25/06/2018 17:50
728 x 90

ABŞ konqresmenlərindən kimlərsə qondarma “DQR”in yalançı “prezidentini” qəbul etsə...

Məhəmməd Əsədullazadə: “Azərbaycan ABŞ Dövlət Departamentinə sorğu göndərməli və separatçıların ölkəyə girişinə qadağa qoyulmasına çalışmalıdır”

img

“Rəsmi Vaşinqton Minsk Qrupunun həmsədri kimi belə bir səfərin reallaşmasına imkan verməməlidir”

 

Dağlıq Qarabağdakı separatçı qurumu dünyada hansısa formada təbliğ etmək üçün Ermənistan, xüsusən də dünyadakı erməni lobbisi bütün vasitələrdən istifadə etməyə çalışır. Gah separatçı qurumu təmsil edənlərin Ermənistan vasitəsilə xarici ölkələrə səfərləri, gah da işğal olunmuş ərazilərə səfərlər təşkil edilir. Erməni lobbisinin tez-tez istifadə etdiyi metodlardan biri də yardım kampaniyasıdır.

Bu arada yayılan məlumata görə, İrəvanda nəşr olunan "Jamanak" qəzeti yazıb ki, qondarma “DQR” "prezidenti" Bako Saakyan "işçi səfərlə" Birləşlmiş Ştatlara baş çəkəcək. Orada Senatın və Nümayəndələr Palatasının üzvləri, eləcə də ekspert dairələri, həmçinin, erməni icmasının nümayəndələri ilə görüşlər keçirəcək. Hətta belə məlumatlar var ki, Saakyanın çərşənbə günü (14 martda) ABŞ-ın Kapitoli ştatında çıxış edəcəyi və hansısa anlaşılmayan mükafat alacağı bir tədbir planlaşdırılıb. Göndərilmiş dəvətlərdə bu tədbir "Konqresdə qəbul" adlanır, hərçənd siyahıda əsl Konqres üzvü yoxdur.

Məlum məsələdir ki, separatçı qurum dünyanın heç bir ölkəsi tərəfindən tanınmır. Birləşmiş Millətlər Təşkilatından başlayaraq, bütün beynəlxalq təşkilatlar hesab edirlər ki, Dağlıq Qarabağ Azərbaycana məxsusdur və Ermənistan tərəfindən işğal olunub. Ermənistanın bütün cəhdlərinə baxmayaraq, "DQR"in mövcudluğunun qanuniliyini sübut edə bilmir.

Bako Saakyanla bağlı Kapitolidə çərşənbə gününə planlaşdırılan görüş sırf təbliğat məqsədi daşıyır. Hərçənd konqresmenlərin onunla görüşüb-görüşməyəcəyi tam bəllli deyil. İstənilən halda, bu kimi gözləntiləri ekspertlər necə şərh edirlər və bunun qarşısını necə almaq olar?

Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə rakursdan yanaşdı: “Ermənistanın Azərbaycanın işğal etdiyi ərazisində təsis etdiyi qondarma rejimin başçısı Bako Saakyanın ABŞ-a səfəri bu ölkədə fəaliyyət göstərən erməni lobbisi tərəfindən həyata keçirilir. Məqsəd burada pul toplamaq və qondarma rejimi guya Amerika ictimaiyyətinə təqdim etməkdir. Qeyd edim ki, ABŞ Minsk Qrupunun həmsədri kimi belə bir səfərin reallaşmasına imkan verməməlidir. Bu onun vasitəçilik missiyasına şübhə yaradır. Ondan əlavə, ABŞ Gürcüstanda, Moldovada və Ukraynada separatçılara sanksiya tətbiq edirsə, niyə Dağlıq Qarabağda separatçılara tətbiq etmir?! Axı Rusiyanın bu işğalda və separatizmdə dolayı iştirakı var. Göründüyü kimi, Birləşmiş Ştatlarda müəyyən dairələr konfliktə ikili standartlardan yanaşırlar və separatçılığı birbaşa təşviq edirlər. Azərbaycan ABŞ Dövlət Departamentinə sorğu göndərməli və separatçıların ölkəyə girişinə qadağa qoyulmasına çalışmalıdır. Həmçinin, Bako Saakyanı İnterpola vermək lazımdır. Qərb də görsün ki, həm hüquqi, həm də diplomatik müstəvidə separatizm və işğala qarşı mübarizə aparırıq. B.Saakyanın orada görüşdüyü şəxslər əsasən maliyyə donorları olacaq və onlardan pul dilənəcək. ABŞ bu məsələyə diqqət ayırmalı, bu kimi səfərlərə veto qoymalıdır”.

Vidadi ORDAHALLI  

Son xəbərlər