12/12/2018 19:22
728 x 90

11 aprel seçkilərinin nəticələri Qarabağ sülh prosesinə də təsirsiz qalmayacaq...

“Cənab Prezidentin növbəti 7 illik prezidentliyi dönəmində də Azərbaycan sülh prosesinə sadiq qalacaq, ancaq bunun da bir həddi var”

img

Vüqar Qədirov: “Seçkilərdə ölkə başçısının xalqdan aldığı güc ona ciddi manevrlər etmək imkanı verir”

 

Ölkəmizdə keçirilən prezident seçkilərində əvvəlcədən təxmin edilən nəticə qeydə alındı. Hazırda fəaliyyətdə olan Prezident xalqın böyük etimadını qazanaraq, yenidən ölkə başçısı seçildi. Rəsmi nəticələrə fikir verdikdə məlum olur ki, İlham Əliyevə seçicilərin çox böyük əksəriyyəti etimad göstərib.

Bir sözlə, əvvəlki seçkilərdə olduğu kimi, 11 apreldə də xalq Prezidentlə növbəti həmrəylik nümunəsini ortaya qoyub. Təbii ki, prezidentliyin yeni dönəmi ilə bağlı gözləntilər çoxdur. Əsasən də xalqımızı Dağlıq Qarabağ konflikti ətrafında hansı hadisələrin yaşanacağı ciddi düşündürür. Maraqlıdır, seçkilərdə nümayiş edilən xalq-Prezident birliyinin Dağlıq Qarabağ sülh prosesinə hansı formada təsiri olacaq?

Politoloq Vüqar Qədirov qəzetimizə bildirdi ki, seçkidə doğrudan da xalqın İlham Əliyevə çox böyük inamının olduğu bir da özünü büruzə verdi: “Biz bunu hələ rəsmi nəticələr elan olunmadan da hiss etdik. Seçici aktivliyi, seçicilərin öz seçimlərini açıq bəyan etmələri kimi proseslər İlham Əliyevin qalib gələcəyinə şübhə yeri qoymurdu. İlham Əliyevin böyük üstünlüklə irəlidə olduğu məlum olandan sonra, bir növ, seçkinin nəticəsi bəlli oldu. Yəni yerdə qalan məntəqələrdən gələn heç nəyi dəyişmək gücündə deyildi. Məhz həmin anda, yəni rəsmi nəticələr hələ elan edilməmiş İlham Əliyevin Azərbaycan xalqına müraciəti yayımlandı. Həmin müraciətdə ölkə başçısı xalqa göstərdikləri dəstəyə görə təşəkkür edəndən sonra, Dağlıq Qarabağ münaqişəsindən danışmağa başladı. Bu onun göstəricisidir ki, İlham Əliyev bir an da olsun Dağlıq Qarabağ problemindən uzaqlaşmır. Bilirsiniz ki, cənab Prezidentin son 15 illik fəaliyyəti nəticəsində bu istiqamətdə çox irəliləyişlər olub. Biz problemi kökündən həll edə bilməsək də, istər diplomatik sahədə, istərsə də hərb meydanında ciddi uğurlarımız olub. Cənab Prezident bu amilləri seçki axşamı etdiyi müraciətdə xatırlatdı. İlham Əliyev Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızın bir hissəsini işğalçılardan azad etdiyini də xatırlatdı və bildirdi ki,  işğaldan azad edilmiş torpaqlara həyat qayıdır, insanlar qayıdır. O torpaqlarda prezident seçkiləri keçirilir. Gün gələcək və bu gün hələ də işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağı qaldırılacaq, bu torpaqlarda prezident seçkiləri keçiriləcək. Bütün bunlar heç də o anlama gəlmir ki, Azərbaycan müharibə tərəfdarıdır. İlham Əliyevin 15 illik prezidentliyi dövründə ölkəmiz daim sülhə sadiq qalıb. Ancaq işğalçı Ermənistan bu yöndə qeyri-konstruktivlik nümayiş etdirib. Düşünürəm ki, cənab Prezidentin növbəti 7 illik prezidentliyi dönəmində də Azərbaycan sülh prosesinə sadiq qalacaq, ancaq bunun da bir həddi var. Seçkilərdə ölkə başçısının xalqdan aldığı güc ona ciddi manevrlər etmək imkanı verir. Bilirsiniz ki, bir necə gün əvvəl Ermənistanda da yeni prezident səlahiyyətlərinin icrasına başlayıb. O, ilk açıqlamalarında bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli mümkündür və bu xüsusda Rusiyanın roluna böyük önəm verdiyini bəyan edib. Düşünürəm ki, sülhün dayanıqlı olması Ermənistanın davranışlarından asılıdır”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər