10/12/2018 00:21
728 x 90

Yüz yaşına çatan əsl etnik soyqırım budur...

img

İki əsrdən artıqdır ki, ermənilər Azərbaycana qarşı əsassız iddialarını gerçəkləşdirməyə cəhd göstərir və bu fonda da məqsədlərinə çatmaq üçün soyqırımdan, terrordan istifadəyə xüsusi fikir verirlər. Bundan başqa, ötən dövr ərzində bədnam qonşularımız hamilərinin yaxından yardımı ilə azərbaycanlılara qarşı deportasiya kimi dəhşətli cinayətlər də törədib və  nəticə etibarı ilə tarixi Azərbaycan torpaqlarında kütləvi şəkildə məskunlaşmaq imkanı əldə ediblər. Amma buna qane olmayan ermənilər yenə azərbaycanlılara qarşı soyqırım siyasətini davam etdirib və bunun ən dəhşətli səhifələrindən biri 1918-ci ilin mart-aprel aylarına təsadüf edir.

Həmin hadisələrin yaşanmasında o dövrdə Türkiyədən Qafqaza köçrülən ermənilərin sayında yeni artımın olması da az rol oynamadı. Xatırlatmaq yerinə düşərdi ki, I Dünya müharibəsinin hələ davam etdiyi 1917-ci ildə erməni millətçiləri Türkiyənin vilayətlərindən Qafqaza üz tutmağa başlamışdılar. Çünki onlar  “Böyük Ermənistan” yaratmaq kimi sərsəm xülyalarını məhz burada daha asanlıqla həyata keçirə biləcəklərinə ümid bəsləyirdilər. Tarixi mənbələrə görə, artıq 1918-ci ilin martına qədər ermənilər Zaqafqaziyanın cənub-qərbində – Qarsda, İrəvan və Yelizavetpol quberniyalarının bir neçə qəzalarında və Qarabağda dinc sakinlərin-azərbaycanlıların sıxışdırılması, zorla qovulması və kütləvi şəkildə öldürülməsi yolu ilə hələ mövcud olmayan erməni dövləti üçün əraziləri təmizləməyə müvəffəq ola bilmişdilər. Sonradan burada onlar “Daşnaksutyun”un silahlı dəstələrinin və cəbhədən qaçmış minlərlə erməni əsgərinin köməyi ilə yerli silahsız, dinc müsəlman əhalisinə torpaqlarından basqınlar edərək, qısa müddət ərzində onların bir hissəsini qətlə yetirir, qalanını isə doğma torpaqlardan didərgin salır. Tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi yazır ki, beləliklə, 1917-ci ilin əvvəlindən 1918-ci il mart ayınadək ermənilər təkcə İrəvan  quberniyasında 199 Azərbaycan kəndini yer üzündən silir: “Bu cəza əməliyyatı “Daşnaksutyun”un həmin torpaqların azərbaycanlılardan təmizlənməsi və sonradan Zaqafqaziya ərazisində erməni dövlətçiliyinin mərkəzinə çevrilməsi üzrə planının tərkib hissəsi idi. Məhz həmin dövrdə gələcək erməni dövlətinin ərazi bünövrəsi qoyulur. Lakin “dənizdən dənizə” qədər uzanan “Böyük Ermənistan”ın taleyi şəhərlərdə, o cümlədən Bakıda həll olunurdu”.

Həmin dövrdə ermənilərə Rusiya rəhbərliyi tərəindən hərtərəfli dəstək verilməsi də 100 il öncə məlum qanlı olayların yaşanmasında mühüm rol oynayır. Belə ki, bolşeviklər və daşnaklar bütün partiyalararası, siyasi və ideoloji ziddiyyətləri kənara qoyaraq Bakıda hərbi-siyasi ittifaq bağlayır və bütün güclərini, Müsavat Partiyası başda olmaqla, Azərbaycan milli hərəkatına və bütün müsəlman əhalisinə qarşı yönəldırlər. özü də ən qəddar üsullarla. Məsələn, Azərbaycan Cumhuriyyəti hökumətinin yaratdığı Fövqəladə təhqiqat komissiyasının hazırladığı məruzələrdə göstərilir ki,  ermənilər azərbaycanlıları qətl edərkən onların evlərini qarət edir, sonra isə od vurub yandırırdılar. Azərbaycanlı qadınlarını öldürür, çalalara dolduraraq üzərini torpaqlayırdılar. Sonralar təkcə bir çaladan burun və qulaqları kəsilmiş, qarnı yırtılmış, cinsi orqanları doğranmış 57 müsəlman qadınının meyiti tapılmışdı. Şahidlər deyirdilər ki, ermənilər öldürə bilmədikləri qadınların hörüklərini bir-birinə bağlayır, başaçıq, ayaqyalın qabaqlarına qatıb küçələrlə qovur, yolda tüfəngin qundağı ilə döyürdülər.

Məruzədə göstərilirdi ki, komissiya öldürülmüş azərbaycanlıların sayını müəyyənləşdirməkdə çətinlik çəkir. Çünki evlərin çoxunda ermənilər bütün ailəni qırıb və indi elə bir adam yoxdur ki, ondan öldürülənlərin adını öyrənmək mümkün olsun. Şəhərdə bir qədər sakitlik yaranandan sonra meyitləri basdırmaq üçün şəhərin bu hissəsinə gələnlər böyük dəhşətlərlə üzləşiblər. Eybəcər hala salınmış meyitlər içərisində cinsi orqanlarına payalar soxulmuş qadın meyitləri də tapılmışdı. Bu hallar əsas etibarı ilə “Məmmədli” və “Zibilli dərə” deyilən yerlərdə özünü qabarıq büruzə verirdi. Şəhərin başqa azərbaycanlı hissəsində də erməni əsgərləri pulemyot atəşləri altında sürətlə hücuma keçir, azərbaycanlıları sıxışdırıb öz məhəllələrindən çıxarır, evlərə soxularaq azərbaycanlıları qəddarlıqla öldürür, evlərini qarət edir, sonra isə yandırırdılar. Qətllər zamanı ermənilər nə cinsə, nə də yaşa əhəmiyyət verirdilər.Məsələn, Hacı Əmir Əliyevin evinə soxulan ermənilər onu – 80 yaşlı qocanı, 60 və 70 yaşlı arvadlarını öldürüb, 3 azyaşlı uşağı doğramış və Əliyevin 25 yaşlı gəlinini diri-diri divara mıxlamışdılar. İndiki İstiqlal küçəsi ilə hücuma keçən erməni əsgərlərinə əsasən erməni ziyalıları rəhbərlik edirdi. Belə dəstələrdən biri bir evə girib 8 qadın və uşağı güllələmişdi. Başqa dəstə Fars küçəsində Bala Əhməd Muxtarovun evinə girərək 9 ziyalı azərbaycanlını küçəyə çıxarmış və kilsə meydanında güllələmişdilər. Meyitlərdən 2-si ermənilər tərəfindən yandırılmış “Dağıstan” mehmanxanasının alovları içərisinə atılaraq yandırılmışdı. Şəhərin mərkəzi və istisnasız olaraq bütün müsəlman məhəllələri çoxminli bolşevik-erməni birləşmələrinin silahlı hücumuna, aeroplanlardan bombardmana və  Xəzər donanmasının sahilə gətirilmiş gəmilərindən fasiləsiz top atəşinə məruz qalır.  

Tarixçilər bildirir ki, ermənilərin xəyanətkar hücumu ilə qarşılaşmış şəhərin müsəlman əhalisi əvvəlcə silahlı quldur dəstələrinin əsas hədəfinin gənc azərbaycanlı kişilər  olacağını düşünüb,  qoca,  qadın və uşaqlara toxunulmayacağına ümid edirmiş. Lakin qırğınların elə ilk günü qətlə yetirilənlərinin arasında çoxlu sayda  qadın, uşaq və yaşlı kişilərin olması erməni-bolşevik qüvvələrinin şəhərin azərbaycanlı əhalisini, cinsinə və yaşına baxmadan, kütləvi surətdə qırmaq niyyətini bir daha sübut edir. Solmaz Rüstəmova-Tohidi yazır ki, azərbaycanlı qadın və uşaqların əksəriyyəti yalnız  bu hadisələrə bolşeviklər tərəfindən cəlb edilmiş ayrı-ayrı rus əsgər və matroslarının fəal müdaxiləsi sayəsində labüd ölümdən qurtarır və bu zaman əsir götürülürdülər: “Mart qırğınları zamanı şəhərin geniş sahələrə malik olan bir çox binaları – teatrlar, kinoteatrlar, məktəblər, polis məntəqələri, ayrı-ayrı zəngin erməni evləri, Şəhər Dumasının ictimai binası, vağzal və digər binalar, hətta hamamlar da minlərlə bədbəxt, qarət edilmiş, öz yaxınlarının vəhşicəsinə qətli faciəsini yaşamış azərbaycanlıların, əsasən qadın, uşaq və qocaların gətirildiyi və günlərlə, bir çox hallarda  ac və susuz saxlandığı həbsxanalara çevrilmişdi. Müsəlmanların kütləvi surətdə əsir alınmasında iştirak etmiş bəzi erməni xadimləri sonradan bu əməli guya dinc müsəlman vətəndaşların təhlükəsizliyini təmin etmək  məqsədilə görülmüş zəruri tədbir kimi izah etməyə çalışırdılar.  Halbuki, zərərçəkənlərin çoxsaylı ifadələrindən sübut olunur ki,  müsəlmanların əsir alınması silahlı erməni quldur dəstələri tərəfindən zorla həyata keçirilmiş,  təhqir, istehza, hədə-qorxu, bir çox hallarda isə qətllərlə müşayiət olunmuşdu.  Erməni əsgərləri müsəlman qadınların çadralarını cırır,  əsirlərin  saxlandığı yerlərə qovurdular. Burada əsir qadınların  gözləri qarşısında baş vermiş qətllərdən dəhşətə gələrək ölməsi, körpələri qucaqlarında keçinən anaların dəli olması, azyaşlı uşaqların acından, qorxudan və susuzluqdan  ölməsi və sair  hallar baş verirdi. Erməni ziyalıları isə bu zaman öz arvadlarını azərbaycanlıların “rüsvayçılığına” tamaşa etməyə gətirirdilər.

Əsir aparılmış və ya tamamilə məhv edilmiş azərbaycanlı ailələrin boş qalmış evləri və bütöv məhəllələr müsəlmanların əmlakını mənimsəmək, soyğunçuluq və qarətlər,  eləcə də  üç-dörd gün ərzində  avtomobillərdə, arabalarda aparılması mümkün olmayan bütün əmlakı darmadağın  və məhv etmək üçün  erməni quldurlarına geniş imkanlar yaradırdı. Talan  edilmiş əmlak erməni milyonçuları və sənayeçilərinin əvvəlcədən hazırlanmış anbarlarına yığılırdı. 1918-ci ilin faciəli mart günlərində şəhərin müsəlman əhalisinə –  iri sənayeçilərə, zavod, liman, neft mədənləri sahibkarlarından başlayaraq çoxsaylı mülki, sosial və ticarət obyektlərinin, evlər, idarə, mehmanxana, məktəb, restoran, bərbərxana, emalatxana, mağaza, anbar, dükan, tövlə və sair  sahiblərinə vurulan maddi ziyanın miqyasını və dəyəri yüz milyonlarla ölçülürdü. Yalnız məlum faktlar əsasında bu rəqəm 400 milyoq göstərilirdi. Yandırılan və dağıdılan binalar arasında azərbaycanlıların mədəni-ictimai və dini mərkəzini təcəssüm etdirən “İsmailliyə” –  Müsəlman Xeyriyyə Cəmiyyətinin binası, “Kaspi” və “Açıq göz” qəzetlərinin, “Dağıstan”, “İsgəndəriyyə” və “İslamiyyə” mehmanxanalarının binaları da var idi. Müsəlmanların qaldığı bu mehmanxana və karvansaralar orada olan insanlarla birlikdə yandırılmışdı”.

Aparılan araşdırmalardan belə bəlli olur ki, qırğınların ilk günlərində Bakının on minlərlə müsəlman sakini müxtəlif yollarla şəhəri tərk etməyə çalışıb. Amma ermənilər belələri üçün də əvvəlcədən müəyyən hazırlıq görüblər. Belə ki, araşdırmalara əsasən, şəhərdən çıxmağa çalışan müsəlmanları yollarda erməni quldur dəstələri tutub saxlayır, öncə onları qarət edir və sonra güllələyirdi. Özü də bu zaman yenə də qadın, qoca və uşaqlara rəhm edilmirdi. Araşdırmalar göstərir ki, əslində, ermənilər daha bir neçə gün ərzində müsəlmanların Bakıda soyqırımını həyata keçirməyi düşünürmüş. Stepan Şaumyanın idarəçiliyi altında olan Bakı Soveti qırğının dayanması üçün heç bir addım atmadığından, aprelin 2-də  36-cı Türküstan alayının müsəlman qırğınlarını dayandırmaq barədə qətiyyətli tələbi və artıq vəziyyəti başa düşmüş Xəzər rus  dənizçilərinin əks təqdirdə Bakı Sovetinin tabeçiliyindən çıxaraq  şəhərin erməni hissəsinə toplardan atəş açacaqları kimi  hədələri bu dəhşətli hadisələri dayandıra bildi.  Amma belə vəziyyətdə Azərbaycanın digər bölgələrində müsəlmanlara qarşı törədilən qırğınlar soyqırım siyasətinin davam etdiyini aydın şəkildə nümayiş etdirirdi...

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

Son xəbərlər