12/12/2018 19:13
728 x 90

Cəmi bir həftə - Qərbin sanksiyalarının Rusiyaya dərin təsirləri barədə rəngarəng fikirlər var

“Düşünmək ki, sanksiyalardan təkcə Rusiya zərər görür, bu doğru yanaşma deyil”

img

Aydın Mirzəzadə: “Hər iki tərəf bundan iqtisadi zərər görəcək”

 

Məlum olduğu kimi, Rusiya ilə Qərb arasında qarşıdurma bütün müstəvilərdə hər keçən gün daha da genişlənir. Rusiya keçmiş sovet məkanında Qərblə informasiya mübarizəsində üstün görünür. Ancaq Moskvanın bu təbliğatı, ABŞ başda olmaqla, Qərb üçün də təsirsiz görünür.

Çünki rəsmi Vaşinqton və müttəfiqlərinin əksəriyyəti Rusiyaya qarşı sərt mövqe ortaya qoyublar, sanksiyaları yavaş-yavaş genişləndirirlər. 2014-cü il martın 17-də Avropa İttifaqı Ukraynadakı vəziyyətə müdaxiləyə və Krımın ilhaqına görə Rusiyaya qarşı sanksiya tətbiq edib. Ancaq aradan dörd il ötdükdən sonra Rusiyaya qarşı yeni sanksiyalar dalğası başlayıb. Bu, onu göstərir ki, Kremlin xarici siyasəti kursu dəyişməyib, əksinə, daha da kəskinləşib. Ötən ay prezident Vladimir Putinin Krımın heç vaxt Ukraynaya qaytarılmayacağını yenidən açıqlaması da bunu bir daha təsdiqləyir.

Müşahidələr göstərir ki, artıq Rusiyaya qarşı olan güclər bu ölkə ilə açıq savaşa girmirlər. Çünki müharibə Kremlə ərazi itkisinə başa gəlsə də, mövcudluğunu uzatmaq üçün amil olub. Digər tərəfdən, bu, qarşı tərəfə heç də ucuz başa gəlməyib. Hər iki dünya müharibəsindən sonra həmin güclər müstəmləkə ərazilərini itiriblər. Bundan başqa, Rusiyaya qarşı açıq savaş aparacağı ehtimal edilən dövlətlərin vətəndaşları cəmləşdirəcək, səfərbər edəcək ideyası yoxdur. Odur ki, Qərb bu məsələdə az itkili, çox qazanclı xətt seçib. İndiki şəraitdə bunun ən yaxşı yolu iqtisadi xarakterli sanksiyalardır. Ancaq Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq olunsa da, bu hələ Qərb üçün istənilən və proqnozlaşdırılan nəticələri vermir. Ona görə də Kremlə qarşı əhatəli sanksiyanın tətbiqi taktikası seçilib. Diplomatların deportasiya edilməsi, siyasi-diplomatik təzyiq Rusiyaya qarşı yeni hücumun başlanğıcı kimi də dəyərləndirilir. Bütün bunlarla yanaşı, son vaxtlar mətbuatda Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaların nəticələri ilə bağlı ajiotaj xarakterli məlumatlar dərc olunur.

Maraqlıdır, Rusiyaya qarşı tətbiq olunan sözügedən sanksiyaların bu gün real nəticəsi nədir?

Məsələyə münasibət bildirən millət vəkili, politoloq Aydın Mirzəzadə buna bir neçə rakursdan yanaşdı: “Məsələ ondadır ki, iki tərəf bir-birilə münasibətləri məhdudlaşdırmaq istəyəndə, hər iki tərəfə müəyyən dərəcədə bunun zərbəsi dəyir. O baxımdan düşünmək ki, bu gün sanksiyalardan təkcə Rusiya zərər görür, bu doğru yanaşma deyil. Yəni bu təkcə Rusiyanın deyil, eyni zamanda Qərbin də ziyanına işləyən bir məsələdir. Çünki iqtisadi məsələlər bu və ya digər dərəcədə bir-birilə bağlıdır. Ona görə də bunun təsirləri birtərəfli olmayacaq. Hər iki tərəf sonra sözügedən zərəri bu və ya digər formada kənarda aradan qaldırmağa çalışacaq. Narahatedici məqam ondan ibarətdir ki, dünyanın iki güc mərkəzi arasında bu gün gərginlik yaşanır və bu getdikcə daha da kəskinləşir. İki qüvvə bir-birilə ortaq bir məxrəcə gələ bilmir. Bunun dünyada nüfuz uğrunda mübarizədən, yoxsa məqbul saydıqları prinsipi istənilən yolla qarşı tərəfə qəbul etdirməkdən irəli gəldiyini demək çətindir. Ancaq Qərblə Rusiyanın qarşıdurması bu gün dünyanın zərərinə işləyən bir məsələdir. Nəzərə alsaq ki, Azərbaycan Ermənistandan başqa dünyanın bütün dövlətləri ilə yaxşı münasibətdədir, o baxımdan yaşananlar arzuedilən deyil. Çünki qeyd etdiyim kimi, sanksiyalardan təkcə Rusiyanın zərər gördüyünü iddia etmək düzgün deyil. Bu istər Rusiyanın, istərsə də Qərbin ziyanınadır. Ümumən, Azərbaycan bu məsələdə maraqlıdır ki, tərəflər arasında qarşıdurma sona çatsın. Çox istərdik ki, bu məsələ diplomatik yolla, həmçinin, tərəflərin bir-birilə dil tapması yolu ilə həll edilsin. Ancaq çox təəssüflər olsun ki, biz hələ bunun işartısını görə bilmirik”.

Vidadi ORDAHALLI  

Son xəbərlər