10/12/2018 00:22
728 x 90

Əli Həsənovun mesajları və müasir Azərbaycan dövlətinin güc mənbələri...

“Ölkənin daxilində olan stabillik heç bir qüvvəyə burada istəklərini yerinə yetirməyə imkan verməyəcək”

img

Azər Həsrət: “Azərbaycanın özündə də xalqla hakimiyyət arasındakı körpünü onun mətbuatı, jurnalistləri yaradır”

 

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov Azərbaycan jurnalistlərinin VII qurultayında çıxışı zamanı ölkəmizin qüdrətli olmasından danışıb. Bununla o, eyni zamanda, bu fikirləri ilə bəzi dairələrə Azərbaycan höküməti adından mesaj vermiş olub. Əli Həsənov bildirib ki, Azərbaycan dövlətini heç kim, heç zaman məğlub edə bilməz. Heç kim Azərbaycan dövlətini aşağılaya bilməz, dövləti milli prinsiplərdən, ideyalardan çəkindirə bilməz.

Ə.Həsənov bildirib: "Biz Azərbaycanın dövlət başçısı və onun iradəsi ilə güclüyük. Dövlətimizin təhlükəsizliyini təmin edən milli ordumuzla güclüyük. Azərbaycan qələm sahibləri - jurnalistlərlə güclüdür”.

Əli Həsənovun Azərbaycan dövlətinin güc aldığı mənbələr barədə dedikləri fikirləri necə qiymətləndirmək olar?

Mətbuat Şurasının son qurultayında qurumun idarə heyətinə yenidən üzv seçilən media eksperti Azər Həsrət qəzetimizə açıqlamasında bildirdi ki, bu məsələdə Əli Həsənov Azərbaycan iqtidarının mövqeyini, tam olaraq, qurultay iştirakçılarının diqqətinə çatdırıb: “Bilirsiniz ki, hər bir hakimiyyətin arxalandığı əsas dayaq xalqdır. Bu, Konstitusiyada da təsbit olunub. Ancaq hər bir ölkədə hakimiyyətlə xalqın vəhdətini təşkil etmək mümkün olmur. Azərbaycanda bu sarıdan vəziyyət çox qənaətbəxşdir. Hətta bir çox nüfuzlu təşkilatların hesabatlarında da bu faktor xüsusi olaraq qeyd olunur. Hörmətli Əli Həsənov Prezidentin köməkçisi kimi bizim diqqətimizə ölkə başçısının da mövqeyini ifadə etmiş oldu. Hətta onun özü də Azərbaycanın hansı mənbələrdən güc aldığına qısa da olsa toxundu. Hesab edirəm ki, ölkənin daxilində olan stabillik heç bir qüvvəyə burada istəklərini yerinə yetirməyə imkan verməyəcək. Bizim üçün yeganə təhlükələr xaricdən ola bilər. Azərbaycan öz müstəqilliyi dönəmində belə təhlükələrlə tez-tez rastlaşıb və hamısının öhdəsindən layiqincə gələ bilib. Araşdırsanız görərsiniz ki, həmin təhlükələri biz ordumuzun gücü ilə deyil, xalqın birliyi və düzgün aparılan təbliğatla neytrallaşdıra bilmişik. Təbii ki, bütün dünyada olduğu kimi, Azərbaycanın özündə də xalqla hakimiyyət arasındakı körpünü onun mətbuatı, jurnalistləri yaradır. Azərbaycanda son illər ərzində belə sağlam jurnalistika formalaşıb. Ölkənin milli, dövləti maraqlarını qoruyan, dövlətlə əməkdaşlıq edən, lakin müstəqilliyini əldən verməyən bir mediamız var. Bu bizi sevindirir və dövlətimizin güc aldığı mənbələrdən biri də budur. Təbii ki, Azərbaycanın stabilliyinin, təhlükəsizliyinin keşiyində duran, onun sərhədlərini qoruyan ordumuzu da bu sıraya aid edə bilərik. Mən əminəm ki, gələcəkdə Azərbaycanı daha qüdrətli edən amillərin sayı artan dinamika üzrə inkişaf edəcək”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər