27/04/2018 03:08
728 x 90

7 illik ilk prezident seçkilərində mediamızın davranışları tarixdə necə qalacaq...

“Seçki prosesində medianın oynadığı rolu yüksək qiymətləndirirəm”

img

Azər Həsrət: “İstər ənənəvi, istərsə də yeni media bu seçki prosesinə çox ciddi diqqət ayırdı

 

Xəbər verildiyi kimi, Azərbaycan Mətbuat Şurası aprelin 11-də ölkədə keçirilən prezident seçkiləri ilə bağlı kütləvi informasiya vasitələrində apardığı monitorinqin nəticələrini açıqlayıb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, əsas məqsədləri KİV-lərdə gedən təbliğat xarakterli materialların təhlilini aparmaq olub. Monitorinq, aparılmış təhlillər göstərir ki, KİV-lər bu kampaniyada iştirak etməkdə maraqlı olublar. Hesabatda əksini tapmış təhlillərdən söz açan MŞ sədri qeyd edib ki, KİV seçkiqabağı təşviqat mərhələsində, namizədlərin təqdimatında, ümumən, tərəfsizliyi qoruyub. Azərbaycan Respublikasının Konstitusiyasının, Seçki Məcəlləsinin, Mərkəzi Seçki Komissiyasının müvafiq təlimatının, jurnalistlərin peşə davranışı qaydalarının tələbləri yerinə yetirilib. Bəzi KİV materiallarında gizli siyasi təşviqat elementlərinə rast gəlinsə də, əvvəlki seçki dövrləri ilə müqayisədə belə hallara çox az təsadüf olunub. KİV sükut dövrünün tələblərinə də sadiq qalıb.

Monitorinq göstərdi ki, KİV namizədlərə əsasən bərabər imkanların yaradılmasına çalışıb. Mediada heç bir namizədə etikadankənar münasibət bildirilməyib, diskriminasiya hallarına yol verilməyib, hansısa qərəz, təhqir, böhtan və ya aşağılayıcı münasibət nəzərə çarpmayıb. Əvvəlki seçki dövrləri ilə müqayisədə bu nəticəni böyük uğur saymaq mümkündür. Qeydə alınmış kiçik nöqsanlar isə medianın seçkidə iştirakı ilə bağlı ümumi müsbət tendensiyaya təsir göstərməyib.

O da məlum olub ki, aprelin 11-də aparılan monitorinq zamanı prezident seçkilərində peşə fəaliyyətini yerinə yetirən jurnalistlərlə bağlı hər hansı insident qeydə alınmayıb. Bütün bu deyilənlərin fonunda, seçkilərin standartlara uyğun keçirilməsində, indiki nəticələrin əldə olunmasında media nə kimi rol oynadı?

Məsələyə münasibət bildirən media eksperti Azər Həsrətin sözlərinə görə, media ümumən seçki kampaniyasında mühüm rol oynadı. O bunu bir sıra arqumentlərlə əsaslandırdı: “Bütövlükdə, istər ənənəvi, istərsə də yeni media bu seçki prosesinə çox ciddi diqqət ayırdı. Xüsusən də bu dəfə ayrılan diqqət daha çox peşəkarlığı ilə seçildi. Yəni əvvəlki illərdə keçirilən seçkilərdə biz müşahidə edirdik ki, bəzən media naşılıq göstərirdi, bəzən də qanunlara zidd davranışlar sərgiləyirdi. Ancaq bu dəfə bənzər hal baş vermədi. Bütövlükdə, mediamız seçkilərə qanunlar çərçivəsində, eyni zamanda, mediaya yaraşan səviyyədə yanaşma sərgilədi. Bu da ona səbəb oldu ki, bütün namizədlər bərabər şəkildə mediaya çıxış əldə etdilər, özlərini tanıtmaq, təbliğ etmək üçün imkanlar qazanmış oldular. Bu da ona gətirib çıxardı ki, Azərbaycan seçicisi bütün namizədləri yetərincə tanıya bildi. Onların arasında müqayisə aparıb seçim etmək imkanı əldə etdi. Bu çox mühüm faktordur. Media, əslində, seçicilərin qərarının verilməsində çox mühüm rol oynayan amillərdən biridir. Azərbaycan mediası bu seçki dövründə üzərinə düşən vəzifəni yerinə yetirə bildi. Yerinə yetirdiyinə görə də seçicilərimiz ən doğru qərarı verməkdə çətinlik çəkmədilər. Bundan başqa, seçki prosesinin özünün sabit və sakit bir ortamda başa çatmasında da medianın rolu çox böyükdür. Yəni qızışdırıcılıqdan uzaq, soyuq başla edilən təhlillər, yayımlanan xəbərlər insanların soyuq başla qərar verməsinə, proseslərə təmkinli yanaşa bilməsinə səbəb oldu. Ona görə də budəfəki seçki prosesində medianın oynadığı rolu yüksək qiymətləndirirəm. Hesab edirəm ki, media üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdi”.

Vidadi ORDAHALLI

Son xəbərlər