25/06/2018 17:45
728 x 90

Ehtimal olunan müharibədə Qarabağ adı altında Ermənistana dəstək - KTMT rəsmisinin bəyanatında ikibaşlı mətləb...

“Bu məsələdə KTMT millət məfhumundan çıxış edə bilməz”

img

Daşdəmir Əliyev: “Biz həmin qurum adından belə ziddiyyətli bəyanatları çox eşitmişik”

 

KTMT-nin birləşmiş qərargahının rəisi, general-polkovnik Anatoli Sidorov bildirib ki, Qarabağda hərbi əməliyyatlar başlasa, KTMT hərbi bloku erməni tərəfinə kömək göstərməyəcək. “KTMT üzvü olan ölkələr üçün başlıca hərbi təhdidlər” mövzusunda keçirilən telekörpü zamanı general bildirib ki, qondarma “DQR” bu bloka üzv deyil. KTMT kollektiv müdafiə barədə müqaviləni Ermənistanla bağlayıb və deməli ancaq İrəvan qarşısında konkret öhdəlikləri var: “Ermənistan vətəndaşları əmin ola bilərlər ki, zərurət yaransa, KTMT onları darda qoymayacaq”.

General Sidorov qeyd edib ki, Ermənistanla Azərbaycan arasında situasiya kifayət qədər gərgindir, amma o dərəcədə gərgin deyil ki, iki ölkə bir-birinin “paytaxtını tutmağa başlasın”. O, vaxtilə hər iki ölkənin “böyük sovet ailəsinin üzvü olduğunu, sülh və qarşılıqlı hörmət şəraitində yaşadığını” da xatırladıb.

General-polkovnik nəzərə çatdırıb ki, KTMT bloka üzv olan bu və ya digər ölkənin cəlb olunduğu hərbi münaqişəyə qarışmaq səlahiyyətinə malik deyil. Bunun üçün kömək barədə müraciət olmalıdır. NATO isə üzv ölkələrdən müraciət gözləmədən onlara hərbi dəstək verir. Sidorovun sözlərinə görə, bu heç də korrekt deyil və NATO üzvü olan ölkələrin suverenliyini pozur.

Əslində, KTMT adından danışan generalın açıqlamasında olduqca ziddiyyətli məqamlar var. Çünki o, bir tərəfdən deyir ki, KTMT Dağlıq Qarabağ münaqişəsinə qarışa bilməz, digər tərəfdən isə qeyd edir ki, erməni xalqı müraciət etsə, onları darda qoymayacaqlar. Məntiqlə ermənilər onları Qarabağa da çağıra bilərlər. Bu ziddiyyətli mövqeni necə şərh etmək olar?

Ekspert Daşdəmir Əliyevin sözlərinə görə, KTMT rəsmisinin bəyanatındakı notlarda doğrudan da anlaşılmazlıq var: “Biz həmin qurum adından belə ziddiyyətli bəyanatları çox eşitmişik. Bu məsələdə KTMT millət məfhumundan çıxış edə bilməz. Çünki müqaviləyə konkret ölkə daxildir, xalq, millət yox. Onda belə başa düşmək olar ki, başqa ölkələrdə də yaşayan ermənilər onlara müraciət etsə, onda KTMT onları darda qoymayacaq? Çox bəsit və qanunlara uyğun gəlməyən yanaşmadır. Bu cür hallarla bağlı beynəlxalq qanunvericiliyin də tələbləri var.

BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, kollektiv müdafiə hüququna əsasən, KTMT iştirakçı dövlətin özünə qarşı təcavüz aktı zamanı (indiki məqamda Ermənistana qarşı) hərbi də daxil olmaqla, zəruri kömək göstərmək hüququna malikdir. Lakin bunun Dağlıq Qarabağa nə aidiyyəti var?

Dağlıq Qarabağ ətrafında hadisələrin inkişafının hərbi ssenariləri Azərbaycanın Ermənistana hücum etməsi ehtimalını yaratmır. Görəsən bu gün dünyada heç olmasa bir dövlət varmı ki, Dağlıq Qarabağın de-yure Azərbaycana məxsus ərazi olduğuna şübhə etsin? Bu faktı şəxsi maraqlara uyğun şərh etmək mümkün deyil. Belə ki, dünyada elə bir dövlət yoxdur ki, Dağlıq Qarabağın müstəqilliyini tanısın və Azərbaycanın ərazi bütövlüyünü şübhə altına salsın. KTMT generalının bəyanatına baxmayaraq, Ermənistanın KTMT-yə daxil olması heç cür zəmanət vermir ki, təşkilatın üzvləri Azərbaycanın Dağlıq Qarabağa hərbi müdaxiləsi zamanı İrəvanın köməyinə çatacaqlar. Hüquqi cəhətdən KTMT-nin buna haqqı yoxdur, axı Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir və heç bir şəkildə KTMT-də iştirakçı dövlətlərin heç birinə aidiyyəti yoxdur. Bakı isə təşkilatın digər üzv ölkələrinin müdafiə edə biləcəyi KTMT-nin üzvü olan Ermənistana müharibə elan etməyə hazırlaşmır.

Yeri gəlmişkən, hətta Ermənistanın Dağlıq Qarabağın müdafiəsinə görə üzərinə götürdüyü öhdəliklərin də bu günə qədər heç bir beynəlxalq təsdiqi yoxdur. KTMT Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu qeyd etməklə, Dağlıq Qarabağ münaqişəsi zonasında hətta sülhməramlı əməliyyatlarda öz iştirak ehtimalını dəfələrlə təkzib edib. Bu baxımdan da generalın erməni xalqına verdiyi vədin reallaşması mümkün deyil”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər