27/04/2018 03:12
728 x 90

ATƏT-in xüsusi qabartdığı 2 namizəd də 11 aprel seçkisində iştirak üçün qeydə alınsaydı…

“Seçkiyə buraxılan əlavə iki-üç namizəd nə qədər səs yığa bilərdi ki?”

img

Elşən Həsənov: “Bu baxımdan da belə kiçik detallarla manipulyasiya edilməsi yolverilməzdir”

 

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası (PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyaları Azərbaycanda prezident seçkilərində apardıqları müşahidələrə dair ilkin rəyini açıqlayıb. ATƏT DTİHB müşahidə missiyasının hesabatı Azərbaycan cəmiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Rəyə böyük etirazlar var.

Bir sıra tanınmış ictimiayyət nümayəndələri həmin hesabatı qərəzli adlandırırlar. Hesabatda qərəzli məqamların həqiqətən olduğunu sübut etmək üçün orada toxunulan bir məqama diqqət edək. Missiyanın rəhbəri, niderlandlı parlamentar, xanım Koryen Yonker bildirib ki, dövlət qurumları öz öhdəliklərinə əməl etməli, vətəndaşların hüquqlarına hörmətlə yanaşmalıdırlar. O qeyd edib ki, iki namizəd MSK tərəfindən qeydə alınmayıb. Göründüyü kimi, hesabatda iki namizədin qeydə alınmaması xüsusi vurğu ilə qeyd olunur və bu hal mənfi təzahür olaraq dəyərləndirilir. Bir anlıq hesab edək ki, həmin iki namizəd qeydə alınardı, bu amil seçkinin nəticəsinə hər hansı formada təsir edərdimi? Bu cür xırda texniki məsələ seçkinin nəticəsini şübhə altına almağa imkan verirmi?

Prezidentlik marafonunda iştirak edən, lakin namizədliyi qeydə alınmayan Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov qəzetimizə açıqlamasında bildirdi ki, bu cür texniki detalların mühüm pozuntu kimi qabardılması və bunun guya nəticələrə təsir edəcək detal olaraq vurğulanması doğru deyil: “Mən sərbəst şəkildə namizədliyimi irəli sürdüm. Qeydə alınandan sonra isə mənə imza vərəqləri verdilər. Əminəm ki, dediyim mərhələ hamı üçün eyni dərəcədə asan və obyektiv olub. Prosedura uyğun olaraq, sonra namizədlərə imza vərəqləri verildi. Biz bütün seçki dairələrindən 40 min etibarlı imzanı MSK-ya verməliydik. Məndə olan məlumata görə, mən, Əli Əliyev və Tural Abbaslı bu mərhələni keçə bilmədik. Etiraf edim ki, bizim bu qədər imzanı toplamağa resursumuz çatmadı. ATƏT hesabatında bu məqamı da qərəzli qeyd edib. Qeydə alınmayan üç yox, iki namizədin adını çəkir. Tural Abbaslı və Əli Əliyevin həmin mərhələdən keçməməsi də imzalarla bağlı olub. Sizin sualınıza gəldikdə isə, həmin iki namizədin də qeydə alınması belə nəyisə dəyişmək gücündə deyildi. Seçkinin rəsmi nəticələrinə diqqət edin, İlham Əliyevin topladığı səslə hətta digər namizədlərin hər birinin yığdığı səs arasında kəskin fərq var. Seçkiyə buraxılan əlavə iki-üç namizəd nə qədər səs yığa bilərdi ki? Ən yüksək götürsək, ikisinə 5 faiz qeyd edək, bu, təbii ki, nəyisə dəyişmək gücündə deyil. Bu baxımdan da belə kiçik detallarla manipulyasiya edilməsi yolverilməzdir. Şəxsən biz bu prosesdən məğlub ayrılsaq da, İlham Əliyevi yenidən prezident seçilməyi münasibətilə təbrik etdik. Mən bu siyasi etikanın nümayişini digər partiyalardan da gözləyirəm. Xarici təşkilatlara donos ötürməklə iş bitmir”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər