10/12/2018 00:24
728 x 90

Son 5 ildə Azərbaycanın daxili və xarici siyasətdə əldə etdiyi şəksiz pozitiv nəticələr…

img

Qabil Hüseynli: “Ölkəmizin təşəbbüskarı olduğu iri layihələrin ərsəyə gəlməsi də bu uğurlar sırasına aiddir”
Yeganə Hacıyeva: “Vitse-prezidentlik institutu yaradıldı və Birinci vitse-prezident təyin olundu”
Vüqar Qədirov: “Azərbaycan Ordusu əks hücumla düşməni yerinə oturtdu və işğal altında saxlanan bir sıra əraziləri azad etdi”

 

Azərbaycan mühüm bir mərhələyə qədəm qoyub. Təxminən bir aydan sonra ölkədə prezident seçkiləri keçiriləcək. Əslində, analoji mərhələlər hər bir ölkə üçün mühüm sayılır və yalnız Azərbaycanla bağlı xarakterik deyil. Çünki istənilən ölkədə seçkidən əvvəl siyasi fəallıq artır, ortaya konkret iddialar qoyulur.

Azərbaycandakı mövcud ab-havadan da bu aydın hiss edilir. Siyasi partiyalar, müstəqil namizədlər prezidentliklə bağlı iddialarını ortaya qoyublar. Ölkədəki seçkiləri müşahidə etmək üçün bir çox beynəlxalq missiyalar öz istəklərini bəyan ediblər. Bu da ölkədəki seçkiyə böyük maraq və diqqətin göstəricisi sayıla bilər. 25 ildir ölkəni YAP hakimiyyəti idarə edir. 1993-cü ildən indiyə qədər keçirilən bütün seçkilərdə hakim komanda böyük fərqlə rəqiblərinə qalib gəlib. 2003-cü ildən başlayaraq keçirilən prezident seçkilərinin qalibi isə İlham Əliyev olub. İlham Əliyevin prezidentlik dönəmləri 2003-2008; 2008-2013 və 2013-2018-ci illəri əhatə edir. Konstitusiyaya edilən dəyişikliklərdən sonra İlham Əliyev yenidən namizəd olmaq və prezident seçilmək şansını əldə edib. Qəbul olunan yeniliklərdən biri də budur ki, bundan sonrakı dönəmlər üçün seçiləcək prezidentə ölkəni 5 yox, 7 il idarə etmək hüququ veriləcək. Təbii ki, seçki bir marafondur və orada güclülər qalib gəlir. Bu həm də bir hesabatdır. Prezidentliyə hazırkı namizədlər sırasında son 5 illik müddətdə ölkəni idarə edən partiyanın da sədri var. Bu baxımdan da, maraqlıdır, 2013-cü ildə keçirilən son  prezident seçkilərindən sonrakı 5 illik dönəmdə Azərbaycan daxili və xarici siyasətdə hansı tərəqqini əldə edə bilib?

Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Azərbaycanın son 5 ildə keçdiyi yolu qənaətbəxş saymaq olar: “Ümumən götürdükdə, müstəqillikdən bu yana illər artdıqca, Azərbaycan dövlətçiliyi daha da möhkəmlənib və onun daxili və xarici siyasət kursunda əldə etdiyi uğurların sayında artan dinamika müşahidə olunub. Son 5 illik dönəmdə daxili siyasətdə qazanılan uğurlar sırasına ölkədəki stabilliyin və təhlükəsizliyin qorunmasını, əhalinin maddi rifah halının yaxşılaşmasını aid edə bilərik. Eləcə də bir sıra sahələri əhatə edən və əhalinin vəziyyətinin yaxşılaşmasına səbəb olan qanunların qəbulunu da bira şamil etmək mümkündür. Xüsusilə də ölkəmizin təşəbbüskarı olduğu iri layihələrin ərsəyə gəlməsi də bu uğurlar sırasına aiddir. Bakı-Tiflis-Qars dəmir yolu xəttinin çəkilişini, onun davamı kimi “Şimal-Cənub” dəmir yolu layihəsinin başa çatmasını, TANAP layihəsinin 80 faizdən çoxunun tikilib başa çatmasını, “Şahdəniz-2” ətrafında işlərin aparılmasını, ölkədə manatın kursunun qorunmasını, maliyyə ehtiyatlarının artırılmasını da buna aid etmək olar. Xarici siyasət kursunda da irəliləyişimiz çoxdur. Azərbaycanın bu istqamətdə ən gərgin iş apardığı sahə Dağlıq Qarabağ mövzusudur. Bu istiqamətdə daha prinsipial, ardıcıl və qətiyyətli siyasət yürüdülüb. Ölkəmiz bir çox mühüm beynəlxalq forumlara, tədbirlərə evsahibliyi edib. Bununla yanaşı, ölkəmiz son beşillik müddətdə xarici siyasət kursunda daha dinamik və çevik siyasət yürütməyə başlayıb. Bütün bunlar onu deməyə əsas verir ki, son 5 ildə ölkəmiz bütün istiqamətlər üzrə mühüm tərəqqi əldə edib”.

Politoloq Yeganə Hacıyevanın sözlərinə görə, 2013-cü il prezident seçkilərində Azərbaycan xalqının seçimi ilə İlham Əliyev növbəti dəfə ölkə prezidenti seçildi: “Azərbaycan xalqının bu seçimini bu günədək həyata keçirilən siyasətə və həmçinin, gələcək fəaliyyətə dəstəyin ifadəsi kimi qəbul edə bilərik. 2013-cü il prezident seçkilərindən sonrakı 5 ildə Azərbaycanın daxili və xarici siyasətində nələr dəyişdi, hansı uğurlar əldə olundu sualına cavab versək, keçən 5 ilin hər iki istiqamətdə kifayət qədər uğurlu olmasını qeyd edə bilərəm. Sırf daxili siyasət haqda danışsaq, dövlətin həyata keçirdiyi, davamlı inkişafa gətirən, bərabərhüquqlu və ədalətli iqtisadi rəqabətin təmin edilməsinə səbəb olan çoxşaxəli iqtisadi islahatlar paketi həyata keçirilib. Keçən 5 il, həmçinin, vətəndaş və sosial-iqtisadi hüquqların qorunması, insan hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində, siyasi plüralizm və digər əhəmiyyətli məsələlərdə dayanıqlı inkşafın təmin olunması üçün uğurlu siyasət yürüdülüb və həyata keçirilib.

Azərbaycanda ümumdaxili məhsulun artmasına, iqtisadiyyatın qeyri-neft sektorunun inkşafına,  büdcə gəlirləri və strateji valyuta ehtiyatlarının uğurlu və səmərəli idarə olunmasına hesablanmış, yerli və nüfüzlu beynəlxalq iqtisadi-maliyyə institutlarının müştərək fəaliyyəti ilə milli iqtisadiyyatın strateji yol xəritələri işlənib və uzunmüddətli fəaliyyət planlarının həyata keçirilməsinə start verilib.

Son 5 ilin dövlət idarəetməsində struktur yeniləşməsi haqqında danışsaq, dövlət idarəetməsinin daha da aktivləşdirilməsi, cevikləşdirilməsi, öllkənin sabit inkişafına xidmət edəcək idarəçilik sisteminin təmin olunması və inkşaf etdirilməsi, siyasi və idarəetmə sistemindəki stabilliyin qorunması və yuxarıda qeyd etdiyimiz islahatların daha aktiv həyata keçirilməsi üçün prezidentlik institutunun gücləndirilməsinə xidmət edəcək, Azərbaycan Konstitusiya sistemində yeni institut olan vitse prezidentlik institutu yaradıldı və Birinci vitse-prezident təyin olundu.

Son 5 ildə Azərbaycanın xarici siyasət və beynəlxalq sahədə uğurları haqqında isə saatlarla danışmaq mümkündür. Bunlardan bir neçə mühümü haqqında söz açmaq istəyirəm. Ölkəmizin BMT Təhlükəsizlik Şurasında 2 illik fəaliyyəti zamanı, xüsusilə quruma sədrliyi dövründə Azərbaycan qlobal təhlükəsizliyin, dünyada sülhün və dayanıqlı inkişafın  bərqərar olması, sivilizasiyalar və mədəniyyətlərarası dialoqun inkişafı istiqamətində Azərbaycan nümünəsi ilə layiqli töhfəsini verib, bu sahələrdə inkişafın əldə olunması üçün xüsusi fəallıq göstərə bilib.

Həmçinin, Avropa İttifaqı ilə vizaların sadələşdirilməsi istiqamətində sazişin imzalanması və bu  sazişin bəndlərinə Azərbaycan tərəfindən ciddi əməl olunması, gələcəkdə AB ilə vizasız gediş-gəlişin əldə olunması üçün hüquqi və məntiqi zəmin yaradıb.

Avropanın enerji təhlükəsizliyində mühüm rol alan Azərbaycan Avropa İttifaqı ilə qarşılıqlı strateji tərəfdaşlığın ən səmərəli, yəni qarşılıqlı faydalılıq formatı əsasında yeni əməkdaşlıq mərhələsi isə AB ilə münasibətlərin daha da inkişaf etdirilməsi üçün növbəti addım sayıla bilər.

Sırf siyasi beynəlxalq arenada isə son 5 il ölkəmizə qarşı edilən çoxlu çağırışlarla yadda qaldı. Bu qurumlarda müxtəlif siyasi və iqtisadi lobbi qruplarına məxsus dairələrin və onların ölkə daxilində və həmçinin, mühacirətdə olan dəstəkçilərinin ardıcıl qaralama kampaniyaları ilə üz-üzə qalıb, ancaq onları dəf edə bilmişik. Bu kampaniyalara zaman-zaman beynəlxalq nüfuzlu media orqanlarına müxtəlif xarici kəşfiyyat qurumlarından sızdırılmış və təhrif olunmuş informasiyalar əsasında Azərbaycan, siyasi elitası haqqında gedən qaralama kampaniyalarını nümunə göstərə bilərəm.

Bu kampaniyalar Azərbaycanın Avropa İttifaqı ilə "Yeni Qonşuluq Siyasəti" Proqramına daxil olması ərəfəsi, Azərbaycan-Avropa İttifaqı Fəaliyyət Planının qəbul olunması zamanı, son 5 ildə isə Azərbaycanla Avropa İttifaqı arasında “Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında” Anlaşma Memorandumunun imzalanması zamanına təsadüf edib.

Dünyanın enerji xəritəsində yeni vəziyyətin yaranmasına səbəb olan  və tarixə "XXI əsrin kontraktı” kimi düşən "Şahdəniz-2” layihəsi ərəfəsi və Azərbaycanla Avropa İttifaqı arasında strateji çərçivə sazişi imzalanması zamanı və s. kimi mühüm zamanlarda da biz analoji fəaliyyətin şahidi olduq.

Xarici siyasətdə keçən 5 ildə istər Cənubi Qafqaz regionunda Gürcüstan, istərsə də MDB regionunda Ukrayna ilə bağlı baş verənlərə diqqəti yönəltmək istərdim. Bu proseslər Azərbaycanın xarici siyasətdə yürütdüyü balanslı siyasətin necə doğru olmasını və bu siyasətin müəllifi Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq münasibətlərdə təcrübəli, müdrik siyasətçi olmasını bir daha sübüt etdi” .

Politoloq Vüqar Qədirov isə hesab edir ki, 5 il az müddət olmadığı üçün, bu sıraya aid edilən uğurların detallı sadalanmasına böyük bir tədbir keçirilməli və bir necə mühazirə hazırlanmalıdır: “Mən deyərdim ki, son 5 illik dönəm Azərbaycanın inkişaf tempinə tam adekvat olub. Daxili siyasətdəki uğurlar sırasına iqtisadiyyatdakı inkişafı, böyük sosial layihələrin icrasını, yeni iş yerlərinin açılmasını, yürüdülən doğru siyasi kursa görə vətəndaşlarla dövlət arasındakı bağların daha da möhkəmlənməsini, yeni innovativ metodların tətbiqi ilə ölkədəki korrupsiyanın səviyyəsinin aşağı düşməsini aid edə bilərik. Xüsusilə də işğal olunmuş ərazilərimizə yeni qayıdışın əsası da məhz bu dövrdə qoyuldu. Bildiyiniz kimi, 2 aprel döyüşləri kimi tarixə düşən bizim şərəfli günlərimiz də məhz bu 5 illik perioda təsadüf edir. Məhz həmin hadisələr zamanı Azərbaycan Ordusu əks hücumla düşməni yerinə oturtdu və işğal altında saxlanan bir sıra əraziləri azad etdi. Bu hadisədən sonra bir sıra yaşayış məntəqələrimizə qayıdış başladı. Son 5 illik xarici siyasət kursunda isə Azərbaycan özünə multikultural, tolerant bir ölkə imicini qazandırmağı bacardı. Bir sözlə, ölkəmiz etdiyi təşəbbüslərlə bəşəri dəyərlərin qoruyucusu olan və təbliğini aparan ölkə kimi tanındı. Dağlıq Qarabağla bağlı aparılan danışıqlarda dözüm və iradə göstərə bildi. Bir sıra vacib iki və üçtərəfli formatların formalaşmasına nail oldu, böyük ölkələr arasındakı konfliktlərin həllində mühüm vasitəçilik missiyasını uğurla başa vurmağı bacardı”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər