27/04/2018 03:14
728 x 90

Azərbaycana edilən təcavüz və Qarabağ həllinin uzanması Ermənistana gözlənildiyindən də böyük zərbə vurur

img

Ermənistan beynəlxalq arenada autsayder vəziyyətində qalıb və son 10 ildə Serj Sarkisyan hakimiyyəti bu durumu dəyişmək üçün heç nə edə bilməyib. Belə bir açıqlama ilə Ermənistanın birinci prezijenti Levon Ter-Petrosyanın dövründə Mərkəzi Bankın sədri olmuş Baqrat Asatryan çıxış eidb.

Onun sözlərinə görə, ötən dövr ərzində Ermənistanın ümumi daxili məhsul istehsalına dair göstəricilərində hansısa dəyişiklik qeydə alınmayıb və bu da faktiki olaraq ölkənin yerində saydığını, inkişaf etmədyini göstərir: “Bütün bunlar hakimiyyətin yeni iş yerlərinin yaradılmasına dair dedeiklərinin sadəcə yalan və illüziya olduğunu da aydın şəkildə nümayiş etdirir. Əvəzində isə yenə b uhakimiyyətin sayəsində ölkənin xarici borcu sürətlə artaraq 7 milyard dollara çatıb“. Baqrat Asatryan bildirir ki, yenə bu hakimiyyət Dağlıq Qarabağ münaqişəsinin də həllində hansısa dəyişiklik edə bilməyərək, ölkənin mövqeyini daha da pisləşdirib. Onun sözlərinə görə, Ermənistan Qarabağ məsələsində, faktiki olaraq, iəklənmiş mövqedədir.

Bununla yanaşı o vurğulayır ki, məhz Qarabağ konflikti üzündən Ermənistanın  beynəlxalq arenada mövqeləri pisləşib, regionda mühüm laiyhələrdən kənarda qalıb. Ermənistandan fərqli olaraq, Azərbaycan ötən dövr ərzində dinamik inkişaf nümayiş etdirə bilib. Məsələn, məlumdur ki, son 15 il ərzində iqtisadi sahədə Azərbaycan qədər sürətli inkişaf edən ikinci ölkə yoxdur. Qeyd olunan müddətdə Azərbaycan iqtisadiyyatı  3,2 dəfə artıb. Azərbaycan yenə bu müddətdə nəhəng enerji və nəqliyyat layihələrini icra edib və etməkdədir. Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə artıq Avrasiyanın enerji, nəqliyyat xəritələri yenidən tərtib olunur. Yenə də Azərbaycanın istəyi ilə Ermənistan işğal siyasətinə görə bu mühüm enerji, nəqliyyat layihələində yer almır. Bütün bunlar Qarabağ münaqişəsinin davamının ötən dövr ərzində məhz Ermənistana kifayət qədər böyük ziyan vurduğunu aydın surətdə meydana qoyur.  Eyni zamanda, ötən dövr ərzində Qarabağ məsələsində Azərbaycanın bütün istiqamətlər üzrə mövqeyinin güclənməsi də özünü qabarıq şəkildə göstərir. Yenidən Azərbaycanın dövlət başçısı seçildikdən sonra bu xüsusda xalqa müraciətində Prezident İlham Əliyev  bildirib: “Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prinsipial mövqeyimizdən bir addım da geriyə atmamışıq. Bizim prinsipial mövqeyimiz daha da güclənir. Bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır, bunun başqa yolu yoxdur. Son illər ərzində bir çox mötəbər beynəlxalq təşkilatlar bizim mövqeyimizi, ədaləti dəstəkləyən bir sıra qərar və qətnamələr qəbul etmişlər. Biz böyük diplomatik qələbələrə nail olmuşuq. Eyni zamanda, döyüş meydanında biz böyük qələbəyə nail olmuşuq. Azərbaycan əsgəri, Azərbaycan ordusu, Azərbaycan dövləti işğal altında olan torpaqlarımızın bir hissəsini işğalçılardan azad etmişdir. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğalçılardan təmizləndi və o torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. İşğaldan azad edilmiş torpaqlara həyat qayıdır, insanlar qayıdır. O torpaqlarda prezident seçkiləri keçirilir. Gün gələcək və bu gün hələ də işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağı qaldırılacaq, bu torpaqlarda prezident seçkiləri keçiriləcək, Azərbaycan prezidenti seçiləcəkdir. Biz daha güclü olmalıyıq“.

Yaranmış durumda diqqət həm də ona çəkilir ki, ötən dövr ərzində iki ölkənin inkişafında yaşanan böyük fərq Ermənistanın Qarabağ məsələsində Azərbaycana müqavimət imkanlarının daha sürətlə tükəndyini üzə çıxarır. Əslində, bu vəziyyəti işğalçı ölkənin özündə də sezənlər az deyil. Belələri açıq şəkildə bildirir ki, Qarabağ məsələsi həll olunmadan, Azərbaycanla münasibətlər normalalşmadan Ermənistanda hansısa inkiaşfdan danışmaq sadəcə mümkün deyil. Bunu erməni ekspert Mamikon Babayan “Vestnik Kavkaza” saytında yer alan fikirlərində də xüsusi olaraq qeyd edir: “Sovet illərində Rusiya FSR ilə ümumi sərhədləri olmayan Ermənistan mərkəzlə əsasən Azərbaycan SSR ərazisi ilə əlaqə yaradırdı. Ancaq Dağlıq Qarabağ münaqişəsinə görə Ermənistan özünü faktiki olaraq iqtisadi blokadaya atdı. Aydındır ki, blokadanın yarılması Ermənistana genişmiqyaslı iqtisadi layihələrə qoşulma imkanı verəcək, bunun nəticəsində respublika rifah yoluna girəcək. Ərazi münaqişələrinin dəstəklənməsindən imtina etmək ideyasının həyata keçirilməsi qarşılıqlı faydalı iqtisadi layihələrin hazırlanması və həyata keçirilməsinə gətirib çıxaracaq, bu isə Rusiya Federasiyasına qarşı tətbiq olunan sanksiyaların artdığı bir şəraitdə xüsusilə vacibdir. Amma indilikdə Ermənistan üçün Qarabağ müharibəsinin aydın nəticəsi respublikadakı mövcud vəziyyətə indi də mənfi təsir göstərən ağır iqtisadi vəziyyətdir. Münaqişə nəticəsində Ermənistan siyasəti təcrid vəziyyətinə düşüb. Ermənistan 4 ölkə ilə həmsərhəddir ki, onlardan ikisi ilə, yumşaq desək, münasibətləri uyğunlaşmır. Türkiyə Azərbaycanın strateji müttəfiqidir və sərhədləri əvvəlki kimi Ermənistan üçün qapalı saxlayır. 90-cı illərin əvvəlində SSRİ-nin süqutundan sonra Türkiyənin Ermənistanın müstəqilliyini tanıyan ilk ölkələrdən olmasına baxmayaraq, diplomatik əlaqələrin qurulması və qarşılıqlı faydalı ticarət sazişlərinin bağlanması mümkün olmadı. İran Ermənistana qarşı dostluq siyasəti həyata keçirsə də, Qərblə düşmən münasibətindədir. Abxaziya və Osetiya problemlərinin həll olunmaması isə Gürcüstan və Ermənistan arasında əməkdaşlığa müəyyən məhdudiyyətlər gətirir. Nəqliyyat təcridi müasir Ermənistan üçün vacib problemlərdəndir. Nəqliyyat blokadası özünü dəmir yolu nəqliyyatında da göstərir. Dağlıq Qarabağ münaqişəsi nəticəsində Naxçıvan ərazisindən keçdiyi üçün Mehri və Masis rayonlarını birləşdirən dəmir yolu xətti bağlandı. Bu gün Ermənistan da Naxçıvan Muxtar Respublikasını blokadada saxlayır.

Beləliklə, Ermənistanın cənubu ilə dəmir yolu əlaqəsi kəsilib, dəmir yolu şəbəkəsi yalnız ölkənin şimal rayonlarında fəaliyyət göstərə bilir. Ermənistanda Ermənistan-İran dəmiryolunun tikintisi ilə yol infrastrukturunun potensialını bərpa etməyə ümid edirlər, lakin layihə hələ də həyata keçirilməyib. Dəmir yolu xəttinin inkişafı üçün ikinci perspektivli sahə Abxaziyanın ərazisindən keçən Zaqafqaziya dəmir yolunun bir hissəsinin bərpası ola bilər. Bunda, həmçinin Rusiya da maraqlıdır. Belə ki, 1991-ci ildən indiyə qədər Tiflis gürcü-abxaz münaqişəsinə görə Soçi-Suxumi-Tiflis-İrəvan marşrutu ilə dəmir yolu əlaqəsini kəsib. Ötən 24 il ərzində isə həmin magistral tamamilə tənəzzülə başlayıb.

Ermənistanın iqtisadi blokadası postsovet məkanında inteqrasiya proseslərində iştirakının qarşısını aldı, təkbaşına isə Ermənistan üçün xarici borcu illik gəlirindən dəfələrlə çox olan ölkələrin siyahısında yer almamaq çətin olacaq. Ancaq ölkənin KTMT-da iştirakına baxmayaraq, respublikanın və bunun nəticəsi olaraq Dağlıq Qarabağın militarizasiyası İrəvanı orduya fəal şəkildə sərmayə qoymağa vadar edir. Bu isə insanların həyatına və respublikanın siyasi elitasının ritorikasına iz qoyur. Xalq daimi olaraq münaqişənin gərginləşməsi qorxusu ilə yaşayır və bu da həmçinin miqrasiya bəhanələrinə xidmət edir. Sovet İttifaqının süqutundan əvvəl Ermənistan özünün xammal tələbatını müttəfiq respublikalardan idxal hesabına təmin edirdi. Beləliklə, Azərbaycan Ermənistana kimya və yanacaq sənayesi, maşınqayırma, tərəvəz məhsulları verirdi. Ermənistan isə əsasən hazır məhsullar – iş alətləri, kənd təsərrüfatı maşınları, avtomobillər, geyim və qablar göndərirdi. 1980-ci illərin sonunda Ermənistanın istehsal həcminin 70 faizi idxal olunan məhsullara əsaslanırdı. Eyni zamanda, istehsalın 60 faizi ixrac edilirdi. Müharibə səbəbindən Ermənistan təcili olaraq özü üçün alternativ karbohidrogen mənbələri axtarmağa məcbur qaldı. İran 90-cı illərin ortalarından etibarən əsas enerji idxalçısı və Ermənistanın enerji təhlükəsizliyinin təminatçısı oldu. Bu gün Ermənistan, deyilənə görə, yüksək qiymətlərlə satılan İran qazından asılıdır.

İqtisadi blokada Ermənistanda bir çox sənaye sahələrini məhv etdi. RAN İqtidadiyyat İnstitutunun məlumatlarına görə, müharibədən sonra sənaye sahəsində işləyənlərin sayı 458 min nəfərdən 180 minədək (2.5 dəfə) azalıb ki, bu da öz növbəsində elektrik enerjisi, təbii qaz istehsalının və istehlakının azaldılmasına təsir göstərib. Eyni zamanda, kənd təsərrüfatında məşğulluq 389 min nəfərdən 567 min nəfərədək artıb (1.5 dəfə). Bu gün Ermənistan informasiya texnologiyalarına sərmayə qoyur. Eyni zamanda, hər hansı bir inkişaf etməkdə olan sənaye sahəsində olduğu kimi, Ermənistanın start-apları da texnologiya dəyişikliyinə tez cavab vermək ehtiyacı ilə üzləşir. Sənaye miqyasında rəqabət qabiliyyətli məhsullar istehsal etmək üçün daha geniş bir auditoriya və qlobal investisiyaların cəlb edilməsi lazımdır ki, buna da həll olunmamış Qarabağ məsələsi maneə törədir”. Bütün bunlar bir daha göstərir ki, Qarabağ münaqişəsi həll edilmədən Ermənistanın inkişafı mümkün deyil. Ermənistanın Dağlıq Qarabağ münaqişəsinə görə blokada vəziyyətində qalması, regional layihələrdən təcrid olunması fonunda isə iqtisadi durumun daha da pisləşəcəyi gözlənir. “Aykakan jamanak” qəzeti yazır ki, buna görə də Ermənistanın dövlət borcu durmadan artır. Qəzet yazır ki, bütün bunlar ölkənin sosial-iqtisadi durumunun ağır olduğunu göstərir. Belə vəziyyət isə mövcud hakimiyyətin yarıtmaz siyasəti və Dağlıq Qarabağ münaqişəsinin mövcudluğundan qaynaqlanır. O da aydındır ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində əməli addımlar atmasa, buna görə daha ağır duruma düşəcək.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

Son xəbərlər