12/12/2018 19:10
728 x 90

ATƏT-in aralıq və yekun seçki rəyləri arasında böyük ziddiyyət ətrafında müzakirələr genişlənir…

“Belə təəssürat yarandı ki, söhbət Azərbaycanda keçirilən seçkilərdən deyil, başqa məsələlərdən gedir”

img

Arzu Nağıyev: “Çünki yekun hesabatda Azərbaycandakı seçki mühitinə verilən qiymət real mənzərə ilə daban-dabana ziddir”

 

ATƏT-in Parlament Assambleyasının, Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və Avropa Şurası Parlament Assambleyasının aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı qərəzli hesabatı Azərbaycan ictimaiyyətinin haqlı narazılığına səbəb olub. Çünki ikili standartlara əsaslanan bu hesabat xalqımızın siyasi iradəsinə hörmətsizlikdir.

Dünyanın hər bir ölkəsində keçirilən seçkilərdə çox cüzi də olsa çatışmazlıqlar ola bilər. Bu kiçik çatışmazlıqların seçkilərin nəticələrinə heç bir təsir göstərməyəcəyini bilə-bilə bunu bu qədər şişirtmək yalnız məkrli niyyətlərdən xəbər verə bilər. Bütün bunların arxasında nələrin durduğu bizi düşünməyə vadar edir. Xüsusilə də ATƏT-in Parlament Assambleyası, Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda keçirilən seçkilərə bəslənən münasibətdə daim qərəzli mövqeyi ilə yadda qalıb. Məhz bu missiyanın seçkilərdən bir neçə gün əvvəl aralıq hesabatı təqdim olundu. Həmin hesabatla yekun qiymət arasında kəskin fərq nəzərə çarpır. Aralıq hesabtda seçki hazırlığına yüksək qiymət verilsə də, yekun rəydə tamamilə fərqli bir nəticəyə gəlinib. Belə kəskin fərqin ortaya çıxması nə ilə əlaqəlidir?

Politoloq Arzu Nağıyevin sözlərinə görə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı qərəzli hesabatı, əlbəttə ki, təəssüf doğurur: “Avropa ölkələrinin seçkiləri müşahidə edən nümayəndələri səsvermənin şəffaf və beynəlxalq normalara uyğun keçirildiyini dəfələrlə bəyan etdilər. Hər bir müşahidəçinin seçkilərin ədalətli keçirilməsi ilə bağlı konkret fikri yerli və xarici KİV-lərdə, sosial şəbəkələrdə yer aldı. Bundan sonra ATƏT PA-nın və DTİHB-nin missiyasının verdiyi bəyanat doğrudan da absurddur. Bu qurum 2013-cü il prezident seçkilərində də analoji qərəzli mövqeyini ortaya qoydu. Həmin vaxt onlar Ermənistanda keçirilən prezident seçkilərini də müşahidə etmişdilər. Ancaq maraqlıdır ki, orada namizədlərin qərargahlarına edilən basqınlar və hətta onlardan bəzilərinin güllələnməsinə baxmayaraq, seçkiyə bizdəkindən müsbət rəy vermişdilər. Bax, burdan bu təşkilatın hansı səviyyədə qərəzli olduğu görünür. Bəli, həmin qurumun hazırladığı aralıq hesabatı tam fərqli idi. Orada prosesə ümumən müsbət münasibət bildirilirdi. Bir neçə günün içində nə oldu ki, gəlinən rəy belə ziddiyyətli oldu? Deməli, burda yalnız qərəzdən söhbət gedə bilər.

ATƏT-in açıqlaması əvvəlcədən hazırlanmış bir layihə idi. Onlar, sadəcə, hazır kağızı oxumağa başladılar. Belə təəssürat yarandı ki, söhbət Azərbaycanda keçirilən seçkilərdən deyil, başqa məsələlərdən gedir. Çünki yekun hesabatda Azərbaycandakı seçki mühitinə verilən qiymət real mənzərə ilə daban-dabana ziddir.

Maraqlı məqam ondan ibarətdir ki, özlərini “demokratik qüvvələr” adlandıran bir sıra radikal qruplar bəyanatlarında açıq qərəz nümayiş etdirirlər. Əvvəlcədən hazırlanmış bir mətn və ssenarinin ortada olmasına şübhə yoxdur. Bu, Azərbaycanın müstəqil daxili və xarici siyasətinə qarşı atılan addımdır. Texniki cəhətdən heç bir irad belə bildirə bilməyən missiya deklorativ və heç bir fakta söykənməyən bəyanatlarla Azərbaycanın siyasi kursuna təsir etmək iqtidarında deyil”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər