19/07/2018 05:45
728 x 90

Özünü seçkidən kənarda qoymuş radikal müxalifət bundan sonrakı yolunu necə görür?

img

Xəzər Teyyublu: “Biz gələcəkdə daha güclü təşkilatlanmanı qarşımıza məqsəd qoymuşuq”
Eldəniz Quliyev: “Biz bütün vasitələrlə bu nəticəyə etiraz edəcəyik. Əsas üstünlüyü də kütləvi aksiyalara verəcəyik”

 

Məlum olduğu kimi, Azərbaycanda fəaliyyət göstərən bəzi radikal müxalifət partiyaları prezident seçkilərində iştirak etmədilər. Bununla da onlar seçkiləri boykot etdiklərini bildirdilər. Ancaq ortada tam fərqli bir mənzərə var. Seçkilərdə əhali böyük fəallıq göstərdi və böyük səs çoxluğu ilə İlham Əliyevi prezident seçdi.

Onda belə çıxır ki, boykot taktikası effekt verməyib. Əks təqdirdə, belə mənzərə ortaya çıxmazdı. Onda isə seçkidən kənarda qalan müxalif qüvvələrin gələcəklə bağlı planları nədir, onlar gələcək mübarizənin məzmununu necə görür və taktikalarını dəyişməyi düşünürlərmi?

Seçkidə iştirakdan imtina edən Klassik Xalq Cəbhəsi Partiyasının funksioneri Xəzər Teyyublu qəzetimizə açıqlamasında bildirdi ki, onlar bu seçkinin nəticələrinə görə qətiyyən məyus olmayıblar: “Düşünürəm ki, bizim bundan sonrakı fəaliyyətimiz də “Siyasi Partiyalar Haqqında” Qanunun tələblərinə uyğun şəkildə qurulacaq. Seçki bitdi, yeni seçkiyə hazırlıq devizi üzrə hərəkət edəcəyik. Bizim partiyanın zəngin tarixi və ənənəsi var, heç bir hadisə bizi siyasi proseslərdən çəkindirə bilməz. KXCP qurultaya hazırlaşır. Biz gələcəkdə daha güclü təşkilatlanmanı qarşımıza məqsəd qoymuşuq. Mən bütün müxalif partiyalara da ruhdan düşməməyi, təşkilatlanma işinə ciddi önəm verməyi tövsiyə edərdim”.

Seçkiləri boykot edən Demokratik Qüvvələrin Milli Şurası Koordinasiya Şurasının üzvü Eldəniz Quliyev qəzetimizə açıqlamasında bildirdi ki, onlar seçkinin nəticələrinin elanından sonra yeni situasiyanı ətraflı müzakirə edirlər: “Bilirsiniz ki, biz seçkini boykot etmişik. Seçkinin nəticələrilə bağlı ATƏT-in gəldiyi rəyi dəstəkləyirik və prosesi legitim saymırıq. Bundan sonra strategiyamızı müəyən edib, ona uyğun taktiki addımlarımızı atacağıq. Mübarizə taktikasına gəldikdə isə təşkil olunan mitinq bunun cavabı ola bilər. Biz bütün vasitələrlə bu nəticəyə etiraz edəcəyik. Əsas üstünlüyü də kütləvi aksiyalara verəcəyik. Təbii ki, gələcək taktiki addımlarımızla bağlı qərarlar kollegial müzakirələrdən sonra veriləcək”.

Növbəti saylarımızda seçkiyə qatılmayan digər radikal düşərgə təmsilçilərinin də seçkinin yekunları ilə bağlı nə düşündüklərini təqdim etməyə çalışacağıq.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər