12/12/2018 19:11
728 x 90

Çavuşoğlu Suriyada PKK, Türkiyənin və ABŞ-ın siyasətinin detallarına dair analitik məqalə yazdı

img

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Foreign Policy” jurnalında “Zeytun Budağı əməliyyatının mahiyyəti” başlıqlı məqalə dərc etdirib. Mühüm geosiyasi elementlərini nəzərə alaraq, məqaləni oxucularımıza təqdim edirik:

“Yaxın Şərqdəki cansıxıcı, tutqun mənzərə sülhün mümkünlüyü həqiqətinə kölgə salmamalıdır. Sülhün təmin olunmasının başlıca prinsipi dövlətlərin ərazi bütövlüyünün qorunması olmalıdır. Bu, başqalarını fəda etmək bahasına və xarici qüvvələrin dəstəyi ilə yalnız distopiyalarını davam etdirmək üçün mövcud olan İŞİD və PKK/YPG terrorçuları da daxil olmaqla bütün qüvvələrə qarşı çıxmaq deməkdir. Həmin təşkilatların bitib-tükənmək bilməyən qətliam baxışlarına qarşı sərt mövqe nümayiş etdirilməli və belə baxış yox edilməlidir.

İŞİD hərbi baxımdan əhəmiyyətli dərəcədə məğlub edilib, lakin bu yalnız ABŞ tərəfindən təlim görən və silahlandırılan qrupların son zərbəsi sayəsində baş verməyib. İŞİD İraq ordusunun və Türkiyədən fəaliyyət göstərən qlobal  koalisiyanın əzmli səyləri sayəsində məğlub edilib. İŞİD-in zəif cəhətləri Türkiyənin İŞİD-ə birbaşa müdaxilə edərək və təsəvvür edildiyi kimi onu Şimali Suriyanın Cerablus bölgəsində məğlubiyyətə uğradan yeganə NATO ordusu olması ilə gözlə görünən şəkildə aşkara çıxıb. Xarici terrorçulara münasibətdə ən geniş qadağa siyahısına malik olan və dünyada İŞİD əleyhinə ən böyük mülki təhlükəsizlik hərəkatını həyata keçirən Türkiyənin də daxil olduğu koalisiyanın səylərilə İŞİD-in yenidən bir araya gəlməsinin mümkünlüyünün qarşısı alınmaqdadır.

İŞİD, Əl-Qaidə və onlara tabe olan digər təşkilatların ideologiyalarına olan maraq asanlıqla aradan qalxmayacaq. İŞİD-dən əvvəl də küçələrimizdə terror aktları həyata keçirilmişdi və bu cür hərəkətlər İŞİD-in Yaxın Şərqdəki fəaliyyətindən ayrılıqda davam edəcək.Terrorizmə qarşı mübarizə kəşfiyyat məlumatlarının vaxtında toplanması, maliyyə tədbirləri, terrorçuların cərgələrinə yeni üzvlərin qoşulmasına mane olmaq və radikallaşmaya qarşı  tədbirlərə daha çox üstünlük verməklə tam gücü ilə davam etdirilməlidir.

ABŞ-la mövqelərin üst-üstə düşmədiyi nöqtələrdən biri onun PKK və YPG-nin terror təşkilatları kimi keçmiş fəaliyyətlərini nəzərə almadan üzvlərini əsgər kimi silahlandırmaq siyasətidir. Bu, Obama administrasiyası tərəfindən Obama hakimiyyətinin son günlərində hazırlanan, hüquqi və əxlaqi cəhətdən şübhəli siyasətdir və müəyyən mənada Tramp rəhbərliyinə transfer olub. Beləliklə ABŞ, öz dəyərlərinə və terrorçuların əsas hədəflərindən olan Türkiyə ilə 66 illik müttəfiqliyinə baxmayaraq, terrorçularla ittifaq yaratmağa qərar verməklə bütün tənqidçi və özünə qarşı zidd mövqedə olanlara manevr imkanı yaradıb.

NATO üzvü olan bir çox dövlətin ittifaqımızın təmsil etdiyi dəyərlərə zidd olan bu siyasətdən uzaqlaşmalarını görməkdən məmnunluq duyuram. Bu siyasət, eyni zamanda, bölgədə və bölgə xaricindəki ortaq maraqlarımızla ziddiyyət təşkil edir. Ümid edirəm ki, Dövlət Departamentinin yeni rəhbəri təyin olunan həmkarım Pompeo və Milli Təhlükəsizlik müşaviri səfir Bolton vəziyyəti düzəltməyi bir prioritet kimi görür.

İraq, Suriya, Yəmən, Liviya və Yaxın Şərqdəki digər ölkələr mövcudluqlarını təhlükəyə atan transmilli qüvvələrin dağıdıcı təzyiqi ilə qarşı-qarşıyadır. Bu ölkələrin üzləşdiyi çətinliklər eyni zamanda bütün ölkələr və dövlətlə əlaqəsi olmayan aktorlar tərəfindən hər cür müdaxiləni haqlı  göstərməkdə və buna imkan verməkdədir. Bunun nəticəsi sadəcə qan gölü deyil, kütləvi miqrasiya, Türkiyə ilə qapı qonşusu olan Avropa ölkələrinə qarşı terror təzyiqi kimi qarşıya çıxır. Bu ölkələrdə yaşanan xaos eyni zamanda ABŞ-a qarşı nifrət və təhdidlər üçün mənbə funksiyası daşımaqdadır. Müqavimət gücünə malik milli dövlətlər Yaxın Şərqdə hər cür nizam və sabitliyin bünovrəsini inşa etməlidir. Bəşər Əsədin proseslərə baxışı əvvəl-axır məğlubiyyətə düçar olacaq, lakin xalqın birliyinə nail olmuş Suriya nəticə etibarilə uzun müddət davam edən müharibədən qalib çıxmalıdır.

Türkiyənin Suriya ərazisində hərbi əməliyyatlar aparmasını ehtiva edən “Zeytun Budağı” əməliyyatı hər şeydən əvvəl təcavüzkar mövqeyi bundan öncə də təsdiq olunmuş terrorçular tərəfindən yaşayış məntəqələrinə edilən terror hücumlarına qarşı qanuni özünümüdafiə hərəkatıdır. 3,5 milyon suriyalıya ev sahibliyi edən Türkiyə “Zeytin Budağı” əməliyyatı ilə eyni zamanda Suriyanın unitar gələcəyinə qarşı çıxan qüvvələr tərəfindən sülhün bərqərar olması yoluna qoyulan maneələri aradan qaldırmağı qarşısına məqsəd qoyub. Sərhədlərimizdə olan böyük PKK/YPG terrorçu düşərgələri iki ayrı məqsədə xidmət edir. Birincisi, PKK-nın terror hərəkətləri üçün İraqın şimalında əlavə olaraq yeni bir cəbhə açmaq və bunları daimi  terror zolağı yaratmaq məqsədilə bir araya gətirməkdir. Afrində ələ keçirilmiş silahlar və hərbi infrastruktur bu fikrimizi qəti şəkildə sübut edir. Terror düşərgələrinin ikinci məqsədi Suriya və İraq xarabalıqları üzərində İŞİD tərəfindən boşaldılan bölgələrdə quracaqları öz kiçik dövlətləri üçün etibarlı bölgələr yaratmaq idi. Türkiyənin “Zeytun Budağı” əməliyyatı tənəzzülün daha böyük müharibəyə çevrilməsinə və terrorizmin genişlənərək Avropa və ABŞ-ı da əhatə etməsinə mane olur, bunun əvəzinə sülhə aparan bir yol açır.

Reallığın geridə qaldığı dövrdə “Zeytun Budağı” əməliyyatına kölgə salmaq üçün geniş bir kampaniya aparıldığını müşahidə edirəm. Elə bir gün olmur ki, böhtanlarla qarşılaşmayaq. Bu bir faktdır ki, dinç əhali arasında itkilərə yol verməmək üçün əlimizdən gələni etdik və bu baxımdan “Zeytun Budağı” əməliyyatı dünya təcrübəsində ən uğurlu əməliyatlardan biri olub.

YPG-li terrorçular Türk ordusunun irəliləməsinə mane olmağı qarşılarına məqsəd qoyduqları üçün əməliyyatımızın İŞİD-ə qarşı aparılan mübarizənin effektini zəiflətdiyi iddia edildi. YPG-nin bu mövqeyinin onlara güvənmə strategiyasının mənasızlığının bariz nümunəsi olduğunu düşünürəm. Ancaq sizi əmin edirəm ki, Türkiyə İŞİD-in yenidən birləşməsinə imkan verməyəcək və bu istiqamətdəABŞ-la birlikdə fəaliyyət göstərəcək.

“Zeytun Budağı” əməliyyatının “türklərə qarşı kürdlər” mübarizəsi kimi qələmə verilməsinə də mane olmalıyıq. PKK və YPG terrorçularının kürdləri təmsil etmədiyi aşkar şəkildə görünməlidir. YPG Suriyada nəzarət etdiyi ərazilərdən təxminən 400.000 kürdü deportasiya edib. Həmin kürdlər YPG icazə vermədiyi üçün Suriyaya geri qayıtmadılar. Türkiyə kürdlərin iki tərəf arasında qaldıqları bütün ölkələrdə sülh və rifah içində yaşamasını arzu edir. PKK-nın mikro millətçiliyi və terrorçuluğu, kürdlər də daxil olmaqla, hər kəsə zərərlidir.

Eyni dərəcədə əhəmiyyətli olan başqa bir cəhət isə Yaxın Şərqin inkişaf prosesinə daxil olması üçün məqbul yol axtarıb tapmaqdır. Bu baxımdan mövcud konstitusiya çərçivəsində inkişaf edən dinc, sabit və firavan İraq dövləti regionda mühüm hərəkət nöqtəsinə çevrilməlidir. Fevral ayında beynəlxalq ictimaiyyət Küveytdə keçirilən donorlar konfransında altıda biri təkbaşına Türkiyə tərəfindən təmin edilən 30 milyard ABŞ dolları həcmində yardımı öz öhdəsinə götürməklə bunun əsasını qoydu. Ancaq İraq üçün ehtiyac duyulan rəqəm daha yüksəkdir. Bütün həmkarlarımı güçlü və dost İraq dövlətinin faydasının fərqinə varmağa və İraqda sülhün bərqərar olması üçün ən azı Avropa üzrə Marşal Planı qədər effektli, geniş əhatəli yenidənqurma səylərini dəstəkləməyə çağırıram.

Yaxın Şərq məzhəbçilik, nüfuz dairələri, yenidən dirilən imperiyalar, sülalə davaları, dini və digər hər cür ekstremizm təhdidlərindən qorunmalıdır. Dövlətlər, bölgə xalqları və bu hadisələrin təsirinə məruz qalanlar kifayət qədər əziyyət çəkmişlər.Uğurlu gələcəyə doğru uzanan yol xəritəsinin elementləri Türkiyənin qətiyyətli liderliyi şəraitində üzə çıxa bilər. Ümid edirəm ki, ABŞ bu məsələdə fürsəti dəyərləndirməyə və sülh yanaşmasını dəstəkləməyə üstünlük verəcək”. 

Son xəbərlər