21/06/2018 19:41
728 x 90

Avroparlamentin Azərbaycanda seçki müşahidəsindən imtinası obyektiv əsası olmayan qərar kimi qiymətləndirildi...

“Avropa Parlamentinin bu yanaşması obyektiv deyil, qərəzlidir”

img

Fikrət Sadıqov: “Azərbaycana seçkiləri izləmək üçün çoxsaylı beynəlxalq təşkilatın nümayəndələri gələcək”

 

Məlum olduğu kimi, Avropa Parlamenti Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etməkdən imtina edib. Bununla bağlı Avropa Parlamentinin Demokratiyaya dəstək və seçki koordinasiya qrupunun həmsədrləri Makallister və Makavanın yaydığı bəyanatda deyilir: “AP-nin heç bir üzvünə seçkiləri müşahidə etmək və seçki prosesini şərh etməklə bağlı mandat verilməyib. Buna görə də AP-nin hər hansı üzvü seçkiləri müşahidə edərsə, bunu öz təşəbbüsü ilə etmiş olacaq və bu halda o, AP-nin adından danışmamalı və ya fəaliyyət göstərməməlidir”.

Avropa Parlamentinin belə bir qərar verməsinin heç bir əsası yoxdur və sırf subyektivliyə söykənir. Məsələ ondadır ki, aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərini bir sıra beynəlxalq təşkilat, o cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu müşahidə edəcək. Bu bir daha onu göstərir ki, AP sözügedən məsələyə subyektiv yanaşaraq belə bir qərar verib. O baxımdan qurumun qərarı reallığa uyğun deyil. Çünki seçki demokratik prinsiplərə zidd olsaydı, o zaman bir neçə beynəlxalq qurum seçkini maşahidə etməklə bağlı qərar verməzdilər. Ona görə də nə məntiqi, nə də digər baxımdan AP-nin məlum qərarı anlaşılan deyil. Azərbaycan müstəqillikdən üzü bəri bu sahədə təcrübə əldə edib. Seçki qanunvericiliyi zaman-zaman təkmilləşdirilib. Bunu beynəlxalq müşahidəçilər də görür və qiymətləndirirlər. O da məlumdur ki, Azərbaycanda demokratiyanın vəziyyəti, hər halda, Avropa Parlamentinin xüsusi bir nəvazişlə yanaşdığı Ermənistandakından qətiyyən geri deyil. Azərbaycanda söz, informasiya, üstəlik, ifadə azadlığı da var. Əhalisinin 70-80 faizinin heç bir məhdudiyyət olmadan internet istifadəçisi olduğu bir ölkədə seçkiləri müşahidə etməkdən imtina heç bir məntiqə uyğun deyil.

Onu da əlavə edək ki, ötən illərdə Avroparlament Azərbaycanla bağlı bir neçə dəfə mübahisəli, hətta öz deputatlarının az qala yarısının etirazı ilə qarşılanan qərar verib. Hazırkı qərarı bu səbəbdən ənənəvi qərəzli yanaşmanın daha bir davamı kimi də qarşılayanlar var.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun fikrincə, Avropa Parlamentinin məlum qərarı əsassızdır. O bunu bir sıra arqumentlərlə əsaslandırdı: “Əvvəla Avropa Parlamentinin məlum qərarı tamamilə əsassızdır. Baxmayaraq ki, biz onları heç dəvət də etməmişik. O cümlədən, onlardan hansısa xahiş də etməmişik. Azərbaycan bəyan edib ki, istənilən beynəlxalq təşkilat seçkini müşahidə etmək istəyirsə, buyurub gələ bilər. Yoxsa Avropa Parlamenti təmsilçilərinin bura gəlib müşahidəçi qismində iştirak etməsi bizim üçün heç bir əhəmiyyət daşımır. İstəyirlər gəlsinlər, istəyirlər heç gəlməsinlər. Onlar bizə minnət qoya bilməzlər. Azərbaycana seçkiləri izləmək üçün çoxsaylı beynəlxalq təşkilatın nümayəndələri gələcək. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və digər beynəlxalq təşkilatlar keçiriləcək prezident seçkilərini müşahidə edəcəklər. Bununla yanaşı, ayrı-ayrı təşkilatların və dövlətlərin müşahidəçiləri də prosesdə iştirak edəcəklər. Necə olur ki, sözügedən beynəlxalq təşkilatların təmsilçiləri keçiriləcək seçkiləri müşahidə etməklə bağlı qərar verir, amma Avropa Parlamenti bundan imtina edir?! Deməli, Avropa Parlamentinin bu yanaşması obyektiv deyil, qərəzlidir. Ona görə ki, qurumun belə qərar verməsi hansısa məntiqə əsaslanmır. Hesab edirəm ki, özünə hörmət edən beynəlxalq təşkilat bu cür qərarlar qəbul etməməlidir. Çünki belə qərarlar təşkilata hörmət gətirmir, əksinə, qurumu hörmətdən salır. Belədə Azərbaycan kimisə məcbur etmir gəlib seçkiləri müşahidə etsin. Azərbaycan seçkini uğurla keçirəcək”.

Vidadi ORDAHALLI 

Son xəbərlər