19/07/2018 05:43
728 x 90

Azərbaycan Xalq Cumhuriyyəti - 100

Alovlardan keçən azadlıq

img

Türklərin həyatında orijinal və ibrət götürüləsi cəhətlər çoxdur. Demə, öz türk qardaşlarımızın həyatı barədə çox az şey bilirikmiş. Heyrətamiz, təmkinli və mətanətli xalqdır. Ucdantutma hamı xalq-millət işinə sadiqdir. Qeyri-adi yekdillik. Çətin vəziyyətdən türklər şərəflə çıxacaqlar. Bir görsəydin burada dövlət və xalq necə işləyirlər. Demək olar bütün sutkanı iş başında olurlar. Hamı çalışır, çarpışır və inanır. Azərbaycan türklərinə böyük maraq və məhəbbət vardır. Türkçülük, turançılıq burada dərin köklər atmışdır. İslamçılar da vardır. Şəkk-şübhəsiz yaxşı təşkil edilmiş inzibati dövlət aparatı və nümunəvi ordu. Gələcəyə dair çoxlu planlar və ümidlər.

Mustafa ağa Vəkilov
(İsmayıl Umudlu «Vəkiloğluları» kitabından)

Epiqrafa çıxarılmış mətn Azərbaycanın istiqlal tarixinin ən gənc naziri, Vətənin azadlığı uğrunda ömrünün sonuna qədər fədakarlıqla mübarizə aparmış Mustafa ağa Vəkilovun Türkiyədən qohumu Abdulla bəy Divanbəyoğluna yazdığı məktubdan iqtibas olunub. Bu da təsadüfi deyil. Cumhuriyyətin - Şərqdə ilk parlamentli respublikanın dirçəlməkdə olduğu  illərdə gənc azərbaycanlı siyasətçinin Türkiyəyə - türklərə güvəncli münasibətini həmin məktubda ifadə olunmuş düşüncələrdən də aydın görmək olar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə bu il «Azərbaycan Xalq Cumhuriyyəti ili» elan olunub. Azadlıq bayrağını Şərqdə ilk parlamentli respublika ilə - demokratik ideyalara tapınaraq ucaldan dövlətimizin 100 illik yubileyi məhz bu il qeyd olunacaq. Bu yubiley «Bir kərə yüksələn bayrağ»ın fonunda yaranmış tarixin sadəcə bayramı deyil. Bu, xalqın taleyüklü məsələsi olduğu üçün dövlətimiz tərəfindən düşünülmüş şəkildə atılan bir addımdır. Yəni məqsəd Azərbaycan xalqına, xüsusilə gənc nəslə alovlardan keçmiş tariximizi daha yaxından öyrətmək, kütlələrə tarixi azadlıq düşüncəsini daha yaxından tanıtmaq məqsədi daşıyır.

Kimsəyə sirr deyil ki, I Pyotrdan üzü bəri Rusiya bütün Şərqi qamarlamaq və uzaq Cənub sularında ayağını qızdırmaq məqsədini ardıcıl olaraq siyasətə çevirmiş və bu yoldan dönməyərək işğalçılıq siyasətini davam etdirmişdir. Amma tarixi gedişat gələcəkdə daha möhtəşəm hadisələrdən xəbər verirdi. Doğrudur, XIX əsrdə Rusiya bütün Qafqazın Şimal və Cənub üzü ilə birlikdə işğalını başa çatdırmışdır. Və demək olar ki, bu ərazilərdə qədərincə möhkəmlənmiş imperiyanın sərhədlərini, Orta Asiya da daxil olmaqla, İran və Türkiyə ərazilərinəcən genişləndirmişdir.

Tarix isə Şərqdə yeni günəşin doğulacağından xəbər verirdi. Bakıda neft sənayesinin inkişafı, Avropanın Azərbaycana maraqları, yeni oyanış mərhələsi göstərirdi ki, tarix boyunduruq altında sürünmə ilə barışmır. Azərbaycanda Hacı Zeynalabdin Tağıyev fenomeni yeni yollar açırdı. Doğrudur, Tağıyev ağıllı bir iş adamı kimi hökumətlə balanslaşmış siyasət aparırdı. Amma eyni zamanda istedadlı gənclərin oxuyub Vətənə qayıtması üçün yollar açırdı.

Əlimərdan bəy Topçubaşovun, Həsən bəy Ağayevin, Nəriman Nərimanovun, Məhəmməd Əmin Rəsulzadənin, Fətəli xan Xoylunun, Nəsib bəy Usubbəylinin, Əhməd bəy Ağayevin, Əlibəy Hüseynzadənin... ictimai-siyasi fəaliyyəti XX əsrin əvvəllərində artıq Azərbaycan üçün yeni üfüqlərin açılmasından xəbər verirdi. Bu ədəbi-ictimai qüvvələr, əslində, Hacı Zeynalabdin Tağıyevin təsir dairəsində idi. Və onların fəal həyat mövqeləri tutmaları üçün Tağıyev maddi imkanlarını əsirgəmirdi. Eləcə də, o, digər neft xudaları da Azərbaycanda ictimai oyanışın təkamülündə iştiraka dəvət edirdi. Bütün bunların nəticəsi Çar Rusiyasının boyunduruğundan xilas olmaq üçün kütlələrin mübarizəyə qalxması idi. Əlbəttə, Tağıyev insanları inqilaba çağırmırdı. O, azadlıq ideyalarını qanun çərçivəsində dirçəlməsinə yardım edirdi. Artıq ictimai-siyasi həyatda parlaq nitqləri, azadlıq ideyaları ilə dolu publisist yazıları ilə görünən siyasətçilər nəsli meydanda idi. Doğrudur, əvvəlcə onlar Azərbaycanın türk-müsəlman əhalisinin imperiya hüdudlarında muxtariyyət hüququnu tələb edirdilər. Nümayəndələr imperiyanın müxtəlif yerlərində keçirilən konfrans və qurultaylarda toparlayıcı və aydın məruzələrlə çıxış edirdilər. «Rusiya imperiyasında türklərin vəziyyəti və problemləri» adlı məruzə ilə 1905-ci ildə Əlimərdan bəy Topçubaşov Rusiya müsəlmanlarının Nijni-Novqorodda keçirilmiş I Qurultayında çıxış etmişdir. Bu faktın özü göstərir ki, Çar Rusiyanın az qala yarısını təşkil edən türk-müsəlman əhalisinin adından danışan Əlimərdan bəy Topçubaşov artıq böyük azadlıq amalının lideri rolunda görünürdü. Rusiya dumasında da müsəlman fraksiyasının sədri olmaq missiyasını iti zəkası, parlaq şəxsiyyəti ilə qazanmışdı. Bütün türk-müsəlman aləminin ziyalıları onu güclü lider kimi qəbul edirdi. Eləcə də, digər deputatlar artıq kifayət qədər mənəvi cəhətdən silahlı idilər. Mənbələrdən birində dumada çıxış edən İsmayıl xan Ziyadxanovun dedikləri diqqətə çəkilir: «Biz (Azərbaycan) bir əsr əvvəl işğal edilmişik. Bizə heç bir hüquq verilməmişdir. Kölə halına salınmışıq. Milli varlığımıza təcavüz edilmişdir. Bir sıra ali məktəbə qəbul olunmağımıza qadağa qoyulmuşdur. Dövlət idarələrində türk məmurlarına rast gəlmək mümkün deyildir. Torpaq azlığından əziyyət çəkirik. Lakin buraya Rusiyadan axın-axın kəndlər köçürülür. Bilavasitə dövlətin əli ilə törədilən milli qırğın zəminində qana boyanmış bu torpaqlarda rus kəndliləri üçün planlaşdırdığınız yaşayış məntəqələrini quracaqsınız. Bu,  hökumətin gizli surətdə hazırlayıb həyata keçirdiyi «parçala və hökmranlıq et» idarə tərzindən başqa bir şey deyildir. İki ildən bəri qan dəryasında boğulan Vətənimdə insan cəsədlərinin üstündən keçirik. Artıq səbrimiz tükənmişdir». Bu və bu kimi mübariz çıxışlar azərbaycanlı deputatların və eləcə də, məramı aydın olan ziyalıların Əlimərdan bəy Topçubaşov, İsmayıl Ziyadxanov, Əbdülrəhim bəy Haqverdiyev, Məmməd Tağı Əliyev, Əsədulla bəy Muradxanov (I Dövlət Dumasının üzvləri), Fətəli xan Xoylu, Xəlil bəy Xasməmmədov, Mustafa Mahmudov, Məhəmməd ağa Şahtaxtinski, Zeynal Zeynalov (II Dövlət Dumasının üzvləri), (III Dövlət Dumasında da yeganə nümayəndə Xəlil bəy Xasməmmədov idi) Məmməd Yusif Cəfərov (IV Dövlət Dumasının üzvü) və digər aydınların qətiyyətinin ifadəsi idi. Bu aydınlar yüksək hüququ savada, zəngin və geniş dünyagörüşə malik idilər. Rusiyada baş verən Fevral inqilabı yeni, daha qətiyyətli əməli fəaliyyət tələb edirdi. Açıq ensiklopediyada oxuyuruq: «1917-ci ilin oktyabrındakı hakimiyyət çevrilişi nəticəsində Cənubi Qafqazdan Rusiyanın Müəssislər Məclisinə seçilən deputatlar Petroqrada və Moskvaya gedə bilmədilər. Onlar 1918-ci il fevralın 14-də Tiflisdə Zaqafqaziyanın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini, başqa sözlə, Zaqafqaziya Parlamentini yaratdılar.

Zaqafqaziya Seymində Müsəlman Fraksiyasını Müəssislər Məclisinə seçkilər zamanı Azərbaycanın, habelə, bütün Cənubi Qafqazın bir milyondan çox türk-müsəlman seçicisinin səsini qazanmış 44 deputat təmsil edirdi.

Zaqafqaziya Seyminin Müsəlman Fraksiyası, faktiki olaraq, Zaqafqaziya Müsəlman Şurası, daha doğrusu, Zaqafqaziya Müsəlman Parlamenti funksiyasını yerinə yetirirdi.

Maraqlı və eyni zamanda, qanunauyğun hal idi ki, Dövlət Dumalarında olduğu kimi, Zaqafqaziya Seyminin də ən ardıcıl üzvləri Azərbaycan nümayəndələri idilər. Məhz onların tələbi ilə 1918-ci il aprelin 9-da Zaqafqaziya Seymi Zaqafqaziyanın müstəqilliyini elan etdi və Birləşmiş Zaqafqaziya Cumhuriyyəti yaradıldı.

Lakin istər daxili, istərsə də xarici siyasət sahəsində kəskin milli mənafe ziddiyyətlərinin olması Zaqafqaziya Seymi və Birləşmiş Zaqafqaziya Cumhuriyyəti hökumətinin konkret addımlar atmasına imkan vermədi. Nəticədə 1918-ci il mayın 25-də gürcü nümayəndələr Seymdən çıxdılar və ertəsi gün - mayın 26-da Gürcüstanın müstəqilliyini elan etdilər.

Mayın 27-də Seymin Müsəlman Fraksiyasının, yəni Zaqafqaziya Müsəlman Şurasının (faktiki olaraq Zaqafqaziya Müsəlman Parlamentinin) üzvləri ayrıca iclaslarını keçirdilər və Azərbaycan müstəqilliyini elan etmək qərarına gəldilər. Bu məqsədlə Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası, daha doğrusu, Azərbaycan Parlamenti elan etdi. Bununla, əslində, ilk Azərbaycan parlamenti yarandı və Azərbaycanda ilk parlamentli respublikanın bünövrəsi qoyuldu. 1918-ci il mayın 27-də keçirilən həmin iclasda Azərbaycan Milli Şurasının Rəyasət Heyəti və sədri seçildi. M.Ə.Rəsulzadə Milli Şuranın sədri oldu.

Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi. Həmin iclasda iştirak edən Həsən bəy Ağayev (sədr), Mustafa Mahmudov (katib), Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Usubbəyov, Mir Hidayət Seyidov, Nəriman bəy Nərimanbəyov, Heybət Qulu Məmmədbəyov, Mehdi bəy Hacınski, Əli Əskər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər Ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firidun bəy Köçərlinski, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim Axundzadə Azərbaycanın İstiqlal bəyannaməsini qəbul etdilər». Məşhur İstiqlal bəyannaməsində Azərbaycanın müstəqil bir dövlət olduğu, idarə formasının xalq cümhuriyyəti olduğu bildirilirdi. Eyni zamanda bütün millətlərlə qonşu xalqlar və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmində olduğunu milliyyətindən asılı olaraq hər kəsə siyasi və vətəndaşlıq hüquqlarını təmin edəcəyini bəyan edirdi. İndiki tariximizin fonunda, yəni ayrı-ayrı xalqların - xüsusilə, ermənilərin qatı millətçiliklə zəhərlənmiş mühitini təsəvvür edəndə Azərbaycan Xalq Cumhuriyyətinin necə böyük mənəvi genişliklə bütün millətlərə qucaq açdığını görmək qürur hissi doğurur. Azərbaycan Xalq Cumhuriyyəti bəyan edirdi ki, öz ərazisi daxilində bütün millətlərin sərbəst inkişafına geniş imkanlar yaradacaq. Bir sözlə, bugünkü dövlətçiliyimizin sələfi kimi Azərbaycan Xalq Cumhuriyyəti ilk addımındaca demokratik prinsiplərə əməl edəcəyini bildirirdi.

Müasir Azərbaycan dövləti bu gün ona görə dünya dövlətləri sırasında özünün inamlı yerini tuta bilmişdi ki, onun mənəvi özülləri çox sağlamdır. İnsanlığa, bəşəri mənəvi sərvətlərinə hörmət və ehtiram qoruyuculuq yolu seçmişdir. O vaxt S.Şaumyanın başçılıq elədiyi Daşnak bolşevik hərəkatı olmazın cinayətlər törətdi. Qubada, Şamaxıda qırğınlar, Bakıda bir neçə günün içində 12 min insanın öldürülməsi - bütün bunlar soyqırım idi. Hansı hadisənin hansı tarixdə, hansı gündə baş verməsi şərt deyil, şərt odur ki, erməni vandalları hər vaxt əllərinə imkan düşən kimi azərbaycanlıları qırıb çatır. İnsanların var-yoxunu talan eləyir. Apara bildiklərini aparır, apara bilmədiklərini yandırıb külə döndərirlər.

Tiflisdə yaradılmış milli şura və hökumət 1918-ci il iyunun 16-da Gəncəyə köçdü. Heç kimə sirr deyil ki, həmin vaxtlar Azərbaycan ölüm-dirim qarşısında idi. İyunun 19-da hərbi vəziyyət elan olunur. İyunun 24-də Azərbaycan bayrağı əsas dövlət rəmzi kimi qəbul edilir. İyunun 26-da Azərbaycan hərbi korpusu müvafiq baza əsasında yenidən təşkil edilir. Bu, Azərbaycan silahlı qüvvələrinin - yəni Azərbaycan ordusunun yaradılması tarixidir. İyunun 27-də dövlət dili Azərbaycan-türk dili elan olunur. Bütün bunlar Azərbaycan Xalq Cumhuriyyətinin tariximizdəki şərəfli səhifələridir. Qardaş Türkiyənin yardımı təkcə hərbi köməklə bitmir. Müəllimlər, ziyalılar gəlirlər. Yeni məktəblər açılır. Gəncənin (Yelizavetpol) tarixi adı qaytarılır. Cəbrayıl (Karyagin) adı bərpa olunur. Bütün bunlar millətin mənafeyinə xidmət edən əvəzsiz, milli və həm də çox cəsarətli addımlar idi. O vaxt İran səfiri Əlimərdan bəy Topçubaşovla mübahisə edərək Azərbaycan adının qəbul edilməzliyini iddia edirdi. Yəni Azərbaycan belə bir şəraitdə xalq cümhuriyyəti qurmuşdu və onu qoruyub saxlamağa çalışırdı. Azərbaycanın mənəvi liderləri - cümhuriyyətin qurucuları düşmənlərin öz niyyətlərindən əl çəkmələrinə baxmayaraq, barış yolunu daha üstün bilirdilər. M.Ə.Rəsulzadə 1918-ci noyabrın 29-da xalqa müraciətində deyirdi: «...bizə fəlakət və səfalətdən başqa bir şey verməyən ədavət və ixtilafı bir tərəfə qoyaq. Tarix hamımızı bir yerdə yaşamaq məcburiyyətində qoyub. Yeni başlayan həyatın təbii məşəqqətlərini asanlıqla çəkmək üçün yaşayışımızı aqil və insani əsaslar üzərində quraq, bir-birimizi sevək, ehtiram edək. Milli və məzhəb fərqlərinə baxmayaraq, bütün Azərbaycan vətəndaşları bir vətənin övladlarıdır. Ümumi vətəndə müştərək həyatlarını qurmaq və öz səadətlərinə birlikdə yetişmək üçün onlar bir-birlərinə əl uzatmalı və yardım etməlidirlər». Bu sözlər Azərbaycan Xalq Cumhuriyyətinin mənəvi atasının necə böyük bir insanpərvər olduğunu və həm də vətənin inkişafı naminə necə güzəştli bir yol tutduğunu da təsdiqləyir.

Tarixi xronikanı təkrar etmək tarixin özünü canlandırmaq qədər dəyərlidir. Və elə bu səbəbdən cümhuriyyətin son gününü canlandıra bilən bir mətni burada diqqətə çəkmək istərdim: “Rusiyada oktyabr çevirilişindən dərhal sonra bolşeviklər “Rusiya xalqlarının hüquq bəyannaməsi”ni qəbul etməklə bütün dünyaya car çəkmək istəyirdilər ki, bəlkə də hələ indiyə qədər mövcud olmamış demokratik və ədalətli bir quruluşun bünövrəsini qoyurlar. Bu, azmış kimi 1917-ci il noyabrın 22-də yeni bir “ayə” ilə də o vaxta qədər boyunduruq altında inləyən xalqlara - “Rusiyanın və Şərqin bütün müsəlman ailəsinə” üz tutaraq “Xoşbəxtlik avansı” vəd etdilər: “Özünüzün milli həyatınızı sərbəst və toxunulmaz şəkildə qurun. Sizin buna haqqınız var!”

Bu sözlərin nə qədər yalan olduğunu, nə qədər riyakarlıqla deyildiyini anlamaq üçün azadlıq fədailərinə uzun müddət lazım gəlmədi. Bu gün, bəlkə də həmin dövrün bir çox sənədlərilə bir kimsəni təəccübləndirmək mümkün deyil. Ancaq geniş oxucu kütləsinin marağını nəzərə alaraq ”Yeddi möhür altında” adlı sənədlər məcmuəsində akademik Ziya Bünyadovun təqdim etdiyi protokoldan bir parçanı diqqət mərkəzinə çəkirik: “Azərbaycan parlamentinin təcili fövqəladə axşam iclası, 27 aprel, 1920-ci il, saat 20, dəqiqə 45. Sədr - Məhəmməd Yusif Cəfərov.

Katib - Rza bəy Qaraşarlı.

Sədr: - Fövqəladə iclas açıq elan edilir. İntixab olunan (seçilmiş) komissiyanın izahatı müzakirəyə qoyulacaqdır. Mən istəyirəm bizim bu tarixi iclasımızın qapalı və ya açıq olması haqqında fikrinizi bilim.

Səslər: - Açıq olsun... Bağlı olsun... Açıq olsun.

Sədr: - Bəlkə bir şəxs bu haqda danışmaq istəyir?

Sözü Məhəmməd Əmin Rəsulzadə alır.

Məhəmməd Əmin: - Cənablar! Çıxardığımız tarixi qərarı  millətdən bixəbər çıxarmayaq. Ölkə parlamentinin qapısını açıq qoyaq ki, hər kəs nə cür təhlükəli vəziyyət içində olduğumuzu, nə cür qərar qəbul edəcəyimizi bilsin. Ona görə də təklif edirəm ki, məclisimizin qapılarını millət üzünə bağlamayaq. Və millətdən bixəbər qərar qəbul etməyək (Şəfi bəy Rüstəmbəyov - “Azərbaycan” qəzetinin redaktoru ağlayır).

Səslər...

Sədr: - Təklifi rəyə qoyuram.

Kim iclasın açıq keçirilməsinin əleyhinədir, əl qaldırsın. Səslərin çoxluğu ilə iclasın açın keçirilməsi qərara alındı.

...Sədr: - Məsələ səsə qoyulur. Təklif olunur ki, bütün ixtiyarat kommunistlərə verilsin. Hökumət və parlament onların rəyi əsasında təşkil olunsun. Kim bunun tərəfdarıdırsa əl qaldırsın. Kim əleyhinədir?

M.Ə.Rəsulzadə (yerindən): - Bəs səs verməyənlər?

Sədr: - Kim səs vermədi?

Demək, əksəriyyət səs verməklə hakimiyyətin kommunistlərə verilməsi qərara alınır. Bir səs əleyhinə, üç bitərəf, üç nəfər səs vermədi”.

Protokolun ixtisar olunan hissəsində M.Rəsulzadənin belə bir fikri var: “Bizim fraksiyamız təslim olmağın əleyhinədir. Fəqət firqələrin əksəriyyətinin tələbinə görə və camaatımızın arasında daxili müharibə salmamaq üçün və əlavə bugünkü kommunist firqəsinin müstəqilliyimizi müdafiə edəcəklərini nəzərə alaraq bütün ixtiyarın onlara verilməsinin tərəfdarıyam”.

Kommunist firqəsinin də üzü ağ olsun, yaxşı qorudu müstəqilliyimizi. XI Qırmızı Ordu süngüsünü Azərbaycan Demokratiyasının ilk qaranquşları olan M.Ə.Rəsulzadə və onun silahdaşlarının təmsil etdiyi parlamentin “böyrünə dirəyərək” hakimiyyəti təhvil verməyi tələb etdi. Tarix öz sözünü demişdi. İrtica Rusiyanı yenidən imperiyaya çevirmək üçün mənfur niyyətlərini hər cür kommunizm xülyası ilə beynəlmiləlçilik pərdəsi altında gizlədərək Azərbaycanı əsarət boyunduruğuna çəkirdi. Təsadüfi deyil ki, faciənin böyüklüyünü dərk edən və “Azərbaycan” qəzetinin redaktoru Ş.Rüstəmbəyov “Azadlıq” adlı kitabın bağlanmasına görə ağlayırdı.

Həmin protokolun yazılmasından ötən sonrakı bir ildən azacıq çox müddət ərzində\ Azərbaycanın 48 min nəfər ziyalısı məhv edildi. Hələ sonrakı repressiyaları demirik. Bu qeydlər çox güman ki, göstərildiyi tarixdə və ən başlıcası, yəqin ki, 88-ci illərin əvvəllərində yazılıb. Kimsəyə sirr deyil ki, həmin günlərdə belə yazıların dərc olunması hələ də problem idi. Hər halda bu qeydlər onu göstərir ki, düşüncə adamları Azərbaycan Xalq Cumhuriyyətinin tarixi taleyinə ən gərgin dövrlərdə belə biganə olmayıblar.

...1918-ci ilin 28 mayından 1920-ci ilin 28 aprelinə qədərki tarixi müddət kiməsə qısa görünə bilər. Ancaq bu qısa görünən vaxt ərzində elə işlər görüldü ki, elə ideya, fikir əsası qoyuldu ki, milli istiqlal ideyası sonrakı sovet dönəmində qəddar bolşevizm siyasəti dövründə düşüncələrdən silinə bilmədi. Həmin az müddət ərzində Azərbaycan Xalq Cumhuriyyəti millətə başa saldı ki, onun özünün bayrağı olmalıdır, ordusu olmalıdır. Bir sözlə, özünün azad və müstəqil dövləti olmalıdır. Təbiidir ki, Azərbaycan ordusu müstəqil hərbi qüvvə kimi sovet dövründə saxlanıla bilməzdi. Ancaq düşüncələrdəki Azərbaycan ordusunun yenidən bərpa edilməsi ideyası XX əsrin sonunda erməni vandalları ilə yeni üzləşmədə gündəmə gəldi. Ümummilli Liderimiz Azərbaycan Xalq Cumhuriyyəti ordu quruculuğu tarixini ordu günü kimi bərpa etdi. Bu gün müstəqil Azərbaycan ordusunun ən yaxşı ənənələri, tarixi ənənələri qorunub saxlanılır. Milli müstəqil dövlətimizin müdafiəsini qoruyur. Şübhəsiz, tezliklə müasir, güclü ordumuz Qarabağı da azad edəcəkdir.

Müvafiq xronikada bir məsələ də diqqəti cəlb edir. Bakı azad ediləndə Türkiyənin hərbi naziri Ənvər Paşa qardaşı Nuru Paşaya və Xəlil Paşaya teleqramla bildirirdi: «Böyük Turan imperatorluğunun Xəzər kənarındakı zəngin bir qonaq yeri olan Bakı şəhərinin zəbti xəbərini böyük sevinc və məmnunluqla qarşıladım. Türk və islam tarixi sizin bu xidmətinizi unutmayacaqdır. Qazilərimizin gözündən öpər, şəhidlərimizə fatihələr ithaf edirəm». Buradaca Azərbaycana köməyə gəlmiş türk generallarının və hərbi qüvvələrinin Bakının azad edilməsindəki xidmətlərini də qeyd etməklə onların yerli hərbi qüvvələri təşkil etməkdəki xidmətlərini də unutmamalıyıq.

Xosrov bəy Sultanovun, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin, Süleyman bəy Sulkeviçin ordu quruculuğundakı, Şıxzamanovların təhlükəsizlik xidmətinin təşkilində, ictimai asayişin qorunması naminə, daxili əmin-amanlığın yaradılmasında Behbud bəy Cavanşirin, Mustafa ağa Vəkilovun və başqa güc strukturlarında fəaliyyət göstərən xadimlərin xidmətləri bu gün daha dərindən öyrənilməlidir.

1918-ci il iyun ayının 21-də hökumətin qərarında bayraq haqqında deyilirdi: «Üstündə qırmızı fonda ağ səkkizgüşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdiq edilsin». 9 noyabr tarixli hökumət qərarında üç ideyanı əks etdirən yeni bayraq rəmzi qəbul olundu. Bu rəmzlər də tarixi ənənələrə söykənirdi. Bugünkü üçrəngli bayrağımızın da sələfi Azərbaycan Xalq Cumhuriyyətinin bayrağıdır. Sonralar sovet dövründə bolşevik ideyalarına uyğun bayrağımızın rəmzlərində dəyişiklik oldu. Ancaq yaddaş tarixi həqiqəti qoruyub saxlayırdı. Naxçıvanda Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə tarixi bayrağımız yenidən qaldırıldı.

Müasir dövrümüzün, yəni istiqlal dövrümüzün bərpasından bərinin tariximizi yaşatmaq naminə çox mühüm addımları var. Böyük mədəniyyət layihələri, neft müqavilələri, idman layihələri hamısı diqqətəlayiqdir, müstəqil Azərbaycanımızın inkişafında mühüm əhəmiyyətə malikdir. Bu mühüm layihələrdən biri də «Respublika xatirə kitabı»nın yaradılmasıdır. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. (Qanun 23 dekabr 1997-ci il. №416 1Q) Bu gün mən «Respublika Xatirə kitabı»nın baş redaktoruyam. Məndən əvvəl bu çox mühüm işə rəhbərlik görkəmli yazıçımız Nahid Hacıyevə həvalə olunmuşdu. Ümumiyyətlə, «Xatirə kitabı» redaksiyasının çox şərəfli missiyası var. Xatirə kitabı II Dünya müharibəsində, müharibədən sonrakı hərbi münaqişələrdə, Əfqanıstan və Qarabağ müharibələrində şəhid olmuş azərbaycanlılarla bağlı yaddaş kitabı kimi yaradılıb. Rəsmi məlumatı diqqətə çatdırıram: «Respublika Xatirə Kitabı» - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 1997-ci il tarixli qərarı ilə İkinci Dünya müharibəsində, hərbi münaqişə və məhəlli müharibələrdə, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsini əbədiləşdirmək üçün yaradılmış nəşriyyat - redaksiya. Əvvəllər Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olmuş, 8 iyun 2016-cı il tarixindən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindədir». İndiyə qədər hər cilddə 15-17 min nəfər haqqında məlumat verilib. Artıq 16 cild işıq üzü görüb. Kitabın ümumilikdə 20 cilddən ibarət olacağı nəzərdə tutulsa da, işin həcminin daha da böyüyəcəyi və əlavə cildlərin də buraxılacağı istisna olunmur.

Mən yeni layihə ilə çıxış etmək fikrindəyəm. Repressiya illəri, ümumiyyətlə, sovet hakimiyyətinin gəlişi ilə bağlı öldürülən insanların taleyinin də üstündən sükutla keçə bilmərik. Elə cümhuriyyət dövründə azadlıq uğrunda döyüşlərdə həlak olanların erməni faşistlərinin soyqırımla məhv etdikləri insanların adlarını da xatirə kitabında əbədiləşdirmək haqqında düşünməliyik.

Mən müsahibələrimin birində belə bir fikir səsləndirmişdim: «Respublika Xatirə kitabı» redaksiyasının qapısını hər gün insanlar döyürlər. İnanın ki, hər gün şəhid anası, şəhid bacısı, şəhid həyat yoldaşı, itkin insanın qohum-əqrabası qapımızı döyür. Onlar şəhid olan əzizlərinin adını kitabda görüb təsəlli tapırlar ki, onları xatırlayan, adını əbədiləşdirənlər var... Yeganə dövlətik ki, dörd tərəfdən öz dədə-baba torpaqlarımızla həmsərhədik. Bunun da başında Azərbaycanın başıbəlalı taleyi durur. «Xatirə kitabı»nda nələri yazırıq, nələri tarixə çeviririk, nələri gənclərimizin yaddaşı üçün ərsəyə gətiririk; bu, həqiqətən də örnək olan bir işdir».

Azərbaycanın azadlığı odlardan, alovlardan keçib. Bu gün Azərbaycan öz azadlığının sahibidir. Ulu Öndərin zəkası, xalqımızın qüdrəti ilə Azərbaycanın müstəqilliyi qorundu. Prezident İlham Əliyevin rəhbərliyi və komandanlığı ilə Qarabağa olan haqqımızı qaytaracağımız gün də uzaqda deyil.

Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi xalqımızın gələcəyə olan böyük inamı ilə tarixi bir bayram kimi qeyd edilir.

...Sözümün sonunda bir daha xatırladıram: Azərbaycan Xalq Cumhuriyyətinin gənc daxili işlər naziri Mustafa ağa Vəkilov «Süngülərin ucunda azadlıq gətirilmir» - demişdi. Amma azadlıq zəka, güc, qüdrət, can və demək, həm də süngü ilə qorunur. Bu alovlardan keçən Azərbaycan azadlığının həqiqətidir.

Nəzakət MƏMMƏDOVA
şairə-publisist,
Respublika Xatirə kitabının baş redaktoru

Son xəbərlər