23/09/2018 20:53
728 x 90

Azərbaycanın ATƏT Nümayəndəliyinin yaydığı son Qarabağ sənədində “hücum diplomatiyasının” nüansları...

“Həmin qeyri-dəqiq və cinayət məzmunlu məlumatların bu qurumun adından yayılması ilk növbədə ATƏT-in özünü narahat etməlidir”

img

Elşən Mustafayev: “Verilən bəyanatın məzmunundan görünür ki, bu, ilk belə hal deyil. Bu baxımdan da ATƏT Ermənistanla bağlı yazışmalara xüsusi qayda tətbiq etməlidir”

 

Erməni mətbuatında Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan qanunsuz separatçı rejimin təşəbbüsü ilə “bəyanatın” ATƏT-də "rəsmi sənəd" kimi yayılması ilə bağlı ortaya çıxan  iddialara cavab olaraq Azərbaycan Respublikasının ATƏT-dəki Daimi Nümayəndəliyi açıqlama yayıb.

Açıqlamada deyilir ki, ATƏT çərçivəsində müəyyən olunmuş təcrübəyə uyğun olaraq, Təşkilat Katibliyi hər hansı bir iştirakçı ölkənin tələbi ilə həmin dövlətdən alınan hər hansı bir sənədin məzmununu dəyişdirmədən yayır: “Azərbaycan Respublikasının ATƏT-dəki nümayəndə heyəti Helsinki Yekun Aktında və ATƏT sənəd və qərarlarında yer alan ATƏT prinsiplərinə və öhdəliklərinə zidd olaraq, güc yolu ilə işğal edilən və kütləvi şəkildə etnik təmizləməyə məruz qoyulan əraziləri nəzərdə tutaraq öz işğalçı səyləri üçün Ermənistanın ATƏT-in sənədləşmə idarəsindən sui-istifadə etməsinin qəbuledilməzliyi məsələsini bir neçə dəfə Təşkilatın Katibliyi və baş katibi qarşısında qaldırıb. 

ATƏT Katibliyi baş katiblə danışıqların nəticəsi olaraq iştirakçı dövlətlər arasında yayılması üçün qəbul edilmiş sənədlərin məzmununa görə təşkilatın məsuliyyət daşımadığı barədə rəsmi siyasətini təkrar bəyan edən verbal nota yayıb. Məzmun üçün yeganə məsuliyyəti sənədin yayılmasını tələb edən iştirakçı ölkə daşıyır. ATƏT bir hökumətlərarası təşkilat olaraq konsensus əsaslı qərarları icra edir və bütün 57 iştirakçı dövlətin kollektiv iradəsini həyata keçirir”, açıqlamada deyilir.

Sənəddə, həmçinin, bildirilib ki, yalnız konsensus sənədləri təşkilatın mövqeyini əks etdirir:

“Nəticə etibarilə, yuxarıda qeyd edilən “bəyanatın” yayılması məna kəsb etmir və ATƏT-in müvafiq sənədlərində öz əksini tapmış Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT-in mövqeyinə və 1990-cı illərin əvvəllərindən konsensus əsasında qəbul olunmuş bütün daxili və ya xarici sərhədlərin toxunulmazlığına hörmət edən və Dağlıq Qarabağın Azərbaycan Respublikasının tərkib hissəsi kimi birmənalı şəkildə tanınmasını əks etdirən sənədlər və qərarlar üzərində heç bir təsirə malik deyil”.

Azərbyacan nümayəndə heyətinin yaydığı bu bəyanatın əhəmiyyətini necə qiymətləndirmək olar?

Ekspert Elşən Mustafayevin sözlərinə görə, bununla Ermənistan nə qədər saxtakar olduğunu bir daha sübut etmiş oldu: “Həmin sənədlə mən də tanışam. Doğrudan da bibarıcı bir mənzərə ortaya çıxdı. Ermənilər ATƏT-də olan prosedur boşluğundan istifadə edərək belə bir saxtakarlığa imza atdılar. Onlar öz maraqlarına uyğun olan “donos” tipli məlumatları ATƏT-ə göndərib və həmin məlumat qurum tərəfindən məzmunu dəyişdirilmədən təqdim edilib. Sonra Ermənistan mətbuatı  öz yazdıqları mətni ATƏT-in rəsmi sənədi kimi cəmiyyətə təqdim edib. Bilirsiniz, ATƏT elə bilir ki, ora üzv olan ölkələrin hamısı normaldır, ona görə də belə prosedur qoyub. Onların ağlına gəlməz ki, hansısa ölkə utanmadan saxtakarlıq etsin. Bunun bir izahı var, Ermənistanda dövlət adlı bir təsisat formal fəaliyyət göstərir. Əslində isə orada bir qrup hərbi cinayətkar dövləti zəbt edib. ATƏT üçün bu daha bir siqnal olmalıdır. Çünki münaqişənin həllində vasitəçilik edən bu qurum uzun illərdir heç bir irəliləyişə imza atmayıb. Bunun da başlıca səbəbi Ermənistanın analoji davranışları ilə bağlıdır.Azərbaycan nümayəndə heyətinin bəyanatında qeyd edilir ki, analoji hallarla bağlı dəfələrlə ATƏT-in əlaqədar qurumlarını məlumatlandırıblar. Yaranmış mənzərə ATƏT-dən üzv olan ölkələr üçün yeni yanaşmanın ortaya qoyulmasını tələb edir. Ermənistanın bu hərəkəti kifayət edir ki, onun üzv ölkə kimi göndərdiyi sənədlər xüsusi senzuradan keçsin. Hər halda, həmin qeyri-dəqiq və cinayət məzmunlu məlumatların bu qurumun adından yayılması ilk növbədə ATƏT-in özünü narahat etməlidir. Verilən bəyanatın məzmunundan görünür ki, bu, ilk belə hal deyil. Bu baxımdan da ATƏT Ermənistanla bağlı yazışmalara xüsusi qayda tətbiq etməlidir”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər