27/04/2018 03:08
728 x 90

ATƏT-in qeyri-obyektiv yekun seçki rəyi arxasındakı motivlərdən biri – həyata keçməyən qara-qura planların qisası (?) ...

“Qurumun ölkədə seçki prosesi ilə bağlı verdiyi açıqlamalar obyektivliyi əks etdirmir”

img

Məhəmməd Əsədullazadə: “Bəzi dairələrin planları fiaskoya uğradığı üçün, belə qərəzli yanaşma ortaya qoyulur”

 

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası (PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyalarının Azərbaycanda keçirilən prezident seçkilərinə dair rəyləri elə gözlənildiyi kimi də oldu. Yəni onların Azərbaycana qarşı qərəzi nəzərə alınanda, onsuz da yaxşı heç bir şey gözlənilmirdi.

Bir növ, onların seçkilərin nəticələrinə belə ədalətdiz yanaşacaqları gözlənilən idi. Xüsusən də ATƏT DTİHB-nin sərgilədiyi qeyri-obyektiv, qərəzli yanaşma onların pis niyyətini bir daha ortaya qoyur.

Məsələ ondadır ki, sözügedən müşahidəçilərin verdikləri rəy, hər şeydən əvvəl, heç bir real fakta əsaslanmırdı. Prezident seçkilərində səsvermə hüququ olan vətəndaşlar 5641 məntəqədə səs veriblər. Seçkini 59 ölkəni təmsil edən 61 təşkilatdan 894 beynəlxalq müşahidəçi izləyib. ATƏT, ATƏT PA və AŞPA-nı təmsil edən müşahidəçilər isə cəmi 1300 məntəqədə müşahidə aparıblar. Bəs bu 1300 məntəqənin neçəsində pozuntu aşkarlanıb? Cəmi 156-da. “Hansı pozuntular” sualı isə açıq qalır. Çünki göstərilən “pozuntular”ın hamısı texniki xarakterlidir. Başqa cür ifadə etsək, seçkinin nəticələrinə təsir edə biləcək qəbildən deyillər. Ən maraqlısı odur ki, digər müşahidə missiyaları 4000-dən artıq məntəqədə seçkinin gedişini izləyib və müsbət rəy veriblər. Ona görə də rəqəmləri hətta müqayisə etmək belə mümkün deyil.

Azərbaycan o ölkələrdəndir ki, seçkini hamının gözü qarşısında, açıq, demokratik, şəffaf keçirir. Ancaq dünyanın bir çox ölkələri belə etmirlər. Onlar hesab edirlər ki, seçkinin keçirilməsi zamanı baş verən pozuntuların başqalarına aidiyyəti yoxdur. Bu sırada ilk yerdə ABŞ gəlir. Sonuncu seçki zamanı ABŞ-ın Texas ştatının qubernatoru ATƏT DTİHB-nin müşahidəçilərinə bildirmişdi ki, seçki məntəqəsinə 30 metrdən çox yaxınlaşsalar, həbs olunacaqlar. Azərbaycanda isə seçkini tam açıq, rahat izləyən müşahidəçilər xırda texniki qüsurlardan yapışaraq, böyük siyasi oyun qurmaq istəyirlər. Bütün bunların fonunda, ATƏT-in seçkilərlə bağlı məlum qərəzli açıqlaması həm də o səbəbdən irəli gələ bilərmi ki, bəzi dairələrin Azərbaycanda həyata keçirmək istədikləri qara-qura planlar işləmədi? Yəni qisasçılıq məqsədilə bu cür qərəzli hesabat ortaya qoyulur.

Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadə bunu istisna etmədi. O bunu belə əsaslandırdı: “ATƏT DTİHB Avropa məkanında və bu qurumun üzv ölkələrində keçirilən seçkilərin müşahidə edilməsi və seçkilərin nəticələri haqqında hesabat yayan ixtisaslaşmış bir qurumdur. Əvvəlcədən qeyd edim ki, ATƏT-in Azərbaycana qarşı siyasətinin tarixinə nəzər saldıqda burada ziddiyyətli məqamları görürük. İlk növbədə 25 ildir bu təşkilat Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinə yönəlik birmənalı siyasət ortaya qoymayıb. ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar səmərəsiz və status-kvonun qorunmasına hesblanır. Qeyd edim ki, təşkilatın ATƏT-in monitorinq qrupunun genişləndirilməsi və s. bu kimi siyasəti göstərir ki, bu təşkilat obyektivlikdən bir qədər kənardadır. Qurumun ölkədə seçki prosesi ilə bağlı verdiyi açıqlamalar obyektivliyi əks etdirmir. Çünki ölkədə artıq seçki keçirildi və öz hüquqi qiymətini aldı. O baxımdan sözügedən təşkilatın bu yanaşması qeyri-obyektivdir. Digər tərəfdən, istisna etmirəm ki, müəyyən anti-Azərbaycan mövqeyindən çıxış edən xarici dairələrin ölkəmizlə bağlı qara-qura niyyətləri olub. Ancaq bir sira səbəblər üzündən onlar öz bəd niyyətlərini Azərbaycanda həyata keçirə bilmədilər. Azərbaycan onlar üçün sıradan zəif bir dövlət deyil. Bəzi dairələrin planları fiaskoya uğradığı üçün, belə qərəzli yanaşma ortaya qoyulur. Bu səbəbdən sözügedən məsələlər arasında əlaqəni istisna etmirəm”.

Vidadi ORDAHALLI

Son xəbərlər