23/09/2018 20:55
728 x 90

190 illik Türkmənçay müqaviləsinə ümumermənistan sevgisinin sirləri...

“Bunu öz dövlətçilik tarixlərilə bağlamaları ən gözəl etiraf formasıdır”

img

Məhərrəm Zülfüqarlı: “Özləri sübut edirlər ki, həmin müqavilədən sonra ermənilər bölgəyə köçürülüb və Rusiyanın dəstəyilə tarixi Azərbaycan torpaqlarında özlərinə dövlət qurublar”

 

Ermənistan mətbuatında dərc edilən məqalələrin ruhundan hiss olunur ki, onlar Türkmənçay sülh müqaviləsinin 190 illiyinə xüsusi təmtəraqla hazırlaşırlar. Hətta bildirirlər ki, Ermənistan dövlətçiliyinin əsası məhz həmin müqavilədən sonra qoyulub. Belə bir açıqlama ilə Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun rəhbəri çıxış edib.

Onun sözlərinə görə, sözügedən müqavilə erməni xalqının bir araya gəlməsi və dünyadakı proseslərə qatılmasında müstəsna rola malik olub: “Müqavilənin digər vacib aspekti isə onun böyük geopolitik məna kəsb etməsidir”. Erməni alim bildirib ki, iki əsr bundan əvvəl əsası qoyulan reallıqlar bu günün də tələblərinə tam cavab verir: “Həmin vaxt Rusiya ilə İran arasında çəkilən sərhəd bu gün də aktuallığını saxlayır. Hazırda İranla Ermənistan arasında olan sərhədi də Rusiya ilə İran arasındakı təsir zonasının konturu kimi qeyd edə bilərik. Çünki Rusiya bu regionda bir vasitəçilik missiyasını həyata keçirir. Türkmənçay sülh müqaviləsinin imzalanmasında ən vacib rollardan birini də görkəmli rus diplomatı Qriboyedov oynayıb. Onun simasında rus ziyalıları erməni millətinin tarixində əhəmiyyətli rol oynamış olublar”.

Qeyd edək ki, bu fikirlər “Türkmənçay müqaviləsi-190 il: tarix və müasirlik” adlı elmi-praktik konfransın gedişində sələnib. Tədbirin təşkilatçısı İrəvandakı “Rus elm və mədəniyət mərkəzi”,  Moskva Dövlət Universitetinin İrəvan filialı və daha iki qeyri-hökumət təşkilatı olub.

Ermənistanın bu tarixdən cuşa gəlməsinin başlıca səbəbi nədir və onların “dövlətçilik” tarixində həmin müqavilənin nə kimi rolu olub?

Tarix üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı qəzetimizə bildirdi ki, tarixdə dövləti olmayan, köçəri yaşayan xalqalrdan biri də ermənilərdir: “Onların heç vaxt dövlətçiliyi olmayıb. Hazırda olan isə Rusiyanın əlində marionetə çevrilən bir təsisatdır. Ona heç dövlət demək də olmaz. Ancaq nə edək ki, rəsmiyyətdə belə qeyd edilir. Əslində, Ermənistandan səslənən bu iddia bizim xeyrimizədir. Bu bir daha sübut edir ki, ermənilər bu bölgənin aborigen xalqı olmayıb. Biz uzun illərdir bu faktı elmi dəlillərlə sübut etməyə çalışırıq, ancaq onlar bəzi reallıqları qəbul etmək istəmirdilər. Ermənistanın tanınmış alimlərindən biri belə etirafı edirsə, biz bundan istifadə etməliyik. Türkmənçay sülh müqaviləsi bizim üçün faciədir. Həmin müqaviləyə görə, Azərbaycan iki yerə parçalanıb. Ermənistanın bir sevinci bununla bağlıdır. Ancaq bunu öz dövlətçilik tarixlərilə bağlamaları ən gözəl etiraf formasıdır. Özləri sübut edirlər ki, həmin müqavilədən sonra ermənilər bölgəyə köçürülüb və Rusiyanın dəstəyilə tarixi Azərbaycan torpaqlarında özlərinə dövlət qurublar. Bəli, tarixi faktlar da deyir ki, ermənilər həmin müqavilədən sonra bu regiona İrandan köçürülüblər. Demək ki, Azərbaycanın Ermənistan dövlətinin tarixdə olmaması ilə bağlı işlətdiyi fikirlər tamamilə doğrudur və bunu erməni alimlərinin özləri də təsdiqləmiş olurlar. Ancaq hesab edirəm ki, onların bu sevincləri çox çəkməyəcək. Azərbaycan öz tarixi torpaqlarını nəyin bahasına olursa-olsun, geri alacaq.  Təsadüfi deyil ki, ölkə başçımız da dəfələrlə belə bəyanatlar səsləndirərək qeyd edib ki, biz müvəqqəti olaraq Ermənistanın əlində saxladığı tarixi torpaqlarımıza mütləq qayıdacağıq”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər