25/06/2018 17:26
728 x 90

Siyasi mühacir azərbaycanlılar arasında Azərbaycanın dövlət simvollarına qeyri-etik münasibət düşmənçilik həddinə qalxıb

“Harada yaşamasından asılı olmayaraq, ölkənin simvollarının təhqir edilməsi qadağandır”

img

Mehman Muradlı: “Onların hərəkətləri siyasi mübarizə deyil”

 

Azərbaycan bir ölkə olaraq demokratik inkişaf modelini seçib. Ölkədə müxtəlif oriyentasiyalı siyasi partiyalar qeydiyyatdan keçib fəaliyyət göstərirlər. Tamamilə müxalif mövqeli KİV-lər də ölkədə sərbəst şəkildə informasiya siyasəti yürüdürlər. Ancaq son vaxtlar müşahidə edilir ki, Azərbaycandan müxtəlif bəhanələrlə xaricə sığınıb “mühacir” statusu almağa cəhd edənlər fəallaşırlar.

Həmin kateqoriya insanlardan bəziləri sosial şəbəkələrin verdiyi imkanlardan istifadə edərək, eyni zamanda toxunulmazlıq mühitində olduqlarını zənn edib əxlaqdan, mənəviyyatdan kənar fəaliyyətlə məşğul olurlar. Özlərini daha da radikal göstərmək üçün həmin adamlar oturduqları ölkələrdən bir canlı yayım açıb ölkənin dəyərlərini, dövlət simvollarını təhqir edirlər. Araşdırdıqda məlum olur ki, belələri bundan əvvəl heç bir siyasi fəaliyyətlə məşğul olmayıblar. Hansısa bəhanələrlə xaricdə yaşamaq icazəsi alıb, indi də analoji fəaliyyətlə məşğul olurlar. Onların sırasında Avropa ölkələrinə cinsi azlığın nümayəndəsi kimi sığınanlar da az deyil. Bəhanələri bu olub ki, guya həmin kateqoriyadan olan adam olduqları üçün onları ölkədə sıxışdırırlar. Əksəriyyəti də bu bəhanəni yalandan gətirib. Yəni xaricdə yaşamaqdan ötrü özlərinin və təmsil etdikləri nəsillərin adına xələl gətirmiş olublar. Buna baxmayaraq, indi kişilikdən, mənlikdən dəm vururlar. Söyüş söymək intellekt tələb etmədiyi səbəbindən, bir-birilə sanki bu yöndə estafetə giriblər. Ən başlıcası isə, bu insanlar demokratik mübarizə də aparmırlar. Həmin ölkələrdə eyni statusda olan müxalifətçilər və jurnalistlər də var, ancaq biz onların hərəkətində analoji davranışları müşahidə etmirik. Tənqidi fikirlərinə rast gəlirik, ancaq söyüşlərinə yox. Xaricdəki bəzi “mühacirlərin” ölkənin simvollarını təhqir etmələri hüquqi məsuliyyət yaradırmı?

Hüquqşünas Mehman Muradlı qəzetimizə bildirdi ki, o kateqoriya adamlar çox pis bir tendensiyanın əsasını qoymuş olurlar: “Yəqin ki, bəzilərinin hərəkətini siz də izləyibsiniz. Əminəm ki, onlardan heç birini tanımırsınız. Çünki yeni meydana çıxan alverçilərdir. Bəli, məhz alverçi. Onlar söyüşü də məqsədli və alver etmək üçün söyləyirlər ki, guya özlərinə çox təzyiq olsun və tez vətəndaşlıq alsınlar. Harada yaşamasından asılı olmayaraq, ölkənin simvollarının təhqir edilməsi qadağandır. Ölkənin Prezidenti də bu dövlətin simvolu sayılır. Onun qanunla müəyyən olunmuş hüquqları var. Ölkə başçısının həmin formada təhqir edilməsi birbaşa hüquqi məsuliyyət yaradır. Ən maraqlısı isə budur ki, bunu edən adamların çoxunun doğmaları ölkədə yaşayırlar. Mən dəfələrlə şahidi olmuşam ki, onların valideynləri, doğmaların həmin tərbiyəsiz hərəkətlərinə görə onlardan imtina ediblər. Hesab edirəm ki, hüquqi vasitələrlə yanaşı, hər bir vətəndaş bu məsələdə dövlətin atributlarının mühafizəçisinə çevrilməlidir. Bütün vasitələrlə onların cavabları verilməlidir. Çünki onların hərəkətləri siyasi mübarizə deyil. Hətta mən kadrlara rast gəlmişəm ki, həmin adamlar ölkənin digər atributlarını da təhqir ediblər. Onların sığındığı ölkələrin əlaqədar qurumlarına da materiallar təqdim olunmalıdır ki, belə zərərli elementlərin yerinə oturdulmasına və yeri gəlsə, Azərbaycana təhvil verilməsinə köməklik etsinlər. Qanunvericilik buna tam imkan verir”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər