25/06/2018 17:49
728 x 90

Ordunun işğalçılıq və təcavüzkarlıq missiyası Ermənistan üçün getdikcə daha ağır problemə çevrilir

img

Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasından Ermənistanda ən çox zərər görən tərəflərdən biri işğlçı ölkənin ordusudur. Məhz bu münaqişə fonunda hər il onlarla erməni hərbçisinin həyatına son qoyulur, eyni zamanda düşmən tərəf çoxsaylı itkilərə məruz qalır. Özü də bütün bunlar hansısa ciddi hərbi əməliyyatların yoxluğu fonunda baş verir.

Bu mənada hesab edilir ki, cəbhədə hərbi əməliyyatlar yenilənəcəyi halda, 2016-cı ilin aprelində olduğu kimi, erməni tərəfi yenə çoxsaylı itkilərə məruz qalacaq.  Elə bu səbəbdəndir ki, Azərbaycan ordusunun gücünü bilən işğalçı Ermənistan ordusu daim qorxu içindədir. Bunu düşmən ölkənin hərbçiləri, hərbi ekspertləri də çıxışlarında dəfələrlə etiraf ediblər. Onlar bildiriblər ki, Azərbaycan Silahlı Qüvvələri hərbi potensialına görə Ermənistan ordusundan qat-qat güclüdür.

Digər tərəfdən nizam-intizam məsələsinə görə də ordular arasında fərq çox böyükdür. Ermənistan ordusundakı qanunsuzluqlar, özbaşınalıqlar hərbçilər arasında daha çox  itkilərə səbəb olur. Bu itkilər əksər hallarda təmas xəttində deyil, qeyri-döyüş şəraitində baş verir. Nizamnamədənkənar münasibətlər səbəbindən düşmən ordusunda ölüm halları, intiharlar daim artır. Bunlar hamısı onu göstərir ki, Azərbaycan ordusu mənəvi-psixoloji cəhətdən də düşməndən qat-qat güclüdür. Təbii ki, bütün bunlar cəbhədə ümumi vəziyyətə də öz təsirini göstərir.

Daha bir maraqlı məqam orduya, şəxsi heyətə münasibətlə bağlıdır. Erməni mediası bu xüsusda Azərbaycandan çox geri qaldıqlarını etiraf edir. Məsələn, «Jamanak» qəzeti yazır ki, rəhbərlik erməni ordusunun şəxsi heyətinə qətiyyən insani münasibət bəsləmir, orduya da sadəcə, gəlir mənbəyi kimi yanaşılır. Bunu təsdiq edən hal kimi qəzet ordudan müxtəlif səbəblərdən vaxtından əvvəl tərxis edilənlərə Ermənistan Müdafiə Nazirliyinin münasibətini göstərir. Ümumiyyətlə, düşmən ölkədə əhalinin ən çox narahatlığına səbəb olan hallardan biri də Ermənistan Müdafiə Nazirliyinin müxtəlif səbəblərdən yaralanan və əlil olan hərbçilərə biganəliyidir. Belə hallarla bağlı mətbuata müraciət edən, şikayət məktubları yazan, aylarla nazirliyin rəhbər işçilərinin qapılarında boynubükük gözləyən valideynlərin sayı yüzlərlədir. Sağlamlığını itirən və aylarla xəstəxanalarda süründürməçiliyə məruz qalan ermənistanlı ailələrin imdadına yetən, dərdinə əlac edən yoxdur. Ermənistan Müdafiə Nazirliyi yaralanan bir çox hərbçilərin müalicə və bərpasına vəsait ayırmaqdan qəti şəkildə imtina edir. Onu da qeyd edək ki, bəzi erməni komandirlər baş vermiş cinayətləri, hərbi hissədə olan ölüm faktlarını bədbəxt hadisə kimi sənədləşdirməklə özlərini cinayət məsuliyyətindən yayındırır. Bu isə hadisələr zamanı xəsarət alan hərbi qulluqçuların və onların ailə üzvlərinin avtomatik sığorta pulları, kompensasiyalar, yardımlar və yaxud digər müavinətlər almaq imkanlarının üzərindən birdəfəlik xətt çəkir. Elə Ermənistanda ciddi narazılıq predmetlərindən birini də məhz bu məqam təşkil edir.

Təbii ki, qeyd olunan bütün bu neqativ hallar Ermənistan cəmiyyətində və hərbçi ailələrində ordu rəhbərliyinə etirazların çoxalmasına səbəb olur. Etirazlar, xüsusən işğal olunmuş Azərbaycan ərazilərinə göndərilən erməni hərbçiləri ilə bağlı özünü daha qabarıq şəkildə göstərir. Çünki işğal olunmuş Azərbaycan torpaqlarında yerləşdirilən hərbi hissələrdə vəziyyət o dərəcədə acınacaqlıdır ki, Müdafiə Nazirliyi və hissə komandirləri hər vəchlə valideynləri əsgərlərdən, onların xidmət yerlərindən maksimum təcrid etməyə çalışır. Bunlar fonunda da, görülən qəti tədbirlərə baxmayaraq, işğalçı orduda mövcud olan qanunsuzluqlara qarşı Ermənistan ictimaiyyətində narazılıqlar və xidmətdən yayınma halları artmaqda davam edir. Narazılıqları artıran əsas məqam həm də erməni ordusunun sürətlə artan itkiləridir.

Qeyd edək ki, təkcə ötən il erməni ordusunda rəsmi məlumatlar əsasında 59 hərbçinin həyatını itirdiyi üzə çıxıb. Dövr ərzində qeydə alınan 59 ölüm hadisəsindən 39-u müddətli xidmət hərbi qulluqçularla bağlı olub. 55 hadisə haqqında rəsmi məlumat verilib, 4 hadisə barədə yalnız kütləvi informasiya vasitələri ilə məlumat yayılıb. Bu müddət ərzində baş verən hadisələrin böyük hissəsi, yəni 36 hadisə işğal altında olan Dağlıq Qarabağ ərazisindəki qanunsuz hərbi birləşmələrin tərkibində baş verib. Xatırladaq  ki, Azərbaycan Müdafiə Nazirliyi dəfələrlə Ermənistan silahlı bölmələrində qeydə alınan itkilərin açıqlanan rəsmi rəqəmlərdən daha çox olduğunu bəyan edib. Nazirlik bildirib ki, Ermənistan hərbi rəhbərliyi silahlı qüvvələrdə baş verən çoxsaylı itkini əhalidən gizlədir. Bu mənada hesab olunur ki, ötən il üçün erməni ordusunda itkilərin sayı, əslində, yuxarıda qeyd olunan rəqəmi ən azı iki dəfə üstələyir.  Elə bu il üçün də erməni ordusu ilə bağlı vəziyyət nikbin deyil. İl başlayandan fevralın 22-dək Ermənistan Silahlı Qüvvələrinin 9 hərbçisi işğal altında saxlanan Dağlıq Qarabağ bölgəsində naməlum şəraitdə ölüb. 

Qeyd edək ki, fevralın 22-də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində Ermənistan Silahlı Qüvvələrinin daha bir əsgəri, 1998-ci il təvəllüdlü Qrigor Yeqoyan müəmmalı şəkildə ölüb. Şəxsi heyətlə təminat sarıdan ciddi problem yaşayan erməni ordusunda bu itkilər düşməni daha zəif duruma salır. Artıq məlumdur ki, Ermənistanda hazırda müşahidə olunan demoqrafik problem yaxın tezlikdə orduya çağırmağa əsgər tapılmasını ciddi sual altında qoyur. Qeyd edək ki, rəsmi məlumatlara görə, hazırda Ermənistan əhalisinin sayı 3 milyondan bir qədər azdır. Reallıqda isə ölkədə iki milyondan da az adam yaşayır.  Digər tərəfdən, erməni demoqrafların fikrincə, müstəqillik illərində Ermənistan qocalan millət ölkəsinə çevrilib, çünki yaşı 63-dən çox olan ölkə sakinlərinin sayı əhalinin ümumi sayının 12,6 faizi qədərdir. Demoqrafların hesablamalarına görə, yaxın tezlikdə  Ermənistanda yaşı 65-ə çatmış sakinlərin sayı əhalinin ümumi sayının 25-27 faizi qədər olacaq. “Sosiometr” Sosial Araşdırmalar Mərkəzinin direktoru Aqaron Adibekyan isə qalan əhalinin də ağır vəziyyət üzündən köç etməyə hazırlaşdığını bildirir. Bu durumda o, ordunun şəxsi heyət sarıdan daha böyük problemlərlə üzləşəcəyini də xüsusi olaraq vurğulayır. Digər tərəfdən yüzlərlə erməni gənc işğalçı ölkənin ordusunda xidmət aparmaqdan boyun qaçırır. Hazırda Ermənistanda nəinki gənc nəsil orduda xidmətdən imtina edir, hətta orduda xidmət edənlər belə müxtəlif vasitələrlə, məsələn, sağlamlığına qəsdən xətər yetirmə, hərbi hissə ərazisini qanunsuz tərk etmə, intihara cəhd və digər yollarla ordudan qaçmağa çalışır. Məzuniyyətə buraxılan əsgər və zabitlər də xidməti hissələrə qayıtmaq istəmir. Bu xüsusda erməni vəkil Norayr Norikyan çox maraqlı bir açıqlama verib: “Çox təəssüf ki, indi təkcə sıravi əsgərlər yox, zabitlərin də böyük əksəriyyəti bu gün Ermənistanı tərk etmək niyyətindədir. Bu bizim ümumi bəlamızdır və ordunun problemidir. Erməni ordusunun zabiti öz ailəsini saxlamaq iqtidarında deyil və ailəsini saxlamaq üçün xaricə getməyə çıxış yolları axtarır. Bu yalnız Müdafiə Nazirliyinin problemi deyil, bu, dövlətin strateji problemidir və dövlət bu sahədə əsaslı dəyişikliklər etməyə borcludur. Elə şərait yaradılmalıdır ki, erməni ordusunun zabiti özbaşına xidməti tərk etməsin. Amma bu olmadığından, ordunun zabit heyəti ilə də bağlı ciddi problemlər özünü açıq büruzə verir”.

Məlumat üçün bildirək ki, Ermənistanda həqiqi hərbi xidmətə çağrış yaşı 18-27, orduda xidmət müddəti isə 2 ildir. Hərbi xidmətə çağırış ildə iki dəfə olmaqla 6 aydan bir həyata keçirilir. Erməni mediasında yer alan məlumatlara görə, 2004-cü ildən başlayaraq, demək olar ki, hər il Ermənistanda çağırış zamanı hərbi hissələrin çağırışçılarla tam şəkildə komplektləşdirilməməsi ciddi problem olaraq ortaya çıxır. Nəticə etibarı ilə hərbi xidmətdən tərxis olunanların evlərinə buraxılması bəzi hallarda aylarla ləngiyir. Bununla da daha çox döyüş bölgəsində yerləşən hərbi hissələrdə xidmət edən əsgərlər üzləşir. Məhz Azərbaycanla dövlət sərhədində və işğal olunmuş Azərbaycan ərazilərində yerləşən hərbi hissələrdə bu boşluğu doldurmaq üçün Ermənistanın hərbi rəhbərliyi və separatçı rejim mülki əhalinin “xidmətindən” istifadə etməyə  çalışır. Bu məqsədlə yerli əhali müqavilə əsasında xidmətə cəlb olunur. Onlar ayda 15 gün ön xətdə xidmət edən hərbçiləri əvəzləyir, orduda “yarımştat” çalışırlar. 2016-cı ilin aprel döyüşləri zamanı da bu xüsusda maraqlı faktlar üzə çıxmışdı. Bu sahədə vəziyyət indi getdikcə daha gərgin xarakter alır.

Beləliklə, Ermənistanda baş verən proseslər ordunun ciddi böhran keçirdiyindən xəbər verir. Artıq hökumətin bu gedişlə hərbi xidmətə çağırmaq üçün çağrışçı  tapa biləcəyi daha böyük sual altına düşür. Nəticədə düşmən ölkənin silahlı qüvvələri say etibarı ilə ciddi böhran keçirir. Bütün bunlar erməni tərəfinə işğal faktının daha böyük zərbə vurduğunu təsdiqləyir. Sadə əhali, digər sahələrdə olduğu kimi, artıq ordu müstəvisində də Serj Sarkisyan iqtidarına etimadını tamamilə itirib. Xalq öz ordusunu xilaskar qismində görmür və övladlarını hərbi xidmətə göndərməkdən imtina edir. Artıq düşmən ölkənin rəhbərliyii də bu durumda Ermənistanın müharibə aparmaq gücündə olmadığını yaxşı anlayır. Elə bu səbəbdən düşmən tərəf üçün Qarabağ savaşının yenilənməsi ən qorxulu hal sayılır. Amma qarşı tərəf onu da yaxşı bilir ki, yaxın tezlikdə Qarabağ məsələsinin həlli üçün diplomatiu səpkidə zəruri addımlar atmasa, savaş qaçılmazdır. Savaşın nəticəsinin necə olacağını isə Ermənistan ordusunun yuxarıda təsvir edilən vəziyyəti fonunda daha əyani təsəvvür etmək olar.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

Son xəbərlər