27/04/2018 03:10
728 x 90

Azərbaycan Qərbin enerji bazarında mövqelərini daha güclü hala gətirir

img

Azərbaycanın həyata keçirdiyi enerji layihələrinin Qərb ölkələri üçün çox böyük əhəmiyyətə malik olması indi ABŞ və Avropada daha açıq etiraf olunur. Xüsusən də bir çox Avropa ölkələrinin Rusiya ilə münasibətlərinin gedərək kəskinləşməsi fonunda bu məsələ aktuallığını daha da artırır. Belə vəziyyət Qərb ilk növbədə “Cənub Qaz Dəhlizi” layihəsinə xüsusi maraq sərgiləyir.

Bunu Avropa Komissiyasının enerji və iqlim üzrə komissarı Migel Arias Kanyete də təsdiq edir və bu xüsusda bildirir: “Bizim diversifikasiya cəhdlərimiz üçün ən əsas layihə “Cənub Qaz Dəhlizi” layihəsidir”. O qeyd edib ki, təmsil etdiyi qurum üçün Xəzər regionundan qazı birbaşa Avropaya gətirmək əsas prioritet olaraq qalır: “Bu istiqamətdə uğurun bir göstəricisidir ki, bu ilin yayında Azərbaycan qazı Türkiyəyə, 2020-ci ildə isə Avropaya çatdırılacaq”.

Eyni mövqe Almaniya Xarici Siyasət Cəmiyyətinin eksperti Mattias Dornfeld tərəfindən də sərgilənir: “Avropa İttifaqı Azərbaycanın təbii qazı hesabına enerji təhlükəsizliyini möhkəmləndirmək istəyir. “Cənub Qaz Dəhlizi” sayəsində Cənubi Avropa ilk dəfə olaraq Xəzər dənizinin təbii qazı ilə təchiz olunacaq. Azərbaycan yalnız təbii qaz istehsalçısı deyil, həmçinin boru kəməri şəbəkəsinin təminatçısı və operatoru qismində çıxış edir. Bundan başqa, Azərbaycan enerji sahəsində Cənubi Qafqazda Avropanın ən mühüm tərəfdaşı olacaq. Eyni zamanda, Azərbaycan enerji resurslarının təchizatı üzrə Avropanın Avrasiya regionunda əsas tərəfdaşı kimi çıxış edəcək”.

Amerikalı ekspert Piter Teys də “Cənub Qaz Dəhlizi”nin Avropa üçün daha böyük əhəmiyyət kəsb etməyə başaldığını vurğulayır. Onun sözlərinə görə, Avropa liderləri qitə üçün qaz mənbələrinin şaxələndirilməsinə yönəlmiş səylərini artırıb: “Avropa ölkələri qazı əsasən Norveçdən, Şimali Afrikadan və Rusiyadan alır. On il bundan əvvəl Avropa  komissiyası yeni bir təşəbbüslə - “Enerji təhlükəsizliyi və həmrəylik üzrə fəaliyyət planı” ilə çıxış edib. Bu sənəddə Avropa ölkələrinə qaz idxalının şaxələndirilməsi ilə əlaqədar köməyə prioritet verilib, “Cənub Qaz Dəhlizi” Avropa İttifaqının yeni siyasətində mühüm elementlərdən biri kimi müəyyən olunub. Dünyada ən iri enerji layihələrindən biri olan “Cənub Qaz Dəhlizi” vasitəsilə 2020-ci ildən etibarən hər il Azərbaycanın qaz yataqlarından hasil edilən 10 milyard kubmetr təbii qaz Avropaya nəql ediləcək. İki fazadan ibarət layihənin başlanğıc mərhələsində bu dəhliz vasitəsilə nəql ediləcək təbii qazın yeganə təchizatçısı Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağıdır. Ümumilikdə 16 milyard kubmetr qazın 6 milyard kubmetri Türkiyəyə, qalan 10 milyard kubmetri isə Şərqi Avropa ölkələrindəki istehlakçılara göndəriləcək. BP şirkətinin hesablamalarına görə, bu yataqda təqribən 1,2 trilyon kubmetr təbii qaz və təqribən 2,2 milyard barrel kondensat ehtiyatı var. Lakin Avropa İttifaqı Mərkəzi Asiya, Yaxın Şərq və Şərqi Aralıq dənizi bölgələrindəki potensial ixracatçılardan əlavə qaz satışı variantlarını da nəzərdən keçirir. Gözlənildiyi kimi, Avropada artıq 9 alıcı “Cənub Qaz Dəhlizi” vasitəsilə daxil olan Azərbaycan qazını idxal etmək öhdəliyi götürüb. ABŞ da “Cənub Qaz Dəhlizi” layihəsinə sadiq qalır və bu layihənin başa çatdırılması üçün Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının səylərini alqışlayır. Amma Donald  Tramp administrasiyası bu layihənin həyata keçirilməsində Vaşinqtonun bütün avropalı tərəfdaşlara dəstəyini nümayiş etdirmək üçün əlavə tədbirlər görməlidir. Bu bütün əlaqədar tərəflərə nümayiş etdirərdi ki, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə dair bu layihə ABŞ üçün strateji əhəmiyyət kəsb edir”.

Bütün bunlar “Cənub Qaz Dəhlizi”nin Qərb üçün nə qədər böyük əhəmiyyət kəsb etdyini, Azərbaycanın beynəlxalq enerji bazarlarında mövqelərini gücləndirdiyini açıq nümayiş etdirir. Bu fonda “Fitch Ratings” beynəlxalq reytinq agentliyi bildirir ki, “Cənub Qaz Dəhlizi”  çərçivəsində həyata keçirilən layihələr eyni zamanda Azərbaycanın uzunmüddətli makroiqtisadi sabitliyi üçün strateji əhəmiyyət daşıyır: “Şahdəniz-2” layihəsinin reallaşması nəticəsində yeni inkişafa nail olunacaq. Layihənin strateji əhəmiyyəti gələcəkdə onun transsərhəd mahiyyəti, o cümlədən daxili öhdəliklərin və tranzit ölkələri, Avropa İttifaqı və istehlakçıların siyasi dəstəyi ilə möhkəmlənəcək. 2045-ci ilədək artıq qaz ehtiyatlarının böyük hissəsi Avropa İttifaqı və Türkiyə hökuməti tərəfindən alınıb”. Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur.

NAHİD

Son xəbərlər