trampa qarşı ciddi addımlar atmağa çağırıb.

Rusiyalı diplomat Mixail Boqdanov da Trampın bu qərarını qınayaraq İsrail-Fələstin gərginliyinin daha da güclənəcəyini deyib. O, ABŞ-ı Qəzza zolağında baş verən hadisələrə görə günahlandırıb və ABŞ səfirliyinin köçürülməsinin fələstinlilərlə israillilər arasında böyük miqyaslı qarşıdurmalara səbəb ola biləcəyini bildirib.

Avropa ölkələrinin xarici işlər nazirləri də ABŞ-ın bu qərarını ağılsız və regionda gərginliyi artıran səbəb adlandırıb.

BMT baş katibi Antonio Quterreş isə Qəzza zolağında insan ölümləri ilə bağlı narahatlığını ifadə edib.

Livanın baş naziri Saad Hariri ABŞ-ın bu addımını bölgədə sülhə doğru addımlar üçün bütün qapıları bağlayan təxribat adlandırıb.

Son xəbərlər