24/09/2018 23:56
728 x 90

ATƏT 11 aprel seçkisinə qərəz püskürdü, özünün iki həftə əvvəlki rəyinə zidd getdi, ictimaiyyət etiraza qalxdı...

ATƏT DTİHB-nin yekun rəyi digər çoxsaylı beynəlxalq təşkilatların rəyindən çox pis mənada fərqləndi

img

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası (PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyaları Azərbaycanda prezident seçkilərində apardıqları müşahidələrə dair ilkin rəyini açıqlayıb. APA-nın məlumatına görə, ATƏT PA və ATƏT DTİHB müşahidəçiləri arasında koordinasiyanı həyata keçirən portuqaliyalı parlamentar, xanım Nilza de Sena mətbuat konfransında bildirib ki, seçkilər məhdud siyasi mühitdə keçirilib.

O bildirib ki, beynəlxalq müşahidəçilər ilkin dövrdə sərbəst fəaliyyət göstərib: "Seçki administrasiyası seçkiyə yaxşı hazırlaşıb".

Koordinator qeyd edib bu, 2016-cı ildə Azərbaycan Konstitusiyasına düzəlişlərdən sonra keçirilən ilk seçkilər olub: "Mərkəzi Seçki Komissiyası əlavə qaydalar hazırlayıb, lakin bütün prosedural aspektlər təmin edilməyib. Biz gözləyirik ki, bizim və Venesiya Komissiyasının prioritet tövsiyələri nəzərə alınsın".

Koordinator həmçinin qeyd edib ki, MSK 5,2 milyon seçici qeydiyyata alıb: "Onlar MSK tərəfindən reyestrə daxil edilib. Seçicilər siyahı ilə tanış olmaq imkanına malik olublar. ATƏT DTİHB müşahidəçiləri qeyd ediblər ki, ictimai yayım şirkəti pulsuz efir yayımı vaxtı ayırıb, bu vaxtdan televiziya və radioda dəyirmi masa üçün istifadə olunub, lakin xəbər buraxılışlarının böyük hissəsi hakimiyyətə həsr olunub, digər namizədlərə az vaxt ayrılıb. Dövlət qurumları müşahidəçilərin işinə mane olmayıb. Səslərin sayılmasında müəyyən pozuntular qeydə alınsa da, ümumilikdə səslərin sayılması prosesi müsbət qiymətləndirilir".

Nilza de Sena vurğulayıb ki, ATƏT hökumətlə əməkdaşlıq etməyə hazırdır: "Ümid edirik ki, tövsiyələrimiz nəzərə alınacaq. Ölkənin demokratik istiqamətdə inkişafı üçün dialoqumuzu əsirgəməyəcəyik".

AŞPA müşahidə missiyasının rəhbəri, rumıniyalı parlamentar Viorel Rişard Badea  hökuməti insan haqları sahəsində vəziyyəti yaxşılaşdırmağa çağırıb: "İstəyirik ki, tövsiyələrimiz nəzərə alınsın, əməkdaşlığı davam etdirək".

ATƏT DTİHB müşahidə missiyasının rəhbəri, niderlandlı parlamentar, xanım Koryen Yonker isə bildirib ki, dövlət qurumları öz öhdəliklərinə əməl etməli, vətəndaşların hüquqlarına hörmətlə yanaşmalıdır. O bildirib ki, YAP seçki kampaniyalarında dominantlıq edib, bəzi müxalif partiyalar isə seçkiləri boykot edərək, iki dəfə aksiya keçirib: "MSK müntəzəm olaraq açıq sessiyalar keçirib. Lakin bu görüşlərin protokollarını dərc etmir, bu isə şəffaflığı azaldır. İki namizədin qeydiyyatı MSK tərəfindən qeydə alınmayıb. MSK-nın işçi qrupu imzaların sayılmasının necə aparıldığını göstərə bilməyib".

ATƏT DTİHB-nin müşahidə missiyasının rəhbəri seçki günü müşahidəçilərin müxtəlif yerlərdə müşahidə apardığını, müəyyən pozuntular qeydə aldıqlarını bildirib.

Sonda qeyd olunub ki, yekun hesabat iki ay ərzində açıqlanacaq.

Qeyd edək ki, mətbuat konfransında iştirak edən "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Səs" Media qrupunun rəhbəri Bəhruz Quliyev və digərləri müşahidə missiyalarının rəyinin qərəzli olduğunu deyib. Onlar bildirib ki, bu rəy həqiqəti əks etdirmir: "Sizin rəyiniz Azərbaycan xalqının iradəsinə ziddir".

Çıxış edənlər qeyd ediblər ki, ATƏT kimi bir qurumun Azərbaycana bu cür qərəzli münasibəti təəssüf doğurur.

Rəyin maraqlı tərəfi bununla bitmir. Diqqətli oxucular xatırlayır ki, hələ bir neçə həftə əvvəl ATƏT-in məlum institutu seçki ilə bağlı xeyli fərqli və müsbət nüanslara malik ilkin hesabat yaymışdı. Həqiqətən sual doğur ki, cəmi bir neçə gündən sonra nə baş verdi ki, ATƏT institutu 11 aprel seçkisi ilə bağlı fərqli və neqativ ruhlu yekun rəyi açıqladı. ATƏT-in aralıq hesabatı ilə yekun rəy arasındakı kəskin fərqin hansı motivlərdən yarandığı üzərində hələ geniş araşdırmalar aparılacaq. Müqayisə üçün ATƏT-in daha əvvəl açıqladığı aralıq hesabatı yenidən oxuculara təqdim edirik.

Həm də maraqlıdır ki, 11 aprel seçkisi ilə bağlı digər bir neçə nüfuzlu beynəlxalq təşkilatın da hesabatları ATƏT-in yekun hesabatından öz obyektivliyi və müsbət notları ilə fərqlənir. Başqa beynəlxalq təşkilatlar daha obyektiv yekun rəy verdikləri halda, ATƏT yekun rəyində niyə qərəzli və subyektiv oldu?!

Beləliklə, mart ayının 25-də ATƏT-in açıqladığı aralıq hesabatı da təqdim edirik:

ATƏT/DTİHB-nin Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə missiyasının aralıq hesabatıda 9-24 mart tarixlərini əhatə edir. Hesabatda bildirilir ki, uzunmüddətli müşahidə missiyası martın 9-da keçirilmiş mətbuat konfransından sonra rəsmən fəaliyyətə başlayıb.

Qeyd olunur ki, Seçki Komissiyalarının tərkibi parlamentdəki siyasi qüvvələrin sayına əsasən təşkil olunub. Seçki müşahidə missiyasının müsahiblərinin açıqlamasına əsasən, bu, seçki administrasiyasının tərəfsizliyini və müstəqilliyinin məhdudlaşdıra bilər.

Hesabata əsasən, məntəqə seçki komissiyalarına yaxşı treninq keçilib.

Missiyaya rəsmi qurumlardan məlumat verilib ki səsvermə hüququna malik insanların qeydiyyatı tam aparılıb. Lakin eyni zamanda bəzi müsahiblər ölkədə səsvermə yaşına çatmış insanlarla qeydiyyata alınmış seçicilər arasında fərq olduğunu bildirir.

Hesabata əsasən, namizədlər üçün müəyyənləşdirilmiş pulsuz efir vaxtı debatlar üçün istifadə olunur və ictimai yayımla efirə verilir.

Sənəddə qeyd olunur ki, məhkəmə və Mərkəzi Seçki Komissiyasına müşahidə dövrü ərzində heç bir şikayət daxil olmayıb.

Müşahidə missiyası seçki ilə bağlı çox az şikayətin olacağını düşünürlər.

Müşahidə missiyasının həmsöhbət olduğu bir çox şəxs seçkilərin həqiqətən rəqabətli mühitdə keçəcəyinə inanmadıqlarını bildiriblər.

Bir sıra partiyalar seçkiləri boykot edərək, seçkilərdə iştirak etməyəcəyini bəyan edib, bəziləri isə seçkilərdə iştirak etmək üçün kifayət qədər vaxt olmadığını, buna görə seçkilərə qatılmadığını bildirib.0

Lakin missiyanın Yeni Azərbaycan Partiyasından olan müsahibləri bu səbəbləri tənqid edərək onların seçkilərin 2018-ci ildə keçiriləcəyindən əvvəldən xəbərdar olduqlarını qeyd ediblər.

ATƏT DTİHB, ATƏT PA və AŞPA müşahidə missiyasının nümayəndələri Azərbaycan XİN-ə dəvət olunaraq qəti etiraz bildirildi...

XİN: “Seçkilərin nəticələri ilə əlaqədar hazırladıqları ilkin hesabatla bağlı ATƏT DTİHB-ə Azərbaycan tərəfinin qəti etirazı çatdırılıb”

ATƏT-in Demokratik təsisatlar və insan hüquqları bürosu, ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının 11 aprel tarixində keçirilmiş prezident seçkilərinin nəticələri ilə əlaqədar hazırladıqları ilkin hesabatı ədalətli və obyektiv hesab etmirik. Bunu Trend-ə açıqlamasında XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev qeyd edib ki, bu gün müşahidə missiyasının nümayəndələri Xarici İşlər Nazirliyində qəbul olunub və məsələ ilə əlaqədar Azərbaycan tərəfinin qəti etirazı onlara çatdırılıb: "Haqqında bəhs olunan ilkin hesabatda seçkilərin müşahidə edilməsi üzrə metodoloji və texniki yanaşmadan çox subyektiv iddialar və qərəzli siyasi mülahizələr üstünlük təşkil edir.

Hesabatda seçkilərin məhdud siyasi mühit şəraitdə keçməsi barədə iddia tamamilə əsassızdır. Seçki öncəsi prosesdə qeydə alınmış namizədlərin azad və sərbəst şəkildə aktiv seçki kampaniyası aparması üçün bütün zəruri şərait yaradılıb. Öz siyasi zəifliyinə və siyasi dəstək bazasının olmamasına görə marginal siyasi qüvvələrin fəaliyyətsizliyini və ya bəzi qeydə alınmış namizədlərin qeyri-fəal seçki kampaniyası aparmasını çatışmamazlıq kimi təqdim etmək tamamilə yanlış mövqedir".

XİN rəsmisi qeyd edib ki, Azərbaycan Respublikasında media tam azaddır. Seçki öncəsi dövrdə media ilə bərabər, sosial şəbəkələrdə və hətta bir çox hallarda bütün etik normalardan kənar fəal müzakirə mühiti mövcud olub: "Səsvermə prosesi seçki subyektlərinin və seçicilərin azad davranışı və yüksək fəallığı şəraitində və ümumən qanunvericiliyin tələblərinə uyğun olaraq keçib. Bunun müqabilində hər hansı əsaslandırılmamış fakt ortaya qoymadan guya seçki günü məcburi prosedurlara riayyət edilməməsi, şəffaflığın olmaması və digər qüsurların olması barədə iddialar heç bir tənqidə sığmır. Biz ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosundan bu kimi faktlar varsa, onların təqdim edilməsini tələb edirik.

60000-dən artıq yerli və beynəlxalq müşahidəçinin heç bir maneə olmadan fəaliyyət göstərdiyi və 1000 veb-kamera vasitəsilə "online” rejimdə birbaşa izləmə imkanı təmin edilən bir şəraitdə iddia olunan bu cür məlumatların ciddi qəbul edilməsi qeyri-mümkündür.

Seçki günü hər hansı texniki xarakterli qüsurların və çatışmamazlıqların baş verməsi halları istisna deyildir. Amma texniki qüsurların ümimiləşdirilməsi və bu kimi sıradan olan halların bütün seçki prosesinə şamil edilməsi mandatın aşılması və tamamilə qərəzli siyasi yanaşma kimi qiymətləndirilir".

H.Hacıyev vurğulayıb ki, ilkin hesabatı nəzərdən keçirdikdə müxtəlif paraqraflar arasında ziddiyyətli məqamların olması, bir paraqrafın digərini təkzib etməsi də açıq şəkildə özünü biruzə verir: "Məsələn, sənəddə bir yerdə beynəlxalq müşahidəçilərə yaradılmış şəraitə görə Azərbaycan Hökumətinə təşəkkür ifadə olunduğu, Mərkəzi Seçki Komissiyasının peşəkar fəaliyyəti qeyd olunduğu halda, digər bir hissədə seçkilərin qeyri-şəffaf şəkildə keçirildiyini və ya prosedurlara riayyət edilmədiyini iddia etmək heç bir halda başa düşülən deyildir. Bu kimi hallar sənəddə kifayət qədərdir və onu oxuyan hər bir şəxs açıq şəkildə görə bilər.

Sözügedən müşahidə missiyası tərəfindən sərgilənən bu cür mövqe ilk növbədə milyonlarla azərbaycanlı seçicinin öz seçki hüququnu sərbəst ifadə etməsinə hörmətsizlikdir.

Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq ölkəmizdə keçirilən seçkilər ilk növbədə Azərbaycan Respublikası vətəndaşları üçün təşkil edilir. Azad, demokratik, ədalətli və şəffaf şəkildə keçirilmiş prezident seçkilərində Azərbaycan Respublikası vətəndaşları öz siyasi iradələrini bir daha ifadə etdilər".

XİN-nin mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, 11 aprel tarixində keçirilmiş prezident seçkiləri ölkəmizin demokratik inkişafı və demokratik təsisatların güclənməsi yolunda növbəti vacib mərhələ oldu.

Novruz Məmmədov: “Əvvəlcədən hazırlanmış materialı ilkin nəticələr kimi yaymaq tərəfdaş ölkənin xalqının iradəsinə və seçiminə hörmətsizlikdir”

Əvvəlcədən hazırlanmış materialı ilkin nəticələr kimi yaymaq tərəfdaş ölkənin xalqının iradəsinə və seçiminə hörmətsizlikdir. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov “Twitter”dəki səhifəsində yazıb.

N.Məmmədov qeyd edib: “Beynəlxalq” Seçki Müşahidə Missiyasının Prezident seçkiləri ilə bağlı bəyanatı ilə tanış oldum. Avropada bəzi qurumların tərəfdaşları ilə əməkdaşlığı hansı cür başa düşdüyünü yaxşı bildiyim üçün bəyanatın məhz indiki variantda verilməsi məni təəccübləndirmədi. Hər şeydən əvvəl bu qədər şişirtmək heç düzgün deyil, bu necə beynəlxalq müşahidə missiyası oldu? Birincisi, Seçki Müşahidə Missiyasının (nə üçün özünü beynəlxalq adlandırır, başa düşmək olmur) özünün tərkibindəkilərin böyük hissəsi seçki haqqında müsbət fikirdədir. Bəs demokratiya harada qaldı? İkincisi, seçkini müşahidə edənlərdən – Müşahidə Missiyasından dəfələrlə çoxsaylı və nüfuzuna görə heç də aşağı olmayan digər missiyaları saymamaq (başqa tərəfləri saymamaq bu qurumlarda artıq pis vərdişə çevrilib) və əvvəlcədən hazırlanmış materialı ilkin nəticələr haqqında bəyanat kimi yaymaq (bu da köhnə qaydadır) tərəfdaş ölkənin seçicilərinə və xalqına, onların iradəsinə və seçiminə hörmətsizlikdir. Əgər Müşahidə Missiyasının bu nümayəndələri hesab edirlərsə ki, bu mövqe milyonlarla seçici tərəfindən qəbul edilər, onlar tam yanılırlar. Belə qərəzli, həqiqətdən uzaq qərar qəbul etməzdən əvvəl bir az da olsa düşünmək yaxşı olardı".

Aydın Quliyev: “Cəmi iki həftə öncəki müsbət rəyin birdən əksinə çevrilməsi şübhəlidir”

“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev ATƏT-in özünün özünü çətin vəziyyətə saldığını bildirdi: “Cəmi 2 həftə əvvəl - martın 24-də ATƏT institutunu daha obyektiv mövqedə gördük. Seçki prosesinin daha əhəmiyyətli etapları da məhz bu dövrdə düşmüşdü. Namizədlərin irəli sürülməsi, namizədlərin təsdiqlənməsi, imzaların toplanması, imzaların təsdiqi və sair. Belə böyük etaplarda daha obyektiv rəydə olmuş ATƏT-in son iki etapda birdən-birə əksinə mövqe dəyişməsi həm də şübhəlidir. Prezidentliyə namizədlərdən biri xeyli əvvəl ATƏT-in seçki məntəqələrinə şübhəli yerli müşahidəçilər yerləşdirmək planı barədə açıqlama vermişdi. Görünür bu təxribat planı açılandan sonra ATƏT institutu özünün xüsusi niyyətlərinin bildirməyin belə üsulunu tapıb. Fikrimcə, qərəzli rəy ATƏT-in Azərbaycanda onsuz da pis olan imicinə daha da pis təsir göstərəcək, icrimai rəydə suallar yaradacaq. Hər halda, bu qədər çox sayda beynəlxalq təşkilatın müsbət rəyləri arasında tək ATƏT-in neqativ rəy sərgiləməsi düşündürücüdür”.

Bəhruz Quliyev: “ATƏT DTİHB-nin prezident seçkiləri ilə bağlı bəyanatı Azərbaycana qarşı əvvəlcədən hazırlanmış təxribat idi”

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidə missiyasının üzvlərinin Azərbaycanda prezident seçkiləri ilə bağlı fikirləri Azərbaycana qarşı əvvəlcədən hazırlanmış təxribat idi. Bu barədə Trend-ə açıqlamasında siyasi ekspert Bəhruz Quliyev deyib.

Ekspert bildirib ki, müşahidə missiyasının seçkiləri izləməsində əvvəlcədən təxribat, qərəzlilik hiss olunurdu: "Məqsədləri Azərbaycanı tənqid etmək idi. Nəticə də göz qabağında oldu. Azərbaycanda prezident seçkilərini izləyən bütün beynəlxalq müşahidəçilər müsbət mövqe açıqladı və prosesi yüksək qiymətləndirdi. Lakin ATƏT DTİHB tamamilə qərəzli mövqe nümayiş etdirmək istədi".

B.Quliyev qeyd edib ki, əslində Büronun bəyanatı seçkidən sonra, müşahidələr əsasında deyil, əvvəlcədən sifarişlə hazırlanmışdı: "ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu bu bəyanatı Azərbaycanı istəməyən xarici qüvvələrin sifarişi ilə hazırlayıb. Onların Azərbaycana qarşı tutduqları irad nə idi? Guya namizədlər arasında fərq qoyulub, hər kəsin namizədliyini irəli sürməsinə imkan verilməyib. Amma əslində onların guya təzyiqə məruz qaldıqlarını iddia etdikləri şəxslər özləri seçkiyə qatılmayıb, onlara qarşı heç bir təzyiq olmayıb. Buradan da aydın olurdu ki, onların bəyanatı sırf Azərbaycana qarşı qərəzlə dolu idi. Biz onlara sübut etdik ki, verdikləri bəyanat reallığı əks etdirmir, əvvəlcədən hazırlanan qərəzdir".

O əlavə edib ki, DTİHB-nin müşahidə missiyası Azərbaycana seçkiləri izləməyə deyil, siyasi sifarişlə, düşünülmüş şəkildə ölkəyə qara yaxmağa gəlib: "Bu onların ilk yanaşmalarında da hiss olunurdu. Onlar seçkini izləmək məqsədilə deyil, sırf qərəz, şantaj və böhtan xarakterli mövqe ilə gəlmişdilər. Onların bu məqsədləri Azərbaycan jurnalistlərinin hesabına aşkarlandı. Məlum oldu ki, onlar hansısa antiazərbaycan qüvvələrin sifarişi ilə ölkəyə gəlib öz çirkin niyyətlərini həyata keçirmək istəyirlər. Buna isə nail ola bilmədilər".

Siyavuş Novruzov: “Onların bəyanatını aeroporta tullamaq lazımdır ki, gedəndə özləri ilə aparsınlar”

“Azərbaycan xalqı rəhbərini, prezidentini seçdi. Konstitusiyamızda yazılıb ki, hakimiyyətin mənbəyi Azərbaycan xalqıdır. Xalqımız da bu seçkidə öz sözünü dedi”. APA-nın məlumatına görə, bunu Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası (ATƏT PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyalarının bəyanatlarına münasibət bildirən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, prezident seçkilərində prezident İlham Əliyevin səlahiyyətli nümayəndəsi Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, seçkini müşahidə etməyə gəlmiş ATƏT DTİHB, ATƏT PA və AŞPA müşahidə missiyalarının üzvləri başqa şeylər desələr də, seçkilərdə başqa bir şeylə rastlaşdılar: “Gördülər ki, hər bir seçki məntəqəsinin qarşısında növbələr var, insanlar seçkiyə ən yaxşı paltarlarını geyinib gəliblər, övladları, nəvələri ilə gəliblər. İnsanlar bu seçkiyə dövlətçiliyin taleyini həll etməyə, gələcək təhlükəsizliyin təminatını verməyə, iqtisadi inkişaf üçün gəliblər. Artıq həmin müşahidə missiyaları bunu həzm edə bilmirlər . Bu baxımdan onların həzm edə bilmədikləri məsələlər onların bəyanatlarında öz əksini tapıb”.

S.Novruzov həmin müşahidə missiyaları də 3 dəfə görüşdüyünü söyləyib: “Hər görüşdə hər birinə demişəm ki, xahiş edirəm ki, ədalətli mövqeyinizi bildirin. Əgər hər hansı çatışmayan cəhətimiz varsa, göstərin, harada yaxşı cəhətimiz varsa, onları da deyin. Dedim, biz elə xalqıq ki, hər bir şeyi qəbul edirik, amma bizim üzərimizdə ağalığı ömür boy qəbul etmirik. Dedim ki, biz bu xalqın nümayəndələriyik, prezident də bizim rəhbərimizdir, ömür boyu ədalətsizliyə qarşı mübarizə aparıb. Heydər Əliyev də, İlham Əliyev də ədalətsizliyə qarşı mübarizə ilə tanınıb. Bu qurumlar bildirirlər ki, əhalisinin 90 faizi yazı-pozu bilməyən Əfqanıstanda seçki demokratikdir, Şərqdə ilk demokratik respublika quran xalqa isə deyirlər ki, seçkilərdə müxtəlif pozuntular olub. Mən həmin qurumların müşahidə missiyalarının bəyanatını qəbul etmirəm. O bəyanatları aeroporta tullamaq lazımdır ki, gedəndə özləri ilə aparsınlar. Əsas Azərbaycan xalqı, seçkilərdə iştirak edən insanlardır. İnsanlarımız seçkiyə gəldi, münasibətini bildirdi. Hər hansı narazılıq olsa, insanlar küçələrə çıxmalı idilər. Bu gün narazılığını bildirmək üçün küçəyə çıxmış bir adam görürsüz? Deməli, bu, nəticə, göstəricidir. Hamı toyla, bayramla gələcək strategiyanı müəyyənləşdirdi. Belə fikirlərlə həmin qurumlar artıq adi bir ictimai təşkilata çevriliblər, fikirləri məni maraqlandırmır”.

Rusiya XİN: “Qərbdəki bəzi siyasi qüvvələrin Azərbaycanda seçkilərə münasibətdə mənfi rəyi seçkilərə qədər də müşahidə olunurdu”

Rusiya Xarici İşlər Nazirliyi Qərb təşkilatlarının Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı ilkin rəyinə münasibət bildirib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi mətbuat konfransında deyib ki, Azərbaycanda seçkiləri çoxlu sayda beynəlxalq müşahidəçi izləyib.

"Bu faktdır. Onların hamısı öz fikirlərini bildirməlidir. Lakin biz yaxşı başa düşürük ki, Qərbdəki bir sıra siyasi qüvvələrin Azərbaycanda seçkilərə münasibətdə mənfi rəyi seçkilərə qədər də müşahidə olunurdu. Biz belə münasibəti Qərbdəki qeyri-hökumət təşkilatlarının simasında təkcə Azərbaycana deyil, bir sıra ölkələrə münasibətdə də görürük", - deyə o qeyd edib.

Son xəbərlər