23/09/2018 20:59
728 x 90

Radikal müxalifətin dönməz hala keçən tənəzzül prosesinin istiqamət və təzahürləri...

img

Məhərrəm Zülfüqarlı: “Liderlərin populist, yeknəsək çıxışları radikal müxalifət düşərgəsini tənəzzülə uğradıb”
Seyid Camal Əzimbəyli: “On illərdir Azərbaycanda müxalifət adına iddia edən, müxalifət lideri olduğunu isbat etməyə çalışan biriləri...

 

Son beş ildə radikal müxalifət düşərgəsində yaşanan tənəzzül açıq formada özünü göstərməkdədir. Bu düşərgənin bütün sferalarında bir tükənmə, sabaha inamsızlıq tendensiyası yaşanır. Xüsusən də illərdir bu düşərgəyə rəhbərlik edən liderlərə ümumiyyətlə inam qalmayıb. Çünki populist və reallığa uyğun olmayan şüarlarla çıxış etmələri cəmiyyətdə ikrah hissi ilə qarşılanır. Onların müxtəlif formada öz statuslarını dəyişməsi belə, radixal müxalif düşərgədə yaşanan tənəzzülün qarşısını ala bilməyib. Bunun da müxtəlif formaları var.

Məsələ ondadır ki, ötən müddət ərzində radikal müxalifətin tez-tez müxtəlif adlar altında guya birlik görüntüsü yaratmaq cəhdləri həmişə iflasa uğrayıb. Çünki adlarını dəyişsələr də, nəticəni dəyişə bilmirlər. Müxalifət liderlərinin ambisiyaları, mənəm-mənəmlik iddiası, bir-birinə güzəştə getməməsi onsuz da onların arasında illərdir mövcud olan uçurumu bir az da dərinləşdirib. Cəmiyyət də bütün bunları görür və o üzdən, radikal müxalifəti dəstəkləmir.

Ən başlıca məsələ ondan ibarətdir ki, radikal müxalifət liderləri geyimlərini, avtomobillərini, yaşayış tərzlərini xarici qrantlar hesabına yeniləsələr də, siyasi düşüncələrini, bununla bağlı təfəkkürlərini dəyişməyiblər. Bu üzdən, hər seçkidə biabırcasına məğlubiyyətə uğrayırlar. Belə ki, 20 ildən çoxdur siyasətlə məşğul olduqları halda, dünya təcrübəsindən yararlanmayan, siyasi cəhətdən inkişafı rədd edən müxalifyönümlülər başa düşmürlər ki, zaman dəyişib. Reallıq ondan ibarətdir ki, hazırda seçicilərin əksəriyyəti radikal müxalifətin mövcudluğuna şübhə ilə yanaşır. Hətta radikal müxalifətin virtual aləmdə fəaliyyət göstərən media qurumlarının keçirdikləri sorğularda belə, ölkə əhalisi müxalifətin mövcudluğuna inanmır, onların öndə gedənlərini tanımırlar. Çünki radikal müxalifət təmsilçiləri hələ də 80-ci illərin sonlarında, 90-cı illərin əvvəllərində keçirilən mitinqlərin təsirindən ayrıla bilmirlər. Halbuki, o vaxt mitinqlərin irimiqyaslı keçməsinin kökündə Qarabağ və müstəqillik faktoru dayanırdı. İndi reallıqlar tamam başqadır və cəmiyyət bütün bunları görür. Keçirilən aksiyalarda elə primitiv, elə naşı və bayağı sözlər deyirlər ki, hətta orta savadlı adama da maraqlı və inandırıcı görünmür. İnsanlar görürlər ki, bir sıra sahələrdə ölkədə konkret iş görülür və davamlı hal alıb. Nə qədər reallığa uyğun olmayan populist vədlər vermək olar?! Radikal müxalifət liderləri belə vədlər verə-verə həm fiziki, həm də mənəvi baxımdan yorulublar. Bu da onların, praktiki olaraq, siyasi arenadan getmələrinə, daha dəqiq desək, düşərgənin tənəzzülə uğramasına gətirib çıxarıb.

Məsələyə münasibət bildirən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlı radikal müxalifət düşərgəsində son 5 ildə yaşanan tənəzzülü bir sıra faktorlarla əlaqələndirdi: “Adətən inkişaf etmiş ölkələrdə siyasi partiyalar xalqdan dəstək alırlar və öz üzvlərinin, tərəfdarlarının köməyi ilə inkişaf edirlər. Azərbaycanda isə radikal düşərgədə olan müxalifət xalqdan dəstək almadığına görə, bəzi mərkəzlərin təsiri altında fəaliyyət göstərdiyi və onların sifarişlərini həyata keçirdiyi üçün tənəzzülə doğru gedir. O üzdən, onların ölkə daxilində siyasi dayaqları yoxdur. İstərdim ki, gələcəkdə bu mövqedən çıxış edən partiyalar siyasi platformalarına yenidən baxsınlar. Liderlərin populist, yeknəsək çıxışları radikal müxalifət düşərgəsini tənəzzülə uğradıb. Müşahidələr göstərir ki, bu kimi səbəblərdən cəmiyyətdə onların sosial dayaqları tamamilə tükənib. Mövcud reallıq bundan ibarətdir”.

Şərqşünas Seyid Camal Əzimbəyli hesab edir ki, radikal müxalifət liderləri yeniliyə meylli olmadıqları üçün, bu cür acınacaqlı durumla üzləşiblər: “Ümumilikdə, siyasi proseslərin içində olan bir inanc, fikir adamı olaraq hesab edirəm ki, hər bir cəmiyyətdə sağlam müxalifətin olması təqdir olunasıdır. Hər bir ölkənin dövlətçiliyinin bütövlüyündə müxalifətin olması alqışlanasıdır. Ancaq on illərdir Azərbaycanda müxalifət adına iddia edən, müxalifət lideri olduğunu isbat etməyə çalışan biriləri ölkədə müxalifətçilik adına ən pis nələr varsa, onları hər gün gündəmə daşımağa israrlıdırlar. Bununla yanaşı, həm də azad fikirli, düşüncəli insanların müxalifət düşüncəsi ilə hərəkət etməsinə belə əngəl olurlar. O baxımdan da onlar xalq tərəfindən dəstəklənmirlər. Onların səsləndirdikləri çağırışları dinləmək belə istəmirlər. Çünki radikal müxalifət liderlərinə, bu düşərgəyə inam çoxdan itib. Bütün dəyərləri itirmiş düşərgə nəyəsə nail ola bilməyəcək. İstəsək də, istəməsək də, bu belədir. Çünki zaman-zaman müxalifətdə olmuş, sonra isə yorulmuş və yaxud da seçimini fərqli düşərgəyə edənləri məhz müxalifət təmsilçiləri şantaj ediblər.O baxımdan azad düşüncəli insanların radikal müxalifət düşərgəsinə inamı qalmayıb. İnam qalmadığı üçün də son beş ildə radikal düşərgə tənəzzülə uğrayıb. Bir sıra liderlər biabırçı formada siyasi arenanı tərk ediblər və s.”.

Vidadi ORDAHALLI  

Son xəbərlər