12/12/2018 19:29
728 x 90

11 aprel seçkilərinə ATƏT-in yekun rəyi ilə Ermənistan politoloqlarının fikri tam üst-üstə düşdü...

“Məhz bu səbəblərdən də seçki haqqında ATƏT DTİHB-nin uzunmüddətli missiyasının rəyi ilə ölkəmizdəki seçkiləri uzun müddətdir müşahidə edən erməni politoloqların rəyləri üst-üstə düşür”

img

Yeganə Hacıyeva: “Həmin təşkilatlara erməni lobbisinin açıq təzyiqinin olduğunu söyləməyə tam əsas verir”

 

Məlum olduğu kimi, Azərbaycanda keçirilən prezident seçkilərilə bağlı əksər beynəlxalq müşahidəçilər müsbət rəy açıqlayıb. Ancaq ATƏT DTİHB adlı təsisat ənənəvi mövqeyinə sadiq qalaraq, yenidən qərəzli münasibət ortaya qoydu. Çox təəccüblüdür ki, onların son rəyi ilə erməni politoloqlarının bu istiqamətdə mövqeləri  üst-üstə düşür.

Ən azı, Ermənistan saytlarının qısa monitorinqini etməklə bu rəyə gəlmək mümkündür. Azərbaycanda keçirilən prezident seçkilərilə bağlı ATƏT DTİHB ilə Ermənistan politoloqlarının eyni prizmadan çıxış etməsi nəyin əlaməti sayıla bilər?

Politoloq Yeganə Hacıyevanın sözlərinə görə, bunu əsaslandırmaq o qədər də çətin deyil: “Öncə onu qeyd edim ki, Azərbaycanda həqiqi demokratik seçki kampaniyası keçirilib və azad seçkidə  seçicilərin mütləq çoxluğunun səsini qazanmış namizəd qalib gəlib. Azərbaycanda keçirilən  seçkilərin legitimliyi onun hər hansı xarici ölkə və ya təşkilat tərəfindən tanınmasından asılı deyil. Seçkilərin legitimliyi yalnız Azərbaycan seçicisindən asılıdır. Ölkəmizdə keçirilən seçki ATƏT-in qısamüddətli müşahidəçiləri, ATƏT DTİHB-nin uzunmüddətli missiyası, Avropa Şurası və ATƏT Parlament Assambleyalarının nümayəndə heyətlərinin daxil olduğu beynəlxalq missiya üzvləri tərəfindən müşahidə edilib. Bu günə qədər ATƏT DTİHB-nin uzunmüddətli missiyası biri aralıq, digəri ilkin olmaqla iki hesabatı, ATƏT-in qısamüddətli müşahidəçiləri, Avropa Şurası və ATƏT Parlament Assambleyalarının nümayəndə heyətləri isə ilkin hesabatlarını bəyan etmişlər.Yekun hesabat isə irəlidəki iki ay ərzində təqdim olunacaq.

Qeyd etmək istədiyim xüsusi məqam beynəlxalq missiyaya daxil olan ATƏT DTİHB və AŞPA müşahidəçi missiyalarının prezident seçkilərinin qiymətləndirilməsi ilə bağlı ilkin hesabatları  sanki bir qələmdən çıxmış qədər oxşardır.

Hesabatları reallıqla müqayisə etməmişdən öncə, bir neçə kəlmə onların detalları haqqında söz açmaq istəyirəm. ATƏT DTİHB-nin uzunmüddətli missiyasınin iki hesabatının bir-birindən fərqləndiyini, iki həftə öncə bəyan etdikləri aralıq hesabatda əksini tapmış qeydlərin dünən elan edilmiş ilkin hesabatdakı rəylərdən fərqlənməsi ilə missiya, faktiki olaraq, iki həftə öncəki hesabatına zidd gedib.

Digər bir maraqlı məqam isə ATƏT-in qısamüddətli müşahidəçilərinin, Avropa Şurası və ATƏT-in Parlament Assambleyalarının qısamüddətli missiyasının rəylərinin ATƏT DTİHB-nin uzunmüddətli missiyasınin rəyi ilə üst-üstə düşməsidir. Ölkəyə ancaq seçkidən bir gün öncə səfər etmiş, ölkəyə girişləri qanunla seçki təbliğatının qadağan edildiyi sükut gününə təsadüf edən missiyanın seçkilərin qiymətləndirilməsindəki “Hüquqların məhdudlaşdırılması, KİV- lərdə daxil siyasi plüralizmin olmaması, seçkilərdə əsl rəqabətin olmaması” haqqında rəyləri birmənalı qeyri-obyektivdir. Biz sizinlə daha öncələr də müasir dünya düzənində mövcud beynəlxalq təşkilatların çox zaman suallar doğuran qərar və bəyanatları haqqında geniş danışmışıq. Bu təşkilatlar bir neçə dövlətin öz xarici siyasətini beynəlxalq müstəvidə daha rahat həyata keçirməsinə xidmət edir, zaman-zaman siyasi və iqtisadi lobbi qruplarının əlində vasitə olur, proseslərə yanaşmalarda ikili standartları tətbiq edir. Çox zaman isə bu təşkilatların, hazırda isə ATƏT DTİHB-nin uzunmüddətli missiyasının fəaliyyəti müəyyən siyasi və iqtisadi lobbi qruplarının əlində vasitəyə çevrilib. Məhz bu səbəblərdən də seçki haqqında ATƏT DTİHB-nin uzunmüddətli missiyasının rəyi ölkəmizdəki seçkiləri uzun müddətdir müşahidə edən erməni politoloqların rəyləri ilə üst-üstə düşür və bəzən eynilik təşkil etməsinin şahidi oluruq. Bu da həmin təşkilatlara erməni lobbisinin açıq təzyiqinin olduğunu söyləməyə tam əsas verir.

Odur ki, seçki haqqında ATƏT DTİHB və AŞPA müşahidəçi missiyalarının ilkin hesabatını ədalətsiz və qeyri-obyektiv hesab edirəm”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər