19/07/2018 05:53
728 x 90

ATƏT DTİHB missiyasının köməkçisi qurumun hesabatının qərəzli olduğuna dair ŞOK detallar açıqladı

“Xüsusi sifarişlə gələn Büro müşahidəçilərinin Azərbaycanda seçkilərlə bağlı rəyi əvvəlcədən hazırlanmışdı”

img

Azərbaycan ictimaiyyəti və media mənsubları ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidə missiyasının prezident seçkiləri ilə bağlı hazırladığı qərəzli hesabata haqlı olaraq etiraz etdilər. Trend-in məlumatına görə, bunu Büronun prezident seçkilərini müşahidə missiyasının siyasi məsələlər üzrə köməkçisi Vüqar Əhmədov bu gün keçirilən mətbuat konfransında deyib.

V.Əhmədov bildirib ki, bu etirazdan sonra DTİHB-nin qərarını dəyişəcəyinə ümid edilsə də, onlar öz qərəzli fikirlərindən əl çəkmədilər: “Biz ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun nümayəndələri ilə seçkidən əvvəl də, seçki günü də müşahidələr apardıq və göründü ki, bütün namizədlər üçün bərabər şərait yaradılıb. Ancaq təəssüf ki, DTİHB-nin missiyası guya ciddi qayda pozuntularının olması ilə bağlı bəyanat verdi. Onların Azərbaycan reallığından xəbəri yoxdur, onlara bu bəyanat əvvəlcədən hazırlanaraq verilib. Çox təəssüf ki, mənim yaxından iştirak etdiyim missiya belə bir bəyanat verir. Hesab edirəm ki, bunun səbəbləri var”.

O qeyd edib ki, DTİHB-nin missiya rəhbərinin müavini Stefan Krause bu qərəzli hesabatın hazırlanmasında fəal iştirak edib: “Mən onunla ünsiyyətdə oldum və bizim görüşlərimizlə bağlı hesabatda heç bir qeyd olmadığını dedim, lakin gördüm ki, o, Azərbaycana qarşı yalnız mənfi münasibətdədir. Missiyanın digər üzvü Eqol Tilpunov ilə də danışdım, o isə dedi ki, pozuntuların olacağı əvvəlcədən məlum idi. Mən soruşdum ki, pozuntuların olacağını haradan bilirsiniz? Dedi ki, "məndə əvvəlcədən məlumat var və bizdə hesabat artıq hazırdır". Sonra da əlavə etdi ki, Stefan Krause artıq hesabatı hazırlayıb və seçkinin səhərisi açıqlanacaq. Mən yenə soruşdum ki, seçkilər hələ olmayıb, ancaq sizdə hesabat artıq hazırdır? Bu necə ola bilər. O bildirdi ki, Krause əvvəllər də Azərbaycanda olub, hər şeyi özü bilir. Bütün bunlar ondan xəbər verir ki, bu şəxslər nəyi müşahidə etmələrindən asılı olmayaraq qərəzli hesabat təqdim edəcəklər və çox təəssüf ki, elə də oldu”.

V.Əhmədov vurğulayıb ki, bu şəxslərin fəaliyyətində heç zaman Azərbaycan barədə müsbət rəy olmayıb: “Bu şəxslər Azərbaycanda olduqları müddətdə üzərilərinə düşən işlə məşğul olmaq əvəzinə görüntü yaradırdılar. Bunların dediyinə görə Azərbaycanda yaxşı heç nə yoxdur. Yəni bu qədər qərəzli, birtərəfli yanaşma açıq-aydın onların öz təxəyyülündən irəli gəlir. Azərbaycan hökuməti onlar üçün bütün şəraiti yaratmışdı, ancaq onlar bu qədər müsbət addımları görməzdən gəldi. Mən şəxsən onlara müsbət işləri təqdim etdim, qanunvericilikdə olan yenilikləri bildirdim, lakin onlar bunları eşitməkdən şad olmadılar. Bunlar anti-Azərbaycan qüvvələrdir və Azərbaycan haqqında ancaq mənfi şeyləri eşitmək istəyirlər. Onlar Xədicə İsmayıl, Emin Milli və digər əlaltıları ilə yaxından ünsiyyətdə oldular və bu hesabatın hazırlanmasında onların böyük rolu oldu. Çox təəssüf ki, bu missiyanın rəhbəri bu cür insanlardan formalaşır. Bu insanlarda Azərbaycana qarşı bir qərəz var. Bütün bunlara dözməyərək mən missiya rəhbərinə etiraz məktubu yazaraq missiyanı tərk etdim. Yenə də ümid edirəm ki, iki aydan sonra yekun hesabatlarında müsbət amillərə də yer verəcəklər. DTİHB-nin rəhbərliyinə və ATƏT-in digər qurumlarına da etiraz məktubu yazmaq niyyətindəyəm”.

Son xəbərlər