24/09/2018 18:05
728 x 90

Yaxın Şərqdə müharibə alovları neftin qiymətini yenidən 100 dollara yaxınlaşdırır

img

Yaxın Şərqdə getdikcə artan gərginlik öz təsirini artıq neft bazarında da göstərməyə başlayıb.  Son olaylar, böyük dövlətlərin iştirakı ilə müharibə ehtimalının sürətlə artması neftin qiymətində dinamik yüksəlişə təkan verib. Son məlumatlara görə, ölkəmizin satdığı “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,90 dollar bahalaşaraq 74,48 dollar olub.

Londonun ICE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,05 dollar bahalaşaraq 72,11 dollar, Nyu-Yorkun NYMEX  birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,20 dollar artaraq 67,02 dollar təşkil edib. Ekspertlər Yaxın Şərqdə artan gərginlik fonunda qiymətlərin daha sürətlə artmasını, hətta 100 dollarlıq həddə çatmasını da istisna etmir.

Beynəlxalq Energetika Agentliyinin (BAE) neft sektoru və bazarları şöbəsinin rəhbəri Nil Atkinsonun açıqlamaları da neftin qiymətində sürətli artım olacağını deməyə əsas verir. Onun sözlərinə görə, dünyanın artıq neft ehtiyatları iki-üç aydan sonra yox ola bilər: “Zaman keçdikcə neft ehtiyatları azalmağa başladı. Tam aydın olur ki, artıq beşillik orta göstərici görünməkdədir. Bu, neft ehtiyatlarının doğrudan da beşillik səviyyəsinə çatmasından iki-üç ay öncə, yaxud buna yaxın müddətdə baş verə bilər”. İqtisadçı Vüqar Bayramov isə qeyd edir ki, neftin qiymətinin dünya bazarında yüksəlməsi daha çox Suriya konflikti ətrafında baş verənlərlə bağlıdır: “Suriyada kimyəvi silah istifadə edildikdən sonra ABŞ prezidenti Donald Tramp Suriyaya raket zərbələri endiriləcəyi ilə bağlı tvit paylaşıb. Trampın paylaşdığı tvit neftin dünya bazar qiymətinə birbaşa təsir göstərir və qiymət artımları müşahidə olunur. Xüsusilə hazırkı dövrdə Yaxın Şərqdə vəziyyətin daha da gərginləşəcəyi ilə bağlı narahatlıqlar var. Bu narahatlıq neftin dünya bazar qiymətinə birbaşa təsir göstərməkdədir. Nəzərə almalıyıq ki, Suriyaətrafı ölkələr neft istehsal edən ölkələrdir. Suriyada ABŞ - Rusiya qarşıdurması yeni mərhələyə qədəm qoyarsa və ABŞ yenidən Suriyanın bombalanmasını həyata keçirərsə, bu, neft nəqli ilə bağlı çətinliklərin yaranmasına və dünya bazarında neftin qiymətinin daha yüksəlməsinə gətirib çıxara bilər”.

V.Bayramovun sözlərinə görə, neftin dünya bazar qiymətinə Suriyadakı vəziyyət birbaşa təsir göstərəcək:: “Yəni Suriyada tərəflər razılıq əldə edərsə və konflikt həll olunarsa, bu da neftin dünya bazar qiymətinin stabilləşməsinə gətirib çıxaracaq. Amma hələlik Suriya ətrafında konflikt dərinləşdiyi, eləcə də neftə tələb artdığı üçün neftin dünya bazar qiymətində artımların olacağını proqnozlaşdırmaq olar”. Bütün bunlar neft satışını təhlükəsiz şəkildə həyata keçirən ölkələrin, o cümlədən Azərbaycanın bu məhsulun satışından daha çox gəlir əldə etməsinə imkan verəcək faktorlar sayılır. Onu da qeyd edək ki, cari il ərzində neftin nəzərdə tutulan qiymətdən baha satılması Azərbaycanın valyuta ehtiyatlarını artırıb. Məsələn, məlumdur ki, ilin birinci rübündə Dövlət Neft Fondunun (ARDNF) aktivləri təqribən 2 milyard dollara yaxın artıb. ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bu xüsusda bildirib: "Bildiyiniz kimi, dünya bazarında neftin qiyməti bizim proqnozlaşdırdığımızdan yüksəkdir. Təbii ki, bu da fondun ilin sonuna olan vəsaitlərinə təsir edəcək. Artımın hansı məbləğdə olacağı neftin qiymətindən asılıdır. Birinci rüb ərzində fondun vəsaitlərində 2 milyard dollara yaxın artım olub". Mərkəzi Bankın da sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi artıb. Qurumun valyuta ehtiyatları aprelin 1-nə 5 milyard 508 milyon dollar olub. Bu göstərici martın 1-i ilə müqayisədə 120,7 milyon dollar çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1 milyard 075,3 milyon dollar artıb. Mərkəzi Bankın sədri Elman Rüstəmov isə bildirir ki, ilin sonunadək valyuta ehtiyatlarımız əhəmiyyətli dərəcədə artacaq. Baş bankın valyuta ehtiyatlarını qənaətlə istifadə etdiyini deyən sədr qeyd edib ki, büdcəyə transfertlər, eyni zamanda, idxal əhəmiyyətli dərəcədə azalıb: "Bu da bizə nəzərdə tutulan layihələri yerinə yetirməyə imkan verir. Bu ilin üç ayında valyuta ehtiyatları 2,2 milyard dollar artaraq 44 milyard dolları ötüb. Mövcud bazar konyunkturasından istifadə ediməklə neftin qiymətində əhəmiyyətli dəyişiklik olmasa, valyuta ehtiyatlarımız artacaq". Belə vəziyyət Azərbaycanın maliyyə bazarlarına da ciddi təsir edir. İlk növbədə o baxımdan ki, manatın xarici valytular, o cümlədən dollara nisbətdə mövqelərini qoruması, hətta güclənməsi gözlənir. Bunların nəticəsidir ki, Mərkəzi Bankın tam nəzarətində olan manatda, qonşu ölkələrdən fərqli olaraq, son aylarda heç bir təlatüm baş verməyib. Neftin qiymətinin qalxması isə manatın stabilliyinin qorunacağına təminat yaradır. Amma o da faktdır ki, artıq Azərbaycan iqtisadi siyasətini  neftin qiyməti ilə o qədər də sıx bağlamamağa çalışır. Maliyyə naziri Samir Şərifov qeyd edir ki, cari ilin büdcəsində neftin qiyməti hazırda mövcud olan qiymətlərdən xeyli aşağı götürülüb: “Bu ehtiyatlı siyasəti, yəqin ki, bundan sonra da davam etdirəcəyik”.

Tahir TAĞIYEV

Son xəbərlər