12/12/2018 19:14
728 x 90

ATƏT-in qərəzli hesabatının arxasından şok faktlar çıxdı…

Xüsusi sifarişlə gələn müşahidəçilərin Azərbaycanda seçkilərlə bağlı rəyinin əvvəlcədən hazırlandığı etiraf olundu…

img

Missiyanın tərkibi parçalandı…

 

Azərbaycan ictimaiyyəti və media mənsubları ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidə missiyasının prezident seçkiləri ilə bağlı hazırladığı qərəzli hesabata haqlı olaraq etiraz etdi. “Trend”in məlumatına görə, bunu Büronun prezident seçkilərini müşahidə missiyasının siyasi məsələlər üzrə köməkçisi Vüqar Əhmədov dünən keçirilən mətbuat konfransında deyib.

V.Əhmədov bildirib ki, bu etirazdan sonra DTİHB-nin qərarını dəyişəcəyinə ümid edilsə də, onlar öz qərəzli fikirlərindən əl çəkmədilər: “Biz ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun nümayəndələri ilə seçkidən əvvəl də, seçki günü də müşahidələr apardıq və göründü ki, bütün namizədlər üçün bərabər şərait yaradılıb. Ancaq təəssüf ki, DTİHB-nin missiyası guya ciddi qayda pozuntularının olması ilə bağlı bəyanat verdi. Onların Azərbaycan reallığından xəbəri yoxdur, onlara bu bəyanat əvvəlcədən hazırlanaraq verilib. Çox təəssüf ki, mənim yaxından iştirak etdiyim missiya belə bir bəyanat verir. Hesab edirəm ki, bunun səbəbləri var”.

O qeyd edib ki, DTİHB-nin missiya rəhbərinin müavini Stefan Krause bu qərəzli hesabatın hazırlanmasında fəal iştirak edib: “Mən onunla ünsiyyətdə oldum və bizim görüşlərimizlə bağlı hesabatda heç bir qeyd olmadığını dedim, lakin gördüm ki, o, Azərbaycana qarşı yalnız mənfi münasibətdədir. Missiyanın digər üzvü Eqol Tilpunov ilə də danışdım, o isə dedi ki, pozuntuların olacağı əvvəlcədən məlum idi. Mən soruşdum ki, pozuntuların olacağını haradan bilirsiniz? Dedi ki, "məndə əvvəlcədən məlumat var və bizdə hesabat artıq hazırdır". Sonra da əlavə etdi ki, Stefan Krause artıq hesabatı hazırlayıb və seçkinin səhərisi açıqlanacaq. Mən yenə soruşdum ki, seçkilər hələ olmayıb, ancaq sizdə hesabat artıq hazırdır, bu necə ola bilər? O bildirdi ki, Krause əvvəllər də Azərbaycanda olub, hər şeyi özü bilir. Bütün bunlar ondan xəbər verirdi ki, bu şəxslər nəyi müşahidə etmələrindən asılı olmayaraq qərəzli hesabat təqdim edəcəklər və çox təəssüf ki, elə də oldu”.

V.Əhmədov vurğulayıb ki, bu şəxslərin fəaliyyətində heç zaman Azərbaycan barədə müsbət rəy olmayıb: “Bu şəxslər Azərbaycanda olduqları müddətdə üzərilərinə düşən işlə məşğul olmaq əvəzinə görüntü yaradırdılar. Bunların dediyinə görə, Azərbaycanda yaxşı heç nə yoxdur. Yəni bu qədər qərəzli, birtərəfli yanaşma açıq-aydın onların öz təxəyyülündən irəli gəlir. Azərbaycan hökuməti onlar üçün bütün şəraiti yaratmışdı, ancaq onlar bu qədər müsbət addımları görməzdən gəldi. Mən şəxsən onlara müsbət işləri təqdim etdim, qanunvericilikdə olan yenilikləri bildirdim, lakin onlar bunları eşitməkdən şad olmadılar. Bunlar anti-Azərbaycan qüvvələrdir və Azərbaycan haqqında ancaq mənfi şeyləri eşitmək istəyirlər. Onlar Xədicə İsmayıl, Emin Milli və digər əlaltıları ilə yaxından ünsiyyətdə oldular və bu hesabatın hazırlanmasında onların böyük rolu oldu. Çox təəssüf ki, bu missiyanın rəhbəri bu cür insanlardan formalaşır. Bu insanlarda Azərbaycana qarşı bir qərəz var. Bütün bunlara dözməyərək mən missiya rəhbərinə etiraz məktubu yazaraq missiyanı tərk etdim. Yenə də ümid edirəm ki, iki aydan sonra yekun hesabatlarında müsbət amillərə də yer verəcəklər. DTİHB-nin rəhbərliyinə və ATƏT-in digər qurumlarına da etiraz məktubu yazmaq niyyətindəyəm”.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidə missiyasının Azərbaycanda prezident seçkiləri ilə bağlı yaydığı bəyanat ictimaiyyət nümayəndələri və jurnalistlərlə yanaşı, 30 ildir öz doğma yurd-yuvalarından didərgin salınmış məcburi köçkünlərin də kəskin etirazına səbəb olub. Bu barədə agentliyə açıqlamasında Xocalıdan olan millət vəkili Elman Məmmədov deyib.

Millət vəkili bildirib ki, 1 milyondan artıq azərbaycanlı məhz ATƏT-in səriştəsiz fəaliyyəti nəticəsində bu günə qədər məcburi köçkün vəziyyətindədir: "Biz elə ATƏT kimi ikiüzlü, riyakar, muzdlu beynəlxalq qurumların saxta fəaliyyəti nəticəsində məcburi köçkün vəziyyətinə düşmüşük. Bu şəxslərin Azərbaycanda prezident seçkilərinə kölgə salması bizim qəzəbimizə səbəb olub. Onların ədalətsiz, ermənilərlə birlikdə fəaliyyət göstərməsi nəticəsində Azərbaycan torpaqları bu günə qədər işğal altındadır. Bu gün biz bu səbəbdən öz yurd-yuvamızdan didərgin vəziyyətində yaşayırıq".

E.Məmmədov deyib ki, ATƏT DTİHB erməni maliyyəsi, erməni yalı ilə qidalanıb erməni havasına oynayan təşkilatdır: "Onlar öz fəaliyyətlərini əvvəlcə öz qarşılarına qoysunlar, sonra danışsınlar. ATƏT-in nümayəndələrinin Azərbaycana gəlib Azərbaycanda seçki prosesini izləməyə haqqı yoxdur. ATƏT bir beynəlxalq qurum kimi Dağlıq Qarabağ məsələsində özünü Azərbaycanda necə təsdiqləyib? Riyakar, saxta, ikiüzlü, ikili standartlarla fəaliyyət göstərən bir qurum kimi".

O qeyd edib ki, ATƏT DTİHB-nin müşahidə missiyası aprelin 12-də qərəzli bəyanat yaymaqla bütün seçicilərin, Azərbaycan xalqının iradəsinin əleyhinə getdi və bütün Azərbaycan xalqına qarşı hörmətsizlik nümayiş etdirdi: "Azərbaycanda seçkini nə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, nə də Avropa Şurası keçirir və həlledici sözə də malik deyillər. Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır və bu prosesdə söz sahibi də Azərbaycan xalqıdır. Azərbaycan xalqı da öz iradəsini ortaya qoydu və seçimini etdi. Azərbaycan xalqı aprelin 11-də inkişafa, sabitliyə, tərəqqiyə, gələcəyinə səs verdi. Azərbaycanda seçkiləri izləyən bütün beynəlxalq təşkilatlar prosesin şəffaf və ədalətli keçirdiyini təsdiqlədi. Lakin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidəçiləri Azərbaycana ciblərində hazır protokolla gəlmişdilər. Onlara ağaları hansı göstərişi vermişdisə, həmin göstərişlə də hərəkət etdilər. Ona görə də onların fikri Azərbaycan xalqı üçün kağız parçasından başqa bir şey deyil".

Siyasi ekspert Arzu Nağıyev isə bildirib ki, Avropa ölkələrinin seçkiləri müşahidə edən nümayəndələri səsvermənin şəffaf və beynəlxalq normalara uyğun keçirildiyini dəfələrlə bəyan etdilər: "Hər bir müşahidəçinin seçkilərin ədalətli keçirilməsi ilə bağlı konkret fikri yerli və xarici KİV-lərdə, sosial şəbəkələrdə yer aldı. Bundan sonra ATƏT PA-nın və DTİHB-nin missiyasının verdiyi bəyanat doğrudan da absurddur. Maraqlı məqam ondan ibarətdir ki, özlərini “demokratik qüvvələr” adlandıran bir sıra radikal qruplar bəyanatlarında açıq qərəz nümayiş etdirirlər. Əvvəlcədən hazırlanmış bir mətn və ssenarinin ortada olmasına şübhə yoxdur. Bu, ikili standartlardan irəli gələn bir siyasətdir. Bu, Azərbaycanın müstəqil daxili və xarici siyasətinə qarşı atılan addımdır. Texniki cəhətdən heç bir irad belə bildirə bilməyən missiya deklarativ və heç bir fakta söykənməyən bəyanatlarla Azərbaycanın siyasi kursuna təsir etmək iqtidarında deyil".

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının 2018-ci il aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələrinə qərəzli yanaşmasına dair bəyanat qəbul edib.

Bəyanatda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi 2018-ci il aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələrinə dair ATƏT DTİHB, ATƏT Parlament Assambleyasının və Avropa Şurası Parlament Assambleyasının birgə müşahidə missiyası tərəfindən hazırlanmış ilkin hesabat mətnini qərəzli və qeyri-obyektiv hesab edərək Azərbaycan Respublikasına və Azərbaycan vətəndaşlarının azad seçiminə qarşı yönəldilmiş bu növbəti qarayaxma kampaniyasına dərhal son qoymağa çağırır: "Xüsusilə diqqətinizə çatdırmaq istərdik ki, seçki kampaniyası dövründə qeydə alınmış 8 namizədin hər birinə hüquq bərabərliyi çərçivəsində bütün imkanlar verilib, vaxtilə həm ATƏT Parlament Assambleyasının, həm də Avropa Şurası Parlament Assambleyasının yüksək dəyər verdikləri Seçki Məcəlləsinin müəyyən etdiyi qaydalara uyğun olaraq seçicilərlə azad şəkildə fikir və görüşlərini ifadə etmələri üçün əlverişli platforma yaradılıb. Bundan başqa, seçkilərdə iştirakdan imtina edən bütün siyasi təşkilatların da demokratik hüquqlarına, o cümlədən sərbəst toplaşma azadlığı hüququna geniş təminat verilib. Belə ki, həmin siyasi qüvvələr heç bir maneə və təzyiqlə üzləşmədən iki dəfə mitinq keçirib, öz tələblərini azad şəkildə ifadə ediblər".

Qeyd olunub ki, Azərbaycanda prezident seçkiləri bir sıra beynəlxalq təşkilatların, bütövlükdə 60 mindən çox yerli və beynəlxalq müşahidəçinin diqqət mərkəzində olub. Eyni zamanda, seçki məntəqələrində quraşdırılmış yüzlərlə veb-kamera vasitəsilə seçki prosesini birbaşa izləmək üçün geniş imkanlar da yaradılıb. Məhz həmin çoxsaylı müşahidəçilər prezident seçkilərinin ədalətli, şəffaf və tamamilə demokratik prinsiplər əsasında keçirildiyini bildirdikləri halda, yuxarıda adları çəkilən Avropa qurumlarının müşahidə missiyası tamamilə fərqli, açıq şəkildə qərəzli mövqe tutaraq seçkilərin obyektiv nəticələrini şübhə altına almağa çalışıb.

"Nəticədə qondarma "tərəfsiz müşahidəçilər"dən obyektiv və məntiqi cavab tələb edən suallar ortaya çıxır. Görəsən, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu hansı səbəbləri əsas gətirərək seçkilərdə müşahidəçi missiyasını yalnız Şərqi Avropa və postsovet məkanında yerləşən ölkələrlə məhdudlaşdırıb? Hansı bəhanələrə görə Qərb dövlətləri bu fəaliyyətdən kənarda qalıb? Nə üçün Azərbaycanda keçirilmiş prezident seçkilərinə məqsədli şəkildə qərəzli yanaşan "demokratiya carçıları" - ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyası və DTİHB Fransada prezident seçkiləri zamanı Sarkozinin seçki kampaniyasının Liviya rəhbəri M.Qəddafi tərəfindən maliyyələşdirilməsinə dair ittihamlara, ABŞ-də son prezident seçkilərinə xarici müdaxilə amilinə indiyədək özünün münasibətini bildirməyiblər? Bu sualların cavabları isə seçkilərdən öncə aydın idi".

Bəyanatda deyilir ki, dünyada cərəyan edən qlobal və təhlükəli siyasi oyunların alətinə, geosiyasi maraqların təminatçısına çevrilməklə sürətlə nüfuzdan düşən bu təsisatların hədəfləri gənc dövlətlərin müstəqil daxili və xarici siyasət yürütməsi və xalqların suveren hüquqlarıdır: "Onların Azərbaycanda keçirilmiş prezident seçkilərinin yekunlarına dair qabaqcadan tərtib etdikləri “ilkin hesabat”ın ədalətsiz və qeyri-obyektiv olması, real mənzərənin bilərəkdən təhrif edilməsi də həmin qərəzli niyyətlərin göstəricisidir. Dövlətlərin və xalqların müstəsna hüquqlarına ikili standartlar və "bizimlə olmayan bizim rəqibimizdir" prinsipindən yanaşmanın növbəti hədəfi isə Azərbaycan Respublikası vətəndaşlarının azad seçimi, onların öz gələcək talelərini və dövlətimizin inkişaf yolunu sərbəst və kənar müdaxilə olmadan müəyyən etmələridir.

Son xəbərlər